Banner

Svetoforda “yatanlar”: 3 saniyəyə 20 dəqiqəlik tıxac yaradanlar - FOTO

Yazarlar 4 Oktyabr 2024 10:57 Oxunub 1120
Svetoforda “yatanlar”: 3 saniyəyə 20 dəqiqəlik tıxac yaradanlar   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Svetoforda “yatan” sürücülərə yəqin ki, çoxlarımız rast gəlmişik. İşıq yanır, amma sürücünün başı ya telefona qarışıb, ya da fikri başqa yerdədir. Məsələn, 20 saniyəlik svetoforda 3-4 saniyə gözləyib sonra yola düşür. Təbii ki, haqlı olaraq sual yaranır. 3-4 saniyə ilə nə olacaq ki?

İlk baxışdan bu çox kiçik görünür. Amma qarşıda bir avtomobilin 3 saniyə ləngiməsi 3 km arxada 20 dəqiqəlik tıxac yarada bilər. Çünki bu msafədə günün pik saatlarında azı 500 avtomobil olur. Bunun da hərəsi 3 saniyə gec tərpənsə nə baş verəcək?

Bir çox hallarda yolda hər hansı bir maneənin olmadığı halda uzun tıxacın olduğunu görürük. “Axı burda heç nə yoxdur?” sualı yaranır. Həmin o “heç nə” əslində əhəmiyyətsiz gördüyümüz 3-4 saniyədir.

Bu ləngimələr təkcə svetoforda baş vermir. Məsələn, sağdan sola, soldan sağa harda boş yer gördü özünü soxmağa vərdiş etmiş sürücülər də az deyil. Bax bu “dürtülmək” həvəsi və 3-4 saniyə qabağa düşmək eşqi də saatlarla tıxaca səbəb ola bilər.

Xüsusilə hər gün səhər və axşam saatlarında 8 zolaqlı hava limanı yolunda analoji hal yaşanır. Kimsə deyə bilər ki, avtomobil çoxdur. Amma necə olur ki, müəyyən bir nöqtəyə qədər sıxlıq var, amma anidən yol boşalır. Deməli burada süni əngəllər mövcuddur.

Kimsə ən sol zolaqda gedən zaman qəfil yadına düşür ki, sağa dönməlidir. Yaxud hansısa sürücü zolaqları saymaqla məşğul olur. Nəticədə həmin o 3-4 saniyələr yığılaraq saatlar yaradır.

Ən dəhşətli məqam isə yolun kənarında hər hansı qəza baş verən, yaxud hanısa avtomobildə nasazlıq olan zaman yaranır. Görürsən ki, iki maşın bir-birinə yüngülcə dəyir, ya da hansısa maşın xarab olur. Sürücülər avtomobilləri yol kənarındakı cibə çəkib gözləyirlər. Hər keçən sürücü orda azı 3-4 saniyə dayanıb baxmağı özünə borc bilir. Nəticədə yenə “heç nə olmayan yerdə” tıxac yaranır.

Sonra da yuxarlda sadaladıqlarımızı edən sürücülər hər gün tıxacdan şikayət edirlər.

Təbii ki, tıxacların tək səbəbi bu deyil. Burda yolların bağlanması, yol kənarlarındakı obyektlər, hərəkətin düzgün təşkil edilməməsi, svetoforların düzgün tənzimlənməməsi kimi amillər də var. Amma əziz sürücülər bunlar var, heç olmasa özümüz özümüzə əlavə tıxac yaratmayaq.

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh