Xaricilər Bakıda niyə maşın sürmək istəmir? – Mütəxəssis səbəbləri AÇIQLADI - VİDEO

Öyrənək 1 Sentyabr 2026 10:30
Xaricilər Bakıda niyə maşın sürmək istəmir? – Mütəxəssis səbəbləri AÇIQLADI - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda bəzi yol ayrıclarında və dairələrdə yol nişanlarının düzgün yerləşdirilməməsi sürücülər üçün ciddi çaşqınlıq yarada bilər. Xüsusilə şəhəri tanımayan xarici vətəndaşların belə vəziyyətlərdə qəza riski ilə üzləşməsi mümkündür.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu məsələyə diqqət çəkərək Bakıda xarici vətəndaşların avtomobil idarə etməkdən çəkinməsinin səbəblərindən birinin də yol nişanlarının vəziyyəti olduğunu bildirib.

Məşqçi konkret nümunə üzərindən vəziyyəti izah edib. Aqarunovun heykəlinin yerləşdiyi dairədə bəzi istiqamətlərdə dairəvi hərəkəti bildirən nişanın olmaması sürücülərdə yanlış təsəvvür yarada bilər.

“Con Bakıda maşın sürür və həmin əraziyə yaxınlaşır. Sağ tərəfə baxır, dairəvi hərəkət nişanı görmür. Sol tərəfdə də belə bir nişan yoxdur. Qarşı tərəfdə, 5 nömrəli xəstəxana istiqamətində isə nişan var. Sürücü düşünür ki, bura adi yol ayrıcıdır və hərəkətinə davam edir. Nəticədə dairədə hərəkət edən digər avtomobillə toqquşma baş verir”, – deyə Aqil Rəhimov bildirib.

Onun sözlərinə görə, eyni problem digər istiqamətdən gələn sürücü üçün də yarana bilər:

“Şəki restoranı tərəfdən gələn sürücü Aqarunovun heykəli istiqamətində hərəkət edir və dairə nişanını görmür. O da bura adi yol ayrıcı kimi qəbul edə bilər. Bu zaman soldan gələn avtomobillə toqquşma baş verə bilər. Hadisə yerinə yol polisi gəlir və tərəflərin hər birinin öz arqumenti olur. Bir sürücü deyir ki, “Mən dairə nişanı görməmişəm və adi yol ayrıcına daxil olmuşam”. Digəri isə bildirir ki, “Mən nişanı görmüşəm və dairənin içində hərəkət edirdim”. Belə vəziyyətdə məsuliyyətin müəyyənləşdirilməsi də çətinləşir”.

Aqil Rəhimov hesab edir ki, problemin əsas səbəblərindən biri təmir işləri zamanı çıxarılan yol nişanlarının sonradan əvvəlki yerinə qaytarılmamasıdır.

“Əslində burada günahkar nə Con, nə də Maykl olmalıdır. Problem nişanın vaxtında bərpa edilməməsindən yaranır. Təmir zamanı nişan çıxarılıbsa, işlər başa çatdıqdan sonra həmin nişan mütləq yerinə qoyulmalıdır. Bakı yollarını yaxşı tanıyan yerli sürücü vəziyyəti müəyyən qədər bilir. Amma şəhərə ilk dəfə gələn xarici vətəndaş bunu haradan bilməlidir? O, yalnız qarşısındakı yol nişanlarına əsasən qərar verir”, – deyə məşqçi vurğulayıb.

Yol nişanlarının tam və düzgün şəkildə quraşdırılması yalnız sürücülərin rahatlığı üçün deyil, həm də qəza risklərinin azaldılması baxımından vacibdir. Xüsusilə turistlərin və şəhəri ilk dəfə idarə edən sürücülərin yol hərəkətinin təşkilindəki bu cür uyğunsuzluqlardan maksimum qorunması üçün nişanların mütəmadi yoxlanılması və təmir işlərindən sonra bərpa olunması zəruridir.

Yol hərəkətinin təşkili sürücünün “şəhəri tanıyıb-tanımamasından” asılı olmamalıdır. Yol nişanları hər bir sürücüyə aydın və birmənalı istiqamət verməlidir.

Eltac Zülfüqaroğlu

Oxunub : 224
ŞƏRH YAZ
Ad

E-mail

Şərh