Banner

Ölmüş sürücünün cəriməsini kim ödəməlidir?

Yazarlar 12 Dekabr 2014 01:01 Oxunub 3320
Ölmüş sürücünün cəriməsini kim ödəməlidir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunvericilikdə bunun dəqiq və aydın cavabı var; varislər ödənilməmiş cərimə ilə bağlı heç bir öhdəlik daşımırlar 

Yol hərəkəti qaydalarını pozduqdan sonra qəza nəticəsində və ya başqa hadisədən ölən sürücünün ödənilməmiş cəriməsinin taleyi ilə bağlı məsələ maraqlıdır. Bununla bağlı Avtosfer.az-a ünvanlanmış suallara ümumi qaydada cavab vermək qərarına gəldik. Bəri başdan bildirək ki, sürücünün gecikdirilmiş cəriməsinin olması onun qaydanı pozarkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılmasına səbəb ola bildiyindən bu məsələ aktuallıq kəsb edir. 

Qanunvericilikdə bunun dəqiq və aydın cavabı var. Ümumiyyətlə, qanunvericilik cəzanın və inzibati tənbehin (o cümlədən cərimənin) vərəsəlik qaydasında keçməsini birmənalı olaraq istisna edir. Ona görə də ölmüş sürücünün varisləri onun ödənilməmiş cəriməsi ilə bağlı heç bir öhdəlik daşımırlar. 

Sürücünün yol hərəkəti qaydalarını pozduqdan sonra ölməsi, onun törətdiyi qayda pozuntusunun sənədləşdirilməsi vəziyyətindən asılı olaraq fərqli prosedurlara yol açır.

İnzibati Xətalar Məcəlləsinin (İXM) 367.0.8-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxsin ölməsi həmin xəta üzrə icraatı rədd edən hallardan biridir. Bu o deməkdir ki, şəxs öldükdə onun törətdiyi xəta ilə bağlı icraat başlanıla bilməz. Bu halda inzibati orqan (DYP) ölmüş şəxsin törətmiş olduğu inzibati xəta ilə bağlı işin başlanmasının rədd edilməsi haqqında qərardad çıxarır (İXM-in 409-cu maddəsi). Əgər şəxs ölənədək icraat başlanmış, lakin cərimə tətbiqi haqqında qərar çıxarılmamışdırsa, bu halda icraata xitam verilməsi haqqında qərar çıxarılır (İXM-in 416-cı maddəsi). 

Sürücü cərimə tətbiq olunması haqqında qərar çıxarıldıqdan sonra öldükdə isə həmin qərarın icrasına xitam verilir (İXM-in 446-cı maddəsi). İXM-in 446.1.2-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış şəxsin ölməsi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilməsi icra olunmamış qərarın icrasına birmənalı olaraq xitam verilməsinə səbəb olur. Bu o deməkdir ki, ölmüş sürücünün ödənilməmiş və ödənişi gecikdirilmiş cəriməsi varsa, bununla bağlı bütün hüquqi nəticələr xitam olunur. Yəni həmin ödənilməmiş cərimə və ona əlavə olunan dəbbə pulu heç kimdən və heç bir qaydada tələb oluna bilməz, ölmüş şəxsin qaydanı pozarkən idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına qoyula bilməz. 

Beləliklə, qaydanı pozmuş sürücü öldükdə sadəcə olaraq onun ölümünü təsdiq edən sənədi DYP orqanına təqdim etmək lazımdır. Belə sənəd təqdim edildikdən sonra DYP-nin müvafiq səlahiyyətli şəxsi yuxarıda qeyd etdiyimiz uyğun qərarı qəbul etməlidir. Cərimənin tətbiqi barədə qərarı məhkəmə qəbul etmiş olduqda həmin qərarın icrasına xitam verilməsi haqqında qərardadı da məhkəmə qəbul etməlidir.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Mətləb 10 Noyabr 2014 22:55
sürücü qəza zamanı öldükdən sonra onun avtomobilini hadisə yerindən kim götürməlidir DYP əməkdaşları yoxsa sürücünün qohumları