Banner

DYP Ədalət Şükürova «hörmət» edir: «Ürəyim istədiyi kimi sürürəm»

Yazarlar 11 Dekabr 2014 21:50 Oxunub 2657
DYP Ədalət Şükürova «hörmət» edir: «Ürəyim istədiyi kimi sürürəm»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Hərdən polis əməkdaşları saxlayırlar, yüngül xətadırsa, heç bir təhlükə yaratmamışamsa, keçirlər»

“O vaxtlar bir maşın almaq üçün beş-on il pul yığmaq lazım gəlirdi. Və yüz faiz bilirdin ki, on ildən sonra yığdığın pula maşın ala biləcəksən. Həm də  “Jiquli”ydi tək seçim. Ya da digər sovet maşınları. Mənim birinci maşınım olub “Volkswagen Golf 2”. 1990-cı ildə almışdım. Otuz dörd yaşımda”.

Əməkdar artist Ədalət Şükürov deyir, bunları. İlk maşınına belə gec sahib olmağını Ə. Şükürov belə izah edir: “Marağım olmayıb”. Sürücülüyü atasından öyrənib. Hətta yeddinci sinifdə oxuyanda atasıyla birgə qaraj tikib, qarajın “yama”sını da qazıb.

90-dan sonra maşınlar bir-birini əvəzləyib. İlk maşın seçimində alman markasına üstünlük verən müğənni, sonrakı seçimi də alman keyfiyyəti olub. 91-də “Volkswagen”i “Auidi 80”lə dəyişib.

- O vaxtla Sankt-Peterburqda yaşayırdım. Hələm-hələm adamlarda “Audi 80” yoxuydu.

 

Üçüncü seçimində Şükürov Amerika markasına üstünlük verir.

 

- 93-də “Dodge İntrepid” aldım. Təptəzə. O vaxt Sankt-Peterburqda bu maşından cəmisi iki adamda vardı. Lovğalıq olsun deyə demirəm. Həqiqət beləydi. Ümumiyyətlə, hər üç ildən bir maşınları dəyişirəm. Maşın yığmıram. Hazırda 3 avtomobilim var. Biri ailəmi daşıyır, biri mənim gündəlik istifadə etməyim üçün “Jeep”di, sonuncusu da “Lotus audi” markalı idman üslublu ingilis maşınıdır. Lazım olacaq qədər maşınım var.

 

-İdman üslüblü avtomobiliniz gündəlik istifadə edirsiz?

 

- İdman üslublu avtomobillər kənardan yığcam görünsə də, onu sürmək çox çətindir. Ağırdır. Gərək onu sürməyi bacarasan. Bu tip maşınlar gündəlik sürmək üçün deyil. Komfort deyilən bir şeyi yoxdu.

 

-Gündəlik istifadə etmirsinizsə, bəs harda sürürsüz?

 

- Avtomobili ürəyim istədiyi kimi sürürəm, maşın bazarında xüsusi yer var, orda tez “test drive” edirəm. Amma trasda yox.

 

Və ancaq mənim üçün telefonunda olan bir görüntünü göstərir. Videoya baxanda heç deməzsən ki, sürən müğənnidir. Sanki Şumaxer sağalıb gəlib. Deyir ki, “Lotus audi” idman maşını 0-100 km/s sürəti 4.2 saniyəyə yığır.

 

Hər 2-3 ildən bir avtomobil dəyişdiyini deyən əməkdar artist son 14 ildə  30-a yaxın avtomobili olub. 99-da Azərbaycana gələndən isə “Mercedes E class”.  Deyəsən, Ədalət bəy alman keyfiyyətindən keçə bilmir.

 

- Dəyişikliyi modelə görə edirəm. Bizim işdə gərək maşının yaxşı, rahat və sürətli olmalıdı.

 

- Sizcə, sizin sənətdə insanlara maşınına görə hörmət qoyurlar?

 

- O təbəqəyə baxır. Mən ətrafımdakılar avtomobilə avtomobil kimi baxır. Əvvəl kişini atıyla tanıyırdılar, indi avtomobiliylə. Bir də görürsən bahalı avtomobil dayandı. İçindən elə lazımsız adam çıxdı. Onda onun maşını da gözdən düşür. Biri də sadə avtomobildən elə adam çıxır, səninlə elə hörmətlə salamlaşıb danışır ki, yaddan çıxır onun maşının qiyməti.

 

Qəzalardan danışırıq. 3-4 yüngülvariləri saymasaq ciddi qəzalar törətməyib.

 

- İki dəfə mən səbəb olmuşam, üç dəfə mənim maşınımı vurublar. Bunlardan sadəcə ikisi Azərbaycanda olub.

 

- Arzunuzdakı avtomobil?

 

- “Lamborghini”. İndi heç kimi maşınla, var-dövlətlə təəccübləndirmək çətindir. Ancaq ünsiyyətlə təəccübləndirmək olar. Gözəl avtomobillər çoxdur. Onları almaq, onlara sahib olmaq böyük xoşbəxtlikdir.

 

- O da idman stili?

 

- Elədi. Ümumiyyətlə, idman üslublu avtomobil ailədə ikinci, üçüncü olmalıdı. Baxıram uşaqlara, idman maşını alırlar, gündə də hər şeyə sürürlər.

 

- Qadınların avtomobil sürməyinə necə baxırsınız?

 

- Əla. Qadınların yaxşı avtomobil sürməsi kişilərdən asılıdır. Necə ki, biz kişilər bir məclisdə xanımlara necə hörmət ediriksə, yolda da elə etməliyik. Yoxsa, onun ətrafında fırlansaq, siqnal versək nəinki xanım, kişi də çaşar. Biz kişilər daim xanımlara hörmət eləməliyik. Xanımlar da bir daha diqqətli olmalıdır. Hərdən səhlənkar sürürlər, dönmə işarəsi vermirlər, güzgülərdən istifadə eləmirlər. Maşın sürmək üçün yaşdan vacib bacarmaqdır. Bacaran sürə bilər. Adam tanıyıram ki, on beş yaşı var, əlli yaşındakından da yaxşı sürür. Sürmək asandı. Şərt odur ki, qayda-qanunla sürəsən, yol nişanlarını biləsən. Yoxsa ki, mən avtomobil sürə bilirəm, sonra da imtahan verib vəsiqə aldım, yox. Burdan bütün sürücülərə müraciət edirəm, hərdən o kitabları açıb baxsınlar. 

- Heç yol qaydalarını pozmusunuz?

 

- Hərdən. Məclisə tələsəndə. Onda da polis əməkdaşlarımız saxlayırlar. Yüngül xətadırsa, heç bir təhlükə yaratmamışamsa, keçirlər. Ciddidirsə, cərimələyirlər. Sürətə görə, əlli manat da, yüz manat da cərimə ödədiyim olub.

 

Sonda Ədalət Şükürovun avtomobil sürücülərinə məsləhəti var. O deyir ki, sükanı 2 əlli tutmaq lazımdır.

- Sükanı bir əlli tuturlar, əyilirlər, qapıya söykənirlər. Mənim əzizlərim, sükanı iki əllə tutun. Mənə sürməyi atam öyrədib ki, oğul, sükandan iki əlli yapış. Bir barmaqla fırlatmaq, bir əllə tutmaq təhlükəlidir. Allah eləməsin, hadisə bircə dəfə olur. O məqamda sən sükanı döndərə bildin-bildin. Bilmədinsə, qəza mütləqdir. Bir də güzgülər. Sağ-sol və ortadakı güzgülərdən istifadə edin. Və çalışın gecə saatlarında avtomobil sürməyəsiniz. Vəssalam!

Avto.lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh