Banner

Xirdalan dairəsində tıxac yaradan «ixtira»

Yazarlar 13 Noyabr 2014 15:21 Oxunub 2560
Xirdalan dairəsində tıxac yaradan «ixtira»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dairənin ətrafında normal məntiqə sığmayan eybəcər və hündür bordürlərlə arakəsmələr qoyulub

Son vaxtlar Baki-Sumqayıt yolunda avtomobil tıxacları bir qədər də artıb. Özü də hər iki istiqamətdə. Baklıya gələn istiqamətdə tıxacın əsas səbəbi avtovağzalın yanında yolun qəflətən daralması, daha sonra Şamaxinkada və «20 Yanvar»da şaxələnmə yerlərində yaranan sıxlıqdır. Sumqayıt istiqamətində əsas səbəb isə Biləcərinin yanında dəmiryol xətti üstündəki körpünün yenidən tikilməsi ilə əlaqədar yolun istiqamətinin dəyişdirilməsi və bundan sonra yenə də yolun daralmasıdır. Hər iki istiqamətdə yolun daralması orada qanunsuz yaradılmış təpə ilə bağlıdır. Həmin təhlükəli və qanunsuz təpələr təcili sökülməlidir.

Amma son bir aya yaxındır ki, Sumqayıt istiqamətində həmin məşhur təpədən sonra da tıxanma artıb. Özü də həmin tıxac bir ay əvvəlkindən fərqli olaraq daha “sabitdir”. İki gün əvvəl bunun səbəbini aydınlaşdırmağa çalışdım və DYP-nin ekologiya postunun yanındakı şaxələnmə yerini və Xırdalan dairəsini nəzərdən keçirdim. Hər şey aydın oldu. Deməli, Sumqayıt istiqamətində dəmiryol xətti yaxınlığındakı təpədən sonra tıxacın əsas səbəbi Xırdalan dairəsidir. Tunelin üstündə yerləşən bu dairənin ətrafında normal məntiqə sığmayan eybəcər hündür bordürlərlə arakəsmələr qoyulub. Dairə boyunca və xüsusən dairədən çıxan istiqamətlərdə hərəkət hissəsi o qədər daraldılıb ki, avtomobillər dairədən bir-bir çıxırlar. Bundan başqa, dairədə yol örtüyü geri qalmış kolxoz tarlası kimidir: 15 sm-lik qabarmalar var. Buna görə də həmin dairəyə daxil olan avtomobillər dairədən çıxmaq üçün eybəcər növbəyə duraraq dairəni tam bağlayırlar. Bakı tərəfdən gələrək həmin dairəyə daxil olmaq istəyən avtomobillər isə ekologiya postuna qədər uzanan növbə yaradırlar. Bizdə də ki, növbənin nə  demək olduğunu hamı gözəl bilir. Dairəyə çıxmaq istəyən sürücü sağdakı birinci və ikinci zolağın hərəkət etməyərək növbə gözlədiyini gördükdə üçüncü zolaqla tunelin girişinə qədər gedir və yalnız orada sağa yerdəyişmə etməyə çalışır. Nəticədə bütün yol, o cümlədən tunelə girişdə hərəkət zolaqları bağlanır. Bu tıxanmanın arxası isə bəzən Nəqliyyat Nazirliyinin qabağına qədər gəlib çatır.

Beləliklə, Bakı-Sumqayıt yolundakı vəziyyəti bir qədər də dözülməz həddə çatdıran Xırdalan dairəsində təxminən bir ay əvvəl yaradılmış həmin həngamədir. Həmin həngaməni yaradanların məntiqini heç cür başa düşə bilmirəm. Bu həngaməyə DYP-nin münasibəti də anlaşılan deyil. Çünki, həmin maneə DYP-nin ən məşhur  postundan və Baş İdarəsindən bir neçə yüz metr məsafədə yerləşir. Şübhə etmirəm ki, hər gün qeyd etdiyim mənzərəni görən DYP rəsmiləri bunun səbəbini də gözəl bilirlər. Belə olan halda həmin dairədəki təhlükəli və tıxac yaradan maneələrin nəyə görə hələ sökülmədiyi anlaşılan deyil.

Əgər Bakı- Sumqaylt yolunda Sumqayıt istiqamətində gərginliyi bir qədər azaltmaq istəyiriksə, təcili olaraq Xırdalan dairəsində  təxminən bir ay əvvəl yaradılmış həmin biabırçılıq yığışdırılmalı, daha sonra dairədəki yol örtüyü normal vəziyyətə gətirilməlidir.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh