Velosiped zolaqları ilə bağlı xəbər var: Bu tarixdən etibarən…

Yazarlar 9 Oktyabr 2024 10:39 Oxunub 374
Velosiped zolaqları ilə bağlı xəbər var: Bu tarixdən etibarən…
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda avtomobil yollarına edilən dəyişikliklər narazılıq yaradıb. Əsasən də velosiped üçün ayrılmış zolaq insanları qıcıqlandırır. Deyilir ki, şəhərdə velosiped sürülmür, amma onun yolu, zolağı var.

Bəzi məlumatlara görə isə bir neçə mərkəzi yolda COP29-dan sonra yol zolaqlarında dəyişiklik olacaq. Məsələn, Xocalı prospektindəki məlum vəziyyətin COP29-dan sonra aradan qaldırılacağı, normala dönəcəyi haqda məlumatlar var. İstənilən halda, velosiped sürmək ənənəsi olmayan paytaxtın küçələrini buna görə daraltmağa, narahatlıq yaratmağa dəyərdimi?

Bu barədə danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, dünyada artıq bir trend formalaşıb.

Onun dediklərinə görə, ictimai nəqliyyat və digər mikromobillik vasitələri üçün daim şərait yaradılır:

 

“Burada söhbət skuterlərdən, velosipedlərdən və digər bu kimi nəqliyyat növlərindən gedir. Ona görə Bakıda da onlara şərait yaradıldı. Bu şəraitin yaradılması digər hərəkət iştirakçıları arasında müəyyən problemlər yaradıb. Amma zamanla bunun üstünlüklərini də görəcəyik. Yol təkcə avtomobillərin və ya yalnız piyadaların ola bilməz. Yol hər kəs üçün bərabər bölünməli, bütün hərəkət iştirakçıları rahat hərəkət etməlidir. Bununla bağlı müəyyən layihələr icra olunur, təkliflər verilir, fikirlər ortaya çıxır. Təbii ki, tənqid olmalıdır, tənqidsiz iş ola bilməz. Lakin bu o demək deyil ki, hər şey səhvdir. Sadəcə, ondan səmərəli istifadəni stimullaşdırmaq lazımdır. Elə edilməlidir ki, bu məsələlər hər bir hərəkət iştirakçısı üçün ziyanlı deyil, faydalı olsun”.

Nəqliyyat eksperti deyib ki, ola bilər bu zolaqlar bəzi küçələrdə həqiqətən də ciddi çətinliklər yaradır deyə, insanlar narahatlıqlarını ifadə edirlər:

“Bu məsələlər kiminsə arzu və istəyi ilə deyil. Ümumilikdə dünyada gedən prosesdir. Hər bir hərəkət iştirakçısı üçün normal mexanizm qurulmalıdır və Azərbaycanda da qurulub. Amma sözsüz ki, həmin məsələlər mənfi fəsadlar yaradırsa, o zaman gələcəkdə buna baxmaq olar. COP29-dan sonra nəyinsə dəyişə və ya söküləcəyi barədə məlumatım yoxdur. Bu barədə danışmaq da hələ tezdir. Fikrimcə, hələ yeni yaradılmış sistemdir və yaranışı ilə məhvi qısa zaman apara bilməz. Hər bir halda, mənə elə gəlir ki, bir az səbirli, təmkinli olmaq lazımdır. Prosesin hansı məcrada davam edəcəyini gözləyək”.

(globalinfo.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh