Banner

Yollar qazılır, dayanacaqlar yox, maşın çox…

Yazarlar 18 Noyabr 2014 02:04 Oxunub 1794
Yollar qazılır, dayanacaqlar yox, maşın çox…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakının bitməyən probleminə görə məsuliyyəti hansı dövlət qurumları daşıyır?

 

Bağlı yollar barədə sürücülərə SMS xidməti haqqında fərman var, amma hələ göstərilmir

 

Bakıda yaşayan, maşını olan və ya olmayan hər kəsin bir ortaq problemi var. Bu da şəhərin küçələrindəki tıxac problemidir. Maraqlı fakt ondan ibarətdir ki, Bakının əsas küçə və prospektlərində  tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatda müşahidə olunur. Tıxac problemi sakinləri vəziyyətdən çıxmaq üçün yeni üsullara əl atmağa vadar edir. Məsələn, kimisi şəxsi nəqliyyat vasitəsindən az istifadə etməyə, kimisi də metrodan istifadəyə üstünlük verir. Amma təbii ki, bu problemin həlli deyil… 

"Tıxac hansı səbəblərdən və necə yaranır? Birinci səbəb şəhərin mərkəzi küçə və prospektlərində yol boyu hər iki tərəfdə avtomobillərin dayanmasıdır.  Yəni Bakıda dayanacaq probleminin olmasıdır. İkinci səbəb əlaqəsiz olaraq dövlət qurumlarının yolları qazması və təmir-tikinti işlərini aparmasıdır. Bax, ən böyük problem budur. Həm dövlət vəsaiti talanır, həm də insanların əsəb sistemi korlanır. Problemin həlli üçün yollar genişləndirilməlidir. Nəqliyyat yolları bağlanarkən sürücülərin normal hərəkəti üçün alternativ yollar açmaq lazımdır. Bunu etmirlər, yolları bağlayırlar. 3 ay yay boyu istirahət etdilər, sentyabr başlayan kimi yolları qazmağa başladılar. Bakıda yolların bağlanması və alternativ yolun olmaması tıxacın olmasına şərait  yaradır. Biz sürücülər bilmək istəyirik ki, hansı küçələrdə yol bağlıdır. Dövlət qurumları tıxac probleminin həlli üçün nələr edirlər", deyə taksi sürücüsü Vaqif Mahmudov bildirdi. 

 

Bağlı yolların siyahısı...

 

Elə paytaxt sürücüsünün bu sualları ilə dövlət qurumlarına müraciət etdik. "Bizim Yol"un sorğusuna cavab verən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bağlanmış yollar haqqında son məlumatı bizə verdi. Məlumatda bildirilir ki, iki ildir paytaxtın Ceyhun Səlimov küçəsi nəqliyyatın hərəkəti üçün bağlıdır. Burada yeni metro stansiyasının tikintisi aparılır. Sürücülərə Tiflis prospektindən və A.Salamzadə küçəsindən alternativ yol kimi istifadə etmək məsləhət görülür.  Bağlı yolların sırasında təmir-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan Vunktal küçəsi də (Gəncə prospekti istiqamətində) var. 

"Tiflis prospekti - kənar yolda Cavadxan küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində yolda təmir işləri aparılır. Bildirək ki, əhali bu küçədə mütəmadi tıxacların olmasından şikayətçi idi. Bu problemin aradan qaldırılması üçün hazırda yol genişləndirilir. Sürücülərdən alternativ olaraq Tiflis prospekti - Əsas yoldan (yol ötürücüsü ilə) və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur", deyə məlumatda bildirilir. 

Məlumatda sürücülərin üzünə bağlı yolların sırasında Xudu Məmmədov küçəsinin də adı var. Bundan əlavə Ziya Bünyadov prospektində tikinti və təmir-bərpa işləri ilə əlaqədar prospektin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Lakin yolun bağlı hissələrindən kənar yollarda hər iki istiqamətdə hərəkət var. 

Sorğumuza cavabdan öyrəndik ki, artıq dünən Koroğlu Rəhimov küçəsi sürücülərin istifadəsinə verilib. 

 

"Azeryolservis": "Biz üzərimizə düşən vəzifəni yerinə yetiririk"

 

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirdi ki, rəsmisi olduğu qurum yolları bağlamır: "Biz nəqliyyatın hərəkətini tam məhdudlaşdırmırıq. Ziya Bünyadov prospekti Bakının şimal istiqamətində əsas çıxışını təmin edən magistrallardan biridir. Orda yüksək hərəkət var. Biz hərəkəti tam məhdudlaşdırmadan Ziya Bünyadov prospektində həm qovşaqları inşa etdik, həm də yolun əsaslı təmirini apardıq.  

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yolu təmirə bağlayarkən öncə alternativ yol yaratdıq, sonra yolu təmirə bağladıq. Yəni Bakı dairəvi yolunda təmir işləri nəqliyyatın hərəkətinə mane olmadan aparılır. 

Həsən Əliyev küçəsində də təmir işlərini apararkən nəqliyyatın hərəkəti üçün alternativ yolun olmasına şərait yaratdıq. Küçəni hissə-hissə təmir etdik. Biz nəqliyyatın hərəkətinə tam mane olmamağa çalışırıq".

Sonra P.Mürsəliyev bildirdi ki, "Azəryolservis" ASC yalnız Bakı-Quba yolunun avtovağzal ərazisindən keçən hissəsini bağlayıb: "Bundan öncə 3 körpü inşa etdik. Sonradan yolun 9-cu kilometrliyində yolu bağladıq ki, yeni körpü tikək. Biz yolun müxtəlif hissələrində genişləndirmə işləri aparmışıq, yolda zolaqların sayını artırmışıq. Bu körpü tikintisində işlərin tamamlanması və yolun açılması hava şəraitindən asılı olan məsələdir".

P.Mürsəliyev bildirdi ki, "Azəryolservis" ASC yolu təmirə bağlamamışdan öncə media vasitəsi ilə sürücülərə məlumat verir. 

Sürücüləri narahat edən məsələlərdən biri də bağlı yollar haqqında küçələrdə öncədən məlumatın verilməməsidir. Yəni sürücü yolun bağlı hissəsinə çatmayana qədər, yolda təmir-tikinti işlərinin aparıldığını bilmir. 

P.Mürsəliyev bildirdi ki, planlaşdırılan işlər dövlət qurumları arasında paralel aparılmalıdır: "Bu barədə sürücülərə məlumatın verilməsi yol təsərrüfatı sahəsində olan qurumun işi deyil. Biz üzərimizə düşən vəzifəni yerinə yetiririk".  

 

Yol polisi: "Polisi ittiham edən sürücü qeyri-peşəkar sürücüdür"

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, son bir həftədə Bakının yollarında vəziyyət qənaətbəxşdir: "Sabah (bu gün-R.İ.) vəziyyətin necə olacağının hamımız şahidi olacağıq. Çox güman ki, nəqliyyatın hərəkətində sıxlıq olacaq. Çünki məktəblər istiqamətində hərəkət edən avtomobili olan valideynlər yol-hərəkət qaydalarını kopud şəkildə pozacaqlar,  avtomobilləri hətta yolun ortasında da saxlayacaqlar. Valideynlər uşaqlarını avtomobillərində məktəbin qapısına qədər aparmaq istəyirlər. Nəzərə alaq ki, məktəblərin çoxunun dayanacaqları yoxdur, yaxud da yüzlərlə avtomobilin eyni vaxtda dayanması üçün  dayanacaqda yer yoxdur. 

Sizin vasitənizlə sürücülərə müraciət edirəm. Məktəblərin qarşısında dayanmanı-durmanı qadağan edən nişanlar var, bu nişanların təsir zonasında saxlamaq qadağandır".

V.Əsədov bildirir ki,  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bağlı yollar və hərəkətin məhdudlaşdırıldığı yollar haqqında vaxtlı-vaxtında məlumat verir: "Bəs niyə sürücülərin bağlı yollar haqqında məlumatı olmur? Birincisi, bu məlumatlar qazanc mənbəyi olmadığından bəzi media qurumları yaymırlar. İkincisi, sürücülərin əksəriyyəti qəzet oxumur, radioya qulaq asmır, internet istifadəçisi deyil. Ona görə də bağlı yollar haqqında öncədən məlumatları olmur. Bağlı yollar haqqında polisin öncədən məlumat vermədiyini deyən sürücü peşəkarlıq səviyyəsi aşağı olan sürücüdür. Mən bu ittihamları qəbul etmirəm. Peşəkar sürücü informasiya mənbələrindən istifadə edən sürücüdür.

Diqqət edin, noyabrın 15-də biz sürücülərə müraciət etdik ki, avtomobillərin pərdə və plyonkalarla idarə edilməsi qadağandır. Bu gün (dünən-R.İ.) bizə 36 sürücü deyir ki, müraciətimizdən xəbərləri yoxdur. Biz onların səmimiyyətinə inanırıq. Amma bu yol polisinin problemi deyil. Odur ki, hamısını müvafiq qaydada cərimələdik".   

 

Bağlı yollar barədə fərmanın icrası gecikdirilir 

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli Qanunun tətbiqi barədə 11 aprel 2014-cü ildə fərman imzalayıb. Bu fərmana əsasən sürücülər təmirə görə bağlı və ya nəqliyyat vasitələrinin məhdudlaşdırıldığı yollar haqqında məlumatı mobil telefonlarına gələn sms-lər vasitəsilə əldə etməlidirlər. Belə ki, sükan arxasında olan sürücü mobil telefonuna gələn bir sms-lə bağlı yola üz tutmayıb, alternativ yollarla hərəkət etməli olacaq. 

Tətbiqi bir neçə aya planlaşdırılan bu sistem sürücülərə həm vaxt, həm də benzin baxımından qənaət etmək imkanı verəcək. Yeni sistemin yaradılması üçün Daxili İşlər Nazirliyinə, Nəqliyyat Nazirliyinə və "ASAN Xidmət"ə xüsusi tapşırıq verilib. Tapşırığa əsasən sms-lə məlumatlandırma sistemi 3 ay müddətində hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməlidir. Bu yeni sistem hazırda icra olunmur.   

ŞƏRH YAZ
Ad

E-mail

Şərh