"Tiktoker"lər niyə həbs olunur? - Hüquqşünas AÇIQLADI
Ölkəmizdə "TikTok"a nəzarət gücləndirilib. Son günlərdə ardıcıl olaraq bir neçə tiktoker milli-mənəvi dəyərlərimizə zidd paylaşımlara görə, eyni zamanda əxlaqsızlığı, cinayəti, pis vərdişləri təbliğ edən paylaşımlara görə polis tərəfindən saxlanılıblar. Polisin bu addımı isə ictimaiyyət tərəfindən müsbət qarşılanır.
Bəs Azərbaycanda "TikTok"a və digər sosial şəbəkələrə nəzarətlə bağlı hansı qanun və qaydalar mövcuddur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Redaktor.az-a açıqlamasında bildirdi ki, "TikTok" sosial şəbəkəsinə dövlətlərin texniki baxımdan nəzarət və ya müdaxilə etməsi mümkünsüzdür. Buna baxmayaraq, dövlətlər istər "TikTok", istərsə də digər sosial şəbəkələrdəki davranışları tənzimləyə bilərlər:
"Belə ki, əgər sosial şəbəkədə geniş kütləyə, auditoriyaya müraciət olunmaqla mənfi yöndə təbliğat aparılırsa, pis vərdişlərin təbliğatı aparılırsa, o cümlədən təlim-tərbiyəyə münasibətdə mənfi davranışlar təbliğ olunursa, əlbəttə ki, dövlət bu davranışları həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun şəkildə dəvət edərək profilaktik söhbət apara və ya həmin şəxslərin əməllərinə hüquqi qiymət verə bilər. Yalnız bir şərtlə ki, həmin əməllər qanunda göstərilmiş olsun və qanunvericiliklə tənzimlənsin".
Hüquqşünasın sözlərinə görə, bizdə məhz sosial şəbəkələrdəki davranışlarla bağlı qanunvericilik aktları olmadığı üçün burada əsasən şəxsə yönəlik təhqiramiz davranışlar və s. mövcuddur:
"Ümumi şəkildə davranışları tənzimləyən qanunvericilik aktları olmadığına görə, birinci növbədə həmin qanunvericilik aktları qəbul olunmalıdır. Digər bir tərəfdən, indiki halda hesab edirəm ki, dövlət tərəfindən həmin şəxslərin əməli xırda xuliqanlıq olaraq qiymətləndirilmiş və barələrində inzibati akt tərtib olunmuşdur. Hesab edirəm ki, orada olan mənfi təbliğat və s. birbaşa dövlət tərəfindən tənzimlənməlidir. Bu yöndə istifadəçilərin, bloggerlərin mənfi davranışına isə qətiyyən yol vermək olmaz. Belə davranışlara yol verən şəxslərin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi baxımdan legitimliyi mütləq şəkildə qanunvericilik aktlarının qəbulu ilə mümkündür".