Banner

Sürcülərə bu maddələrə görə yazılan cərimələr qanunsuzdur

Yazarlar 25 Oktyabr 2014 17:39 Oxunub 9745
Sürcülərə bu maddələrə görə yazılan cərimələr qanunsuzdur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yerində aradan qaldırıla bilən texniki nasazlığa  görə sürücü barəsində cərimənin tətbiq olunması qanuna ziddir

Samir Kərimli adlı oxucu Avtosfer.az saytına müraciət edərək gecə vaxtı DYP əməkdaşı tərəfindən saxlanıldığını söyləyib. DYP əməkdaşı ona yaxınlaşdıqdan sonra avtomobilinin yaxın işıq faralarından birinin yanmamasına görə saxlanıldığını bildirib. Oxucu deyir ki, düşərək  avtomobilinə baxarkən həqiqətən də faralardan birinin yanmadığını görüb. O deyir ki, əli ilə tərpətdikdən sonra fara yanıb. Lakin buna baxmayaraq, DYP əməkdaşı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 155.2-3-cü maddəsi üzrə protokol yazaraq onu 50 manat cərimələyib. Oxucu bunun nə dərəcədə doğru olduğunu soruşur.

Bu halı şərh etmək üçün hüquqşünas Ərşad Hüseynova müraciət etdik. O bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 155.2-3-cü maddəsinin hazırkı redaksiyası bu halda sürücü barəsində cərimənin tətbiq olunmasına yol vermir: «Ümumiyyətlə, həmin maddədə, habelə bu Məcəllənin 155.2.1-ci maddəsində çox ciddi problem var. 155.2.1-ci maddədə deyilir ki, tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - 150 manat miqdarında cərimə edilir. 155.2-3-cü maddə isə belədir: Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat miqdarında cərimə edilir.

Göründüyü kimi, hər iki maddənin dispozisiyasında «və belə nasazlığın aradan qaldırılması mümkün olmayan» ifadəsi var. Bu, o deməkdir ki, nəqliyyat vasitələrində həmin maddələrdə sadalanan texniki nasazlıqlar aradan qaldırıla biləndirsə, sürücü məsuliyyətə cəlb olunmamalı, ona cərimə tətbiq edilməməlidir. Özü də həmin nasazlığın yerində, yoxsa bir neçə gündən sonra aradan qaldırıla bilməsi də əhəmiyyət daşımır. Yəni faktiki olaraq həmin texniki nasazlıqlara görə məsuliyyətə cəlb olunma qanunsuzdur, çünki istənilən nasazlığı aradan qaldırmaq mümkündür (məsələn, mühərrikdə olan nasazlığı mühərrikin tam olaraq dəyişdirilməsi yolu ilə aradan qaldırmaq olar).

Ərşad Hüseynov deyir ki, əslində qanunvericiliyin bu müddəasının belə məntiqsizliyi həmin Məcəllə qəbul edilərkən yol verilmiş texniki səhvin nəticəsidir: «2008-ci ildə bu texniki qüsurun aradan qaldırılması üçün Milli Məclisə və DYP-yə müraciət etmişəm. Təəssüf ki, bu günədək həmin qüsurlar aradan qaldırılmamışdır, hətta 4 mart 2014-cü ildə İXM-in 155.2.1-ci maddəsinə dəyişiklik edildi və həmin tarixdə  155.2-3-cü maddə Məcəlləyə əlavə olundu. Düşünürdüm ki, bu dəyişikliklər müzakirə ediləndə həmin qüsur aradan qaldırılacaq. Lakin bu qüsur nəinki aradan qaldırılmadı, hətta yeni əlavə olunan 155.2-3-cü maddədə həmin qüsur təkrarlandı. Buna isə yalnız təəssüflənmək olar, çünki həmin maddələrdə göstərilən texniki nasazlıqlar olan nəqliyyat vasitəsinin istismarı təhlükəlidir və yolverilməzdir. Nəqliyyat vasitəsini həmin nasazlıqlarla idarə edən sürücü bu nasazlığın aradan qaldırıla bilməsindən, bunun yerində və ya sonradan təmir sahəsində edilməsindən asılı olmayaraq cəzalanmalıdır. Çünki, məsələn, çoxları üçün adi görünən işıq cihazlarından hər hansı birinin nasaz olması ağır qəzaya gətirib çıxara bilər. Amma qanun şahdır. Həmin «şah» isə hazırkı məzmununda deyir ki, İnzibati Xətalar Məcəlləsinin göstərilən iki maddəsində olan nasazlıqlar aradan qaldırıla biləndirsə, sürücü məsuliyyətə cəlb edilməməlidir.

Beləliklə, sual verən oxucunun və digər sürücülərin nəzərinə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci və 155.2-3-cü maddələrində göstərilən texniki nasazlıqları (tormoz sisteminin və ya sükan idarə mexanizminin, habelə xarici işıq cihazlarının və ya qabaq şüşənin şüşə silgəclərinin və şüşəyuyanlarının və ya təkərlərin və şinlərin və ya mühərrikin, yaxud konstruksiyasının digər ünsürlərinin nasazlıqları) olan nəqliyyat vasitəsini idarə etməyə görə praktiki olaraq heç kəsi məsuliyyətə cəlb etmək mümkün deyil. Bu səbəbdən həmin maddələrə istinadən tətbiq olunan cərimələr qanunsuzdur. Bu problemin aradan qaldırılması üçün həmin maddələrdəki onların tətbiqinə imkan verməyən qüsur aradan qaldırılmalıdır.

Bununla belə sürücülərə tövsiyə edirik ki, avtomobillərinin texniki sazlığına xüsusi diqqət etsinlər. İstənilən xırda nasazlıq böyük qəzalara səbəb ola bilər. Özü də qəza qanunvericiliyə baxmır.

 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh