İnsanlar yoluxucu xəstəliyə tutulub, toyuq-cücə qırılır, dövlət qurumları isə yatır
İnsanlar arasında bir aydır yoluxucu xəstəlik yayılıb, Səhiyyə Nazirliyi susur və bu gün açıqlama veriblər ki, uşaqlar arasında xəstəlik yayılıb. Ay səhiyyə, nə uşaqlar? Böyüklər zülm çəkir e. Sənin hələ xəbərin yoxdur?
Nazirlik bu vəziyyətdədirsə, indi görün səhiyyə nə haldadır. Camaat bir aydır zülm çəkir, xəstəliyin adı bəli deyil, müalicə metodu yoxdur, kim nə bilir onu edir, sistem köçürdən kim, təbii üsullardan istifadə edən kim.
Mən hələ də özümə gələ bilməmişəm. 4 yaşlı qızım, xanımım da yoluxdu. Hələ də ösgürək əl çəkmir. Aşağısı 500 manat xərcləmişik iynə-dərmana. Pula görə demirəm, amma dərmanlar da təsir etmir. Hamısı zir-zibildir, keyfiyyəti aşağı salınmış dərmanlar insanlara heç bir təsir göstərmir. İqtisadiyyat Nazirliyi ölkəyə dərman gətirilməsinə daha ciddi nəzarət etməlidir.
Keçən ilin noyabr ayından toyuq-cücə arasında da xəstəlik yayılıb. Bakıda, rayonlarda ev quşları kütləvi qırılır. Şəxsən mənim həyətimdə 40-dan artıq ev quşu öldü və 1000 manatdan çox ziyana düşdüm. Mediadan izləyirəm ki, rayonlarda, kəndlərdə də eyni durumdur, adamlar zülmlə ev quşu saxlayır ki, satıb ailəsini dolandırsın, kəsib təbii ət yesin, necə olursa birdən-birə xəstəlik yayılır və hamısı qırılır. Verilən dərman-dava da təsir etmir.
Mənə bu yaxınlarda bir baytar dedi ki, Türkiyədən toyuq-cücə üçün dərman alıb gətirib satırıq. Amma necə olursa həmin dərman Türkiyədə baha, Azərbaycanda ucuzdur. Niyə? Bizim dərman satan bəzi şərəfsiz, qeyrətsiz-namussuz alverçilər gedib sifariş verəndə dərmanın tərkibindəki keyfiyyətli elementləri çıxardırlar ki, ucuz başa gəlsin. Onu da toyuq-cücəyə, mal-qaraya nə qədər verirsən təsir eləmir, qırılır. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, xaricdən mənşəyi məlum olmayan mal-qara əti gətirənlər, broyler mafiyası öz işindədir. Bizim Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi isə şirin yuxuda yatır. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə, şəxsi təsərrüfatı olanlara qarşı diqqətsiz yanaşır, maarifləndirmə yox, dəstək yox. Arada Qida Təhlükəsizliyi Agentliyi gəlib deyir ki, ölən quşların cəsədini ver aparıb analız götürək. 4 cəsədi bir aydır aparıblar, hələ də bir söz demirlər ki, görək quşlar durduq yerdə niyə qırılır. Adamlar var ki, peyvəndləri də edir, amma yenə də quşlar ölür.
Azərbaycana gətirilən dərmanların çoxu belədir, insanlar da nə qədər qəbul edirsə, sağalmırlar. Yəni ki, insanların da, heyvanların da ümidi Allaha qalıb. Dövlət qurumları yuxudan ayılsa araşdırıb görərlər nə baş verir.
Elməddin Muradlı