Banner

Yollara yağış yağır, axıb getməyə yer tapmır

Yazarlar 12 Dekabr 2014 15:57 Oxunub 1941
Yollara yağış yağır, axıb getməyə yer tapmır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pünhan Mürsəliyev: «Problem varsa, kommunikasiya qurumları cavabdehdir»

 

«Biz yolun hərəkət hissəsində yol konstruksiyasına cavabdehik»

 

Bu günlərdə redaksiyamıza daxil olan bir məlumatda yenicə təmirdən çıxmış Ziya Bünyadov prospektində yağış sularının axması üçün kanalizasiya sisteminin olmadığı bildirilir. Qeyd olunur ki, yağış yağarkən su yığılıb yolda qalır və bu da başqa problemlərə səbəb olur. Maraqlıdır, doğrudanmı bir neçə ildir təmirə dayanan bu yolda əsas amillərdən biri yaddan çıxıb?

 «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, Ziya Bünyadov prospektində drenaj sistemləri qurulub və yağış sularının axıdılması ilə bağlı problem ola bilməz: «Ziya Bünyadov prospektində səth sularının yığılıb qalması böyük problemlər yaradırdı. Prospektin bərbad vəziyyətə düşməyinə səbəb orada səth sularının yığılıb qalması idi. Çünki orada kanalizasiya sistemi yox idi. Biz yolun asvalt-beton örtüyünü vurmazdan öncə bütün drenaj sistemini 9,2 km ərazidə tamamilə yenilədik. Həmin ərazidə yağış suları ilə bağlı heç bir problem ola bilməz. Şəxsən mən özüm həmin ərazi ilə maraqlanmışam. Biz mütəmadi olaraq avtomobil yollarında çəkilişlər aparırıq. Drenaj sistemləri təzələnib, müasir işıqlandırma sistemi qurulub, müasir tipli qovşaqlar tikilib. Bizim orada az işimiz qalıb. Böyükşor qovşağından dönmə əməliyyatı edib, geri qayıtmaq üçün orada bir hissə salırıq. Oranı asfalt-beton örtüyü ilə təmin edəcəyik. 4 günə biz artıq müəyyən hissəni bağlamışıq. Özü də yolda hərəkəti saxlamadan, çətin hərəkət şiddəti altında o işləri çox böyük çətinliklə apardıq. Hərəkəti qismən məhdudlaşdırmaqla işlərimizi gördük və yolda hərəkət tam dayandırılmadı. Əliyar Əliyev küçəsi ilə kəsişmədə körpünün üstündə temperatur tikişləri quraşdırırıq. Temperatur tikişləri nədir? İnsanlar hərə bir şey danışır. Çünki bu iş haqda məlumatlı deyillər. İstidən, soyuqdan, yəni uzanma qısalma halı baş verir. Temperatur tikişləri asfalt-beton örtüyündən sonra qoyulmalıdır. Hamı da deyir ki, burada yenə qazıntı işləri aparırlar. Amma bilmirlər ki, bu tikinti proseduru necə getməlidir. Axı sən mühəndis deyilsən və iş barədə məlumatın yoxdursa, artıq sözlər niyə danışırsan? Bizim orada çox işimiz qalmayıb. Yaxın günlərdə işlərimiz yekunlaşacaq. Məlumat üçün deyim ki, orada gözəl drenaj sistemi quraşdırılıb. Əgər kimsə Z.Bünyadov prospekti ilə bağlı irad bildirirsə, haqlı irad deyil».

Azneft meydanının da yerləşdiyi Neftçilər prospekti şəhərin mərkəzi hissəsi olsa da, orada da yolda yağış sularının yığılıb qalması halları müşahidə olunur. Məsələn, «Foer Seasons» otelinin qarşısında gölməçəyə rast gəlmək adi haldır. Məsələyə münasibət bildirən P.Mürsəliyev qeyd etdi ki, orada da yağış sularının axıdılması üçün drenaj sistemləri quraşdırılıb: “Azneft meydanı tərəfdə əsaslı təmir işləri niyə getdi? Orada əlavə su xəttləri çəkilirdi. Bəzi şeylər təzələnirdi. Məsələn, yağış kanalizasiya sistemi. Bu işlər təbii ki, bizim qurum tərəfindən həyata keçirilmir. Biz hansısa yolda əsaslı təmir apararkən bütün kommuniyasiya qurumlarına yazılı müraciət edirik ki, biz filan avtomobil yolunda iş görəcəyik. Gəlib yola baxış keçirin, lazım olan kommunikasiyaları köçürün, yeni xəttlər lazımdırsa, çəkin. Bütün bu işləri gördükdən sonra biz yolu asfalt-beton örtüyü ilə təmin edirik. Hansı kommunikasiyanın yolda quraşdırılması ilə bağlı problem varsa, ona «Azəryolservis» yox, həmin kommunikasiya qurumları cavabdehdir. Biz sadəcə olaraq yolun hərəkət hissəsində yol konstruksiyasına cavabdehik. Asfalt-beton örtüyündə nə problem varsa, ona cavabdehik. Ancaq hansısa kommunikasiya xətti çəkilməyibsə, yaxud da, yol çəkiləndən sonra qazılıb çəkilirsə, biz bunlara cavabdehlik daşımırıq. Qəza varsa, texniki problemlə əlaqədar kimsə yolda iş aparırsa, yenə də həmin kommunikasiya təşkilatı yolu əvvəlki vəziyyətinə qaytarmalıdır. Burada biz heç bir məsuliyyət daşımırıq».

 

Aygün Asimqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh