Banner

Sərnişindaşımada yeni model - "Brutto müqaviləsi" nədir və Bakını necə dəyişəcək?

Yazarlar 21 Oktyabr 2024 10:47 Oxunub 452
Sərnişindaşımada yeni model - "Brutto müqaviləsi" nədir və Bakını necə dəyişəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlum olduğu kimi, 2024-2026-cı illərdə Bakıda sərnişindaşımada "Brutto müqavilə" modelinə keçidin təmin edilməsi planlaşdırılır. "Brutto müqavilə"si ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır. "Brutto müqavilə"nin tətbiqi zamanı sərnişinlərlə sərnişin daşıyan şirkət arasında bir qurum yaradılır. Gediş haqqından toplanan pullara nəzarət edən bu qurum daşıyıcı şirkətlərə hər kilometrə görə pul ödəyir. 

Sadə dildə desək, brutto müqavilə onu nəzərdə tutur ki, AYNA daşıyıcılara hər ay fiks bir məbləğ ödəyəcək, gediş haqqından əldə edilən gəlir isə birbaşa dövlət büdcəsinə gedəcək. Artıq daşıyıcılar sərnişinlər üzərində rəqabət aparmayacaq. Daşıyıcının bircə vəzifəsi qalacaq - müəyyən olunan marşrut üzrə insanları A nöqtəsindən B nöqtəsinə çatdırmaq. Daşınan sərnişinlərin sayından asılı olmayaraq o, stabil gəlir əldə edəcək. Bu halda, nəqliyyat agentliyi həmçinin aylıq və illik tarifləri tətbiq edəcək.

Qeyd edək ki, Avropada avtobuslar "Bruto müqavilə" ilə işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o, axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur.

 

Yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyevin sözlərinə görə, ictimai nəqliyyatda ümumi kartlar əvəzinə, günlük, aylıq, illik gediş paketləri sisteminin tətbiqinə az qalıb. Bununla bağlı hökumətə təkliflər təqdim edilib və ilin sonuna qədər təsdiqlənməsi gözlənilir: "İctimai nəqliyyatda, sərnişindaşımada dinamik qiymət siyasəti, differensiallaşma - məsafəyə görə gediş haqqı, günlük, həftəlik, aylıq və illik gediş paketlərinin tətbiqi zəruridir. Bu, zamanla müzakirə olunan mövzudur. Amma bunun tətbiqi üçün "Brutto müqavilə"lərə keçid olmalıdır. Nədir "Brutto müqavilə"lər? Dünyanın bir sıra ölkələrində ictimai nəqliyyatın daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modeli - "Publik xidmət müqavilələri (Brutto müqavilə)" modelidir. Bu model hər kilometrə görə təyin edilən ödəniş sistemidir. Bu model tətbiq edilirsə, ictimai nəqliyyatda planlı yığım (sürücünün plana işləməsi, plan verməyə çalışması, daşıyıcı şirkətlərin daha çox sərnişin, daha çox plan, qazanc əsasında çalışması) aradan qalxır. "Brutto müqavilə"lər standartı tətbiq edilirsə, dövlət hər kilometrə görə daşıyıcı şirkətlərə subsidiya ayırır, bununla da daşıyıcı şirkətlərin maliyyə dayanıqlığı təmin olunur, daha sonra da müxtəlif növ bilet paketləri formalaşdırılır. Günlük, aylıq, illik paketlər, gediş kartları. Həmçinin bir nəqliyyat növündən digərinə pulsuz keçidlər təmin edilir. Bu da ictimai nəqliyyatı daha cəlbedici edə bilər. Qeyd etdiyiniz tələbi qarşılamaq üçün "Brutto müqavilə"lərə keçid olmalıdır. Məndə olan məlumata görə, hökumətə təqdim edilib, düşünürəm ki, ilin sonuna qədər təsdiqlənər. Avtobus və metroda gediş haqqının çevik və differensial olması lazımdır. Biz uzun illərdir ki, nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik. Ölkədə nədənsə, avtobus və metroda gediş haqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür. Qiymət birdəfəlik istifadə üçün müəyyənləşdirilir. Bu, çox ziyanlı yanaşmadır".

O əlavə edib ki, həftəlik, aylıq, hətta illik gediş paketləri bir çox ölkələrdə tətbiq edilir, ictimai nəqliyyatdan mütəmadi, davamlı istifadə edənlər bununla nəzərəçarpan güzəştlər, ödənişlərdə endirimlər əldə edirlər. Adi gediş kartı ilə hər gün 2-3 dəfə ictimai nəqliyyatdan istifadə edən sərnişin həftədə orta hesabla 15 manat sərf edirsə, aylıq paket almaqla ən azından 5-6 manata qənaət etmiş olur. Belə yanaşma əlbəttə ki, insanları ictimai nəqliyyatdan istifadəyə təşviq edir. Bu cür güzəştli paketlər xüsusən məktəblilər və onları məktəbə aparıb gətirən valideynlərə, eləcə də tələbələrə hava-su kimi lazımdır. "Brutto müqavilə"lər sisteminə keçid həm də ona görə vacibdir ki, ictimai nəqliyyatda 1-2 dayanacaqlıq məsafə qət edənlə, 6-7 və ya 10 dayanacaqlıq məsafə qət edən sərnişinin gediş haqqında fərq olsun. Necə ola bilər ki, 2 dayanacaqlıq məsafə gedən də 50 qəpik gediş haqqı ödəsin, 10 dayanacaqlıq məsafə qət edən də?!.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi Avropa ölkələri artıq bu yeniliyə keçərək "Brutto müqavilə"nin tətbiqindən faydalı nəticələr əldə ediblər: "Sərnişindaşımada "Brutto müqavilə"nin tətbiqi müsbət addımdır. Bu layihənin əsas məqsədi daşıyıcıları stimullaşdıraraq dəstək göstərməkdir. Daşıyıcı şirkət avtobus alır, qaraj quraraq sürücülər tapır. Bundan sonra müvafiq qurumla "Brutto müqavilə"si imzalayaraq hər kilometrə görə pul qarşılığında sərnişindaşıma xidməti göstərir. Bu zaman daşıyıcı şirkətlər daha yaxşı işləməyə cəhd edirlər. Onlar pullarını alıb keyfiyyətli xidmət göstərirlər. Bu müqavilə daşıyıcı şirkətlərin üzərinə keyfiyyətli sərnişindaşıma ilə bağlı öhdəlik qoyur".

Ekspertin sözlərinə görə, bəzi daşıyıcılar hələ də kart sisteminə keçməyiblər: "Bu da yeniliyin tətbiqinə müəyyən çətinliklər yaradır. Amma "Brutto müqavilə"nin sərnişindaşımada tətbiqindən sonra daşıyıcı şirkətlər də buna maraq göstərəcəklər. Bu zaman sərnişindaşımada xidmət keyfiyyəti daha da artacaq".

Nəqliyyat eksperti Ərşad Hüseynovun dediyinə görə, ictimai nəqliyyatdan istifadənin yaxşılaşdırılması, əlçatanlığın artırılması üçün müxtəlif tədbirlər görülür. Bu əlçatanlığın təmin olunmasının variantlarından biri də odur ki, ictimai nəqliyyat çox baha olmamalı, dayanıqlı olmalıdır və stabil maliyyə mənbəyi olmalıdır. Stabil maliyyə mənbəyi gediş haqqı hesabına təmin edilə bilmir. Bütün dünyada qəbul olunub ki, sərnişinin ödədiyi gediş haqqı hesabına ictimai nəqliyyatı dayanıqlı etmək mümkün deyil. Mütləq dövlət və ya bələdiyyənin maddi dəstəyi olmalıdır. Maddi dəstəyin formatı da təqdim edilən yeni konsepsiyadır. Konsepsiya "Brutto müqavilə" adlanır. "Brutto müqavilə" odur ki, görülən işə görə ödəniş alınır. Gediş haqqı isə şəxslərin ödədiyi vəsaitdir: "Brutto müqavilə" isə odur ki, avtobus bir reys edir. Reysin də iqtisadi cəhətdən hesablanmış qiyməti var. Avtobus boş getdi və ya dolu, bunun heç bir fərqi yoxdur. Sürücü həmin reysin qiymətini alır. Belə olan halda daşıyıcı gediş haqqından asılı olmur, gediş haqqı uğrunda mübarizə aparılmır, həmçinin "avtobus dolsun sürərəm" kimi problemlər olmur. Nəticədə normal, komfortlu ictimai nəqliyyat olur. Dövlət dəstəyinin ən gözəl formatı budur, ümid edirəm ki, bu qayda kağız üzərində qalmaz, icra olunar".

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, illərdir dinamik qiymət təklifi ilə çıxış edilsə də, bir nəticə olmurdu, lakin Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tədbiq etməyə başlayıb artıq: "Nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Ümid edək ki, Dəmir Yollarının tətbiq etdiyi yeni yanaşmadan digərləri də dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər.

Qeyd edək ki, "Brutto müqavilə"lərə keçid məsələsi 2 il əvvəl Nazirlər Kabinetində müzakirə edilib. Bakıda effektli nəqliyyat sisteminin qurulması istiqamətində iş aparıldığı  açıqlanaraq bunun "Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat"da əksini tapdığı bildirilib. Sənəddə qeyd edilib ki, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər və İqtisadiyyat Nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi, yolların buraxılış imkanlarının artırılması üzrə Tədbirlər Planı"nda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində ictimai nəqliyyatın hazırkı inkişaf mərhələsində daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modeli olan "Publik xidmət müqavilələri (Brutto müqavilə)" modelinə keçid konsepsiyası hazırlanıb. Yeni modelin tətbiqi sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, ictimai nəqliyyata nəzarət sisteminin səmərəliliyinin artırılması və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə müşayiət ediləcək. Ümid edək ki, mütəxəssislərin də dediyi kimi, yaxın zamanda ictimai nəqliyyatda köklü islahatlar, nəhayət ki, baş verəcək".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev qeyd edib ki, yeni konsept daşıyıcılarla Brutto kontraktının bağlanılmasından ibarətdir: "Bu barədə uzun müddət ciddi mürakirələr gedib. Təqdim etdiyimiz sistem üzrə bütün hesablamalarımız var. Sistem çox sadədir. Bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən kilometr hesabı pul ödənilir. Avropada avtobuslar "Bruto müqavilə" ilə işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o, axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur. Bizim də təqdim etdiyimiz həmin sistemdir. Onun bütün hesablamaları işlənilib. Dəqiqliklə başa düşürük ki, burda xərc nə qədər olacaq və nə baş verəcək. Təqdim etdiyimiz sistem ölkədə siyasi olaraq da dəstəklənir. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib. Amma bu, kifayət qədər ciddi maliyyə vəsaiti tələb edən məsələdir".

(525az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh