Banner

Azərbaycanda sərxoş sürücülərə ağır cəza təklif olundu

Yazarlar 4 Dekabr 2014 01:24 Oxunub 1896
Azərbaycanda sərxoş sürücülərə ağır cəza təklif olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputat Fəzail Ağamalı onların sürücülük hüququndan ömürlük məhrum edilməsini təklif edir

 

Ərşad Hüseynov: «Öz nüfuzu, pulu, dost-tanışı hesabına məsuliyyətdən yayına bilən yenə də bunu edəcək»

 

Hər gün qəza, hər gün ölüm. Günün fərqli vaxtlarında Azərbaycan yollarının müxtəlif məkanlardan qəza və ölüm xəbərlərini eşidirik. Yüksək sürətlə idarə edilən avtomobillər ard-arda insan  həyatına son qoyur. Demək olar ki, hər gün onlarla azərbaycanlı ailəsi qəza kabusunun qurbanına çevrilməkdədir. Müxtəlif qəzalarda  övladını, atasını, anasını  ümumiyyətlə, doğmasını itirən insanlar bir zülmət altında birləşməyə məcbur olurlar. O da ölümün qoynuna atılaraq ölmək. Son vaxtlarda qəzaların yüzdə doxsan faizi içkili sürücülərin payına düşür. Hansısa məclisdə keflənərək “dörd təkər” idarə etdiklərini “bir şüşə zəhərə” qurban verənlər sonradan çoxlarının həyatına elə “ölüm zəhəri” ilə son qoya biləcəklərini nədənsə düşünmək istəmirlər. Nəticədə baş verən yol qəzalarında hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi araşdırılarkən  avtomobilin içkili vəziyyətdə idarə edildiyi ortaya çıxır. Təbii ki, qara torpağa basdırılan “canlar” geri qayıtmır. Qəzaların sərxoş sürücülərin günahı səbəbindən baş verməsi halları azalmır, əksinə, artır. Ayağını “qaza basıb” yüksək sürətlə avtomobil idarə edən içkili sürücülər “adrenalin sevgilərini” kimlərinsə həyat eşqi və yaşamaq həvəsini yarı yolda qoymaqla əvəzləyirlər. Yol qəzasına səbəb olan sürücülərlə bağlı müxtəlif ölkələrdə müxtəlif cəzalar tətbiq olunur. İçkili vəziyyətdə sükan arxasında oturub avtomobili idarə edənlər isə daha sərt cəzalanırlar. Özləri ilə yanaşı, digərlərinin də həyatı üçün ciddi təhlükə əyi yaradan belə sürücülər Azərbaycanda da əməllərinə görə cəzasız qalmırlar. Bu günlərdə Rusiya Dövlət Dumasının bir neçə deputatı içkili vəziyyətdə avtomobil idarə edənlərin sürücülük hüququndan ömürlük məhrum edilməsini nəzərdə tutan dəyişikliyin qanunvericiliyə əlavə olunmasını təklif ediblər. Azərbaycanda belə bir qadağanın tətbiqi reallaşa bilərmi? Ana Vətən Partiyasının sədri, deputat Fəzail Agamalı modern.az-a qanunvericiliyə belə bir dəyişikliyin salınmasını zəruri hesab edir: “Avtomobili içkili vəziyyətdə idarə edənlərin sürücülük vəsiqəsindən ömürlük məhrum edilməsi təcrübəsindən Azərbaycanda  da istifadə oluna bilər. Ümumiyyətlə, sərxoş, içkili sürücülərə qarşı cəzalar sərtləşdirilməlidir. Hər gün baş verən qəzalarda insanlar həlak olurlar. Hətta bir nəfər yox, bir neçə nəfər belə qəzaların qurbanı olur. Ona görə də qəzaların qarşısını almaq üçün daha sərt cəzalar tətbiq etmək lazımdır. Bu məsələ olduqca aktualdır, bu cür neqativ hallara qarşı qətiyyətli addımlar atmaq lazımdır. Ən qətiyyətli addım isə həmin şəxslərin sürücülük vəsiqəsindən ömürlük məhrum edilmələri ola bilər. Bu, daha təsirli tədbirdir. Düşünürəm ki, sürücülərin içkili vəziyyətdə öz avtomobillərini idarə etməsi təkrarlandığı anlarda təkcə inzibati cəza deyil, eyni zamanda cinayət məsuliyyətinə cəlbetmə də tətbiq oluna bilər. Əgər Rusiyada və digər Avropa ölkələrində belə sərt cəza tətbiq olunursa, bu təcrübədən Azərbaycan da istifadə etməlidir”.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə Avtosfer.az-a deyib ki, əsas məsələ məsuliyyətin labüdlüyüdür: «Təəssüf ki, bu gün xeyli sürücü sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etsə də, məsuliyyətdən kənarda qala bilir. Belə olan halda ən ağır cəzanın da əhəmiyyəti yoxdur. Çünki öz nüfuzu, pulu, dost-tanışı hesabına məsuliyyətdən yayına bilən yenə də bunu edəcək. Əvvəlcə labüdlük təmin edilməlidir, daha sonra görsək ki, mövcud cəza səmərəsizdir, onda onu daha da sərtləşdirmək olar. Hazırda cəzanı sərtləşdirmək başqa neqativ halların ortaya çıxmasına şərait yaradar».

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh