Banner

İmtahanlardan keçən taksi sürücülərinin SAYI AÇIQLANDI - Bu, onlara nə qazandırır?

Yazarlar 25 Yanvar 2025 19:09 Oxunub 4144
İmtahanlardan keçən taksi sürücülərinin SAYI AÇIQLANDI - Bu, onlara nə qazandırır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bildiyimiz kimi, ötən ilin avqust ayından başlayaraq taksi sürücülərinin qiymətlədirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir. İmtahanı müvəffəqiyyətlə vermiş namizədlər 7 il müddətində etibarlı olan şəhadətnamə əldə edir.

Maraqlıdır, bu günə kimi neçə nəfər bu imtahanlarda iştirak edib?

Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə taksi sürücüləri üçün imtahan keçirilməyə başlanan vaxtdan bu günə kimi 6 678 nəfər imtahanda iştirak etdiyini bildirib:

"Onlardan 5 983 nəfəri uğur qazanıb və şəhadətnamə alıb. Bu günə olan məlumata əsasən, bundan sonra, bu gün də daxil olmaqla 5 444 nəfər üçün imtahan keçirilməsi nəzərdə tutulub", - o qeyd edib.

O əlavə edib ki, bu siyahıda, rəqəmlərdə artım ola bilər:

"Çünki taksi sürücüləri üçün keçirilən imtahanlar sifariş əsasında həyata keçirilir. Sürücülər üçün təlimlər, hazırlıq kusları keçirilir və bu imtahan zamanı həmin kurslarda iştirak edən şəxslərin hazırlığının qimətləndirilməsi aparılır".

Bəs, sürücülər üçün keçirilən imtahanlar namizədlərə nə qazandırır?

Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndiyev isə qeyd edib ki, bu imtahanın keçirilməsində başlıca məqsəd ondan ibarətdir ki, taksi sürücülərinin etik davranış qaydaları ilə bağlı ümumi məlumatları olsun.

"Artıq bir müddətdir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri üçün imtahan keçirilir. Əlbəttə, bu imtahanın keçirilməsində başlıca məqsəd ondan ibarətdir ki, taksi sürücülərinin etik davranış qaydaları ilə bağlı ümumi məlumatları olsun və yaxud da məlumatları olmalıdır ki, onlar sertifikat əldə edə bilsinlər. Həmçinin yol-nəqliyyət hərəkətinin təşkili zamanı, sərnişin daşınmada sərnişinlərlə münasibət və digər psixoloji amillər məhz bu imtahan əsasında müəyyənləşdirilir. Təbii ki, imtahandan keçən namizədlərə də sertifikatlar təqdim olur", - o vurğulayıb.

Ekspert qeyd edib ki, əgər kimsə məhz taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsə, imtahandan keçməlidir:

"Yəni, kimsə qarşısına məqsəd qoyub ki, mən taksi sürəcəm, taksi istifadə edəcəm, əlbəttə ki, həmin kəslərə dövlət imkan yaradır ki, siz sertifikat alandan sonra müvafiq xidməti göstərə bilərsiniz. Sertifikat almadan olmaz. Və o zaman da təbii ki, həmin taksi sürücüləri məcburdurlar ki, öz xidmət sferalarına uyğun olaraq müəyyən qaydaları öyrənsinlər və onlara əməl etsinlər. Düşünürəm ki, bu imtahan sürücülərə ən azı psixoloji, etik davranış qaydalarını öyrədə bilir.

Məhz etik və psixoloji qaydalar üzərindən düşünsək, ən azı bunları əldə edə bilirlər. Hansı ki, həmin şəxslər sertifikat alırlar və həmçinin yol nəqliyyatı ilə bağlı təhlükəsizliyin tənzimlənməsi və təhlüksizlik qaydaları, dövlət yol nişanları və s. Bunlar haqqında ən azı informasiya sahibi olurlar. Düşünürəm ki, sürücülər müəyyən prosesləri bilmədən və ya qismən bilərək yola çıxırdılarsa, artıq sertifikatı əldə etmək üçün onlar məcburdurlar ki, müəyyən araşdırma aparsınlar, nələrsə öyrənsinlər. Nəticə etibarilə öz biliklərini bu istiqamət üzrə artırırlar. Və belə olan halda əlbəttə ki, müəyyən savad əldə etdiklərini düşünürəm. Yəni, demək olar ki, ümumi prosesin də müsbət cəhəti, müsbət tərəfi məhz bundan ibarətdir".

Qeyd edək ki, həmin imtahanlardan biri də ötən gün keçirilib. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1 563 nəfər qeydiyyatdan keçib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh