Mikroavtobus sürücüləri zolaq davasına çıxıb: Onlara icazə varmı? – VİDEO

Paytaxtda sərnişindaşıma ilə məşğul olan şəxslər fəaliyyətlərinə mane olunmasından şikayət edirlər.
Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt, eləcə də, paytaxtın qəsəbə və kəndlərinə hərəkət edən kiçikhəcmli avtobuslar, el dilində “manatlıq Fordlar” onların fəaliyyət göstərmək haqqında icazə sənədləri olduqları halda, yenə də faəliyyətləri qarşısındakı əngəllərlə bağlı narazılıqlarını bildiriblər.
Belə ki, bu cür nəqliyyat vasitələrinin sürücüləri bildirir ki, onlara Azərbaycan Yerüstü Nəqliyyat Agentiyindən verilən icazə sənədlərinin olmasına baxmayaraq, avtobus zolağında dayandıqları, hərəkət etdikləri zaman cərimələnirlər.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu problem paytaxt küçələrində avtobus zolaqlarının sayının artması ilə özünü daha qabarıq şəkildə göstərməyə başlayıb.

“Həmin sürücülər müntəzəm sərnişindaşıma ilə bağlı sənəd əldə etmirlər. Ümumi sərnişindaşıma ilə bağlı qeydiyyat sənədi əldə edirlər. İcazə də bunun əsasında verilir ki, bu şəxslər məhz ümumi sərnişindaşıma fəaliyyəti ilə məşğul ola bilsinlər. Həmin sürücülər hansısa müntəzəm sərnişindaşıma ilə məşğul olan marşrutun xəttinə girməyə başlayır. Bu isə doğru yanaşma deyil. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər var, müsabiqələr keçirilir və onlar bunun üçün qaraj hazırlayır, sürücüləri təlimlərdən keçirir, texniki və tibbi müayinələr təşkil edilir və s. Bu qədər işlər görülür və kənardan bir nəfər də gəlir ki, mən də mikroavtobusla, yaxud da “Qazel”lə sərnişin daşımaq istəyirəm. Bu adamlara icazə verilir, lakin kimsə onlara demir ki, get, avtobus zolağına gir və orada fəaliyyət göstər. Çünki avtobus zolaqları müntəzəm fəaliyyət göstərən avtobuslar üçün nəzərdə tutulan zolaqdır. Yox əgər bu şəxslər yaranan vəziyyətdən narazıdırlarsa, öz şikayətlərini qanunvericilik çərçivəsində aidiyyəti qurumlara bildirməlidir. Çünki onlar fəaliyyət göstərmək üçün icazə aldıqları zaman müəyyən vəsait xərcləyirlərsə, onlara zolaqda hərəkət üçün icazə verilməlidir. Aldığım məlumatlara görə, bu məsələ ilə bağlı polisə də dəfələrlə şikayət edilib. Hətta yazılan cərimələrin bəzilərinə xitam da verilir. Məsələnin tək çıxış yolu anlaşılmaz vəziyyətin qanunvericiliklə həllidir”.
Elməddin Muradlı onu da qeyd edib ki, bəzən hansısa müntəzəm avtobusun xəttində hansısa sınıq-salxaq “Sprinter”lər sərnişin daşıyır, dayanacaqda saxlayıb adam mindirib-düşürür. Sanki 90-cı illərin obrazını yenidən formalaşdırmağa çalışırlar. Bütün bunlar tənzimlənməlidir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Agentliyinin mətbuat katibi Tural Orucov deyib ki, avtobusla sərnişindaşıma şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

“Çünki sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Avtobuslar üçün xüsusi zolaq ayırdıqda, yolun buraxılış qabiliyyəti dəfələrlə artır. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsi hazırlanıb və yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir. Hazırda paytaxtın 24 küçə və prospektində uzunluğu 75 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir.
Zolaqların təşkili yalnız müntəzəm avtobusların və eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır”.
Qeyd edək ki, avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
Səfər
"BakuBus" avtobuslarının biabırçı qayda pozuntuları: Sürücülər zolaq tanımır - VİDEO
Siqaret kötüyünü maşından yerə atan sürücü 200 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə düzgün sürdüyünə and içiləcək sürücü yoxdur - Özbaşınalıq hökm sürür - VİDEO
Şamaxı yolunda iki dəfə qəza şəraiti yaradan sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO
Qoşa xətti saymayıb əks yola çıxan avtobus sürücüsü CƏRİMƏLƏNDİ - 77-JS-486 - VİDEO
Əks zolağa çıxan sürücü kameranı görüb hərəkətini dayandırdı - VİDEO
Toy karvanında avtoxuliqanlıq edənlər HƏBS EDİLDİ - FOTO - VİDEO
Sığorta haqlarının hesablanması ilə bağlı nələr dəyişdi? – AÇIQLAMA - VİDEO
Qırmızı işıqda əks zolağa çıxan sürücü qarşıdan gələnlərin yolunu kəsdi - VİDEO
Şəhərin mərkəzində təhlükəli manevr edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Sərxoş vəziyyətdə "Ford" sürən şəxs həbs edildi










