Banner

Qulağında «nauşnik» yola çıxdı, qatar ayaqlarını qopardı – FOTO

Yazarlar 21 Noyabr 2014 00:42 Oxunub 2355
Qulağında «nauşnik» yola çıxdı, qatar ayaqlarını qopardı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
22 yaşlı İmran Lalayev işsiz qala bilmir, qəzadan sonra evdə oturmaq onu sıxır

22 yaşlı İmran Lalayev hələ bir neçə ay əvvəl bizə müraciət etmişdi. O, iş tapmaq üçün kömək istəyirdi. Deyirdi ki, əlildir və buna görə də başqaları kimi bütün işlərin öhdəsindən gələ bilmir. Amma yazı-pozu işindən, komputer işlərindən anlayışı var və bu işlərin öhdəsindən gələ bilər. Gənc və enerjili İmran Lalayev işsiz qalmağı özünə sığışdıra bilmir. O, cənub bölgəsində yaşayır. Bizə müraciət edərkən ayaqlarını itirdiyini və əlil arabasında hərəkət etdiyini bildirdi. Səbəbini soruşduq, o da danışdı. Faciə idi. Həm də ağır faciə…

… İmranın musiqiyə həvəsi var. Ona görə də harada imkan düşsə musiqiyə qulaq asırmış. Günlərin bir günü mobil telefonuna qulaqçıq («nauşnik») taxıb musiqi dinləyirmiş. Musiqiyə o qədər aludə olub ki, Lənkəranda dəmiryolu xətlərinin üstü ilə hərəkət etdiyini unudub. Arxadan gələn qatarın siqnalını eşitməyib. Görünür, musiqiyə çox səs veribmiş. Ətrafdakı insanların onu dəfələrlə çağırmasından, yoldan çıxmağa səsləməsindən xəbəri olmayıb. Bir də onu görüb ki, ağır zərbə dəydi və kənara düşdü. Əvvəlcə heç nə hiss etməyib. Amma yıxıldığı yerdən qalxmağa çalışanda ayaqları sözünə baxmayıb: «Ayağa durmaq istədim. Nə baş verdiyini hələ aydınlaşdıra bilməmişdim. Nə qədər güc versəm də, ayağa dura bilmədim. Məni qucaqlarına alıb xəstəxanaya apardılar. Ayılanda bildim ki, məni qatar vurub, iki ayağım kəsilib. Hələ gəncəm, enerjim, savadım var. Kiçik bir səhv həyatımı dəyişdi. Gərək diqqətli olaydım. Qulaqcıqdan istifadə edən gənclərə səslənirəm. Yollarda diqqətli olun. Qulaqcıqdan istifadə edib musiqiyə qulaq asmaq yaxşıdır, amma özünüzün və ətrafdakıların təhlükəsiliyini də düşünün. Mən bir səhv elədim, istəməzdim ki, başqaları da belə olsun. Mən işləmək istəyirəm. Çox istərdim ki, haradasa oturaq bir iş olsun, işləyim, bekar qalmaq istəmirəm».

Əziz oxucular! İmranın həyat hekayəsi doğrudan da ağırdır. Faciədir. Bu materialı ona görə təqdim edirik ki, həm İmrana iş tapmaqda kömək edək, həm də qulaqcıq taxıb musiqi dinləyənlərin yolun hərəkət hissəsinə çıxıb bu cür ağır faciələrlə üzləşməsinin qarşısını almaq üçün çağırış edək. Qulaqcıqlar təhlükəlidir. Ondan hər yerdə istifadə etmək olmaz. Özünüzü və başqalarını düşünün. Yolun ortasında musiqiyə qulaq asıb ətrafdakı səslərdən özünüzü təcrid edərkən heç olmasa gözünüz ətrafda olsun. Ümumiyyətlə, yaxşı olardı ki, qulaqcıqlardan yalnız avtomobillərin hərəkət etmədiyi yerlərdə, parklarda, həyətlərdə istifadə olunsun!

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh