Banner

Nazirlik yollardakı təhlükəyə göz yumur; ağaclar nişanların qarşısını kəsir - FOTOLAR

Yazarlar 22 Oktyabr 2014 23:32 Oxunub 2179
Nazirlik yollardakı təhlükəyə göz yumur; ağaclar nişanların qarşısını kəsir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekologiya Nazirliyi DYP-nin ağacların budanması ilə bağlı müraciətinə baxmır; nazirlik payızı gözləyir

Yol hərəkəti təhlükəsizliyində yol nişanlarının rolu böyükdür. Amma paytaxt Bakıda uzun illərdir ki, yol nişanlarının ağacların budaqları və yarpaqları arasında itib-batması ciddi problem olaraq qalır. Bəzən yol nişanlarının lazımı yerlərdə quraşdırılmaması bir yana, quraşdırılan nişanların normal görünməməsi daha ciddi problemdir. Bəzən svetoforlar ağacların yarpaqları və budaqları arasında itib batır, əksər hallarda isə yol nişanları bu problemə görə sürücülər üçün çətinlik yaradır. Məsələnin həlli isə sadədir; hər il müvafiq orqanlar ağacların budaqları arasında itib-batan yol nişanlarını aşkarlayıb problemi aradan qaldırmalıdırlar. Bunun üçün ilk növbədə Dövlət Yol Polisi (DYP) əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yaşıllaşdırma İdarəsinə müraciət etməli, idarə əməkdaşları da müvafiq qaydada budama işini həyata keçirməlidirlər. Lakin apardığımız müşahidələrdən məlum olur ki, bəzən yol nişanı ağacların budaqları arasında illərlə itib-batsa da heç kim bu məsələnin həllinə səy göstərmir.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, təkcə paytaxt Bakıda 150-yə yaxın yol nişanı ağacların budaqları arasında itib-batır və bu da sürücülərin haqlı narazılığına səbəb olur. Çünki yol nişanı görünmədiyi üçün sürücülər qaydanı pozur və DYP əməkdaşları da buna görə cərimə yazır. Bu isə əlbəttə ki, normal yanaşma deyil. DYP ilk növbədə yollarda hərəkətin təhlükəsizliyini təmin etməli, sonra isə sürücülərdən qaydalara əməl etməyi tələb etməlidir. Kimsə iddia edə bilər ki, ağac yarpağını budamaq DYP-nin işi deyil. Xeyr! Bu, işi elə ilk növbədə DYP təşkil etməlidir. DYP həmin yol nişanlarının yerini və siyahısını müəyyən edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərməlidir. Nazirlik də öz növbəsində budama işi aparıb yol nişanların normal görünməsini təmin etməlidir.

Əldə etdiyimiz məlumata görə, ötən il Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 130 yerdə yol nişanının ağacların budaqları arasında görünməz vəziyyətdə olmasına dair siyahı təqdim olunub. DYP nazirlikdən həmin problemin həllini xahiş edib. Lakin bu günə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzərinə düşən vəzifəni icra etməyib. Yəqin, nazirlikdə gözləyirlər ki, payızda ağacların yarpaqları töküləcək və yol nişanları da təbii qaydada normal görünəcək. Bəs, yazda, yayda necə olacaq? Bax, nazirlikdən bu suala cavab gözləyirik…

Təqdim etdiyimiz fotolar onu göstərir ki, bu sahədə çox ciddi problem var. Və bu da yol hərəkəti qaydalarının sürücülər tərəfindən bilməyərəkdən pozulmasına, qəzaların baş verməsinə səbəb olur. Əlbəttə, yol nişanının normal görünməməsinə görə sürücyə protokol tərtib olunursa, hüquqları pozulmuş sürücü müvafiq qaydada məhkəməyə müraciət edib məsələnin həllinə nail ola bilər. Üstəlik, mənəfi zərər məsələsi də məhkəmədə qaldırıla bilər. Bəlkə bundan sonra aidiyyatı orqanlar bu cür məsələlərə «xırda məsələ» kimi yanaşmazlar.

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh