435 nəfərin öldüyü qəzanın təfərrüatı 90 il sonra məlum oldu - FOTO
12 dekabr 1917-ci il. Avropada Birinci Dünya müharibəsi davam edir. İndiki Slovakiyada yerləşən Kobarid şəhərində müttəfiqlər üzərində qələbə çalan Fransa ordusu əsgərlərinə növbədənkənar məzuniyyət verilir. Minədək əsgər və zabit 17 günlük məzuniyyət üçün vətənə yola salınır. Hamı sevinc içindədir: Axı Yeni ili ailələri ilə keçirəcəklər. Fransaya gedən qatarlar da ard-arda düzülüb. İcazəli əsgərləri daşıyan 17 vaqondan ibarət qatar da həmçinin.
Avtosfer.az xəbər verir ki, İtaliyanın Bassano del Qrapa şəhərindən gələn qatar çox ağır olduğu üçün Frejüs tünelinə girməzdən əvvəl vaqonların yarısı açılıb başqa lokomotivə qoşulur. Modan stansiyasında (Fransa) isə vaqonlar yenidən birləşdirilir ki, əsgərlər hamısı təyinat yerinə eyni vaxta çatsınlar.
350 metrlik 530 ton kütləli qatar saat 22.47-də stansiyadan çıxır. 14 kilometr sonrakı enişdə isə parovozun tormozlama gücü sürəti azaltmağa kifayət etmir. Məlum olur ki, pnevmatik tormoz yalnız parovoz və ilk vaqonda işləyir, digərləri isə ayrılıb. Mexaniklərin tormoz kranlarını açmaq cəhdi nəticə vermir. Üzüaşağı yolda birinci vaqondan sonrakı bütün vaqonlar qoşqudan ayrılıb relsdən çıxaraq bir-birinin üstünə qalaqlanır və yanğın baş verir. Bəzi əsgərlərin qanunsuz olaraq özləri ilə qumbara və barıt gətirməsi faciənin miqyasını daha da böyüdür. Baş verən yanğını yalnız 1 sutka sonra söndürmək mümkün oldu.
Üzüaşağı hərəkət edərkən 150 km/saatadək sürət yığan parovoz, tender (kömür vaqonu) və qoşulu vaqon Sen Mişel Valuar stansiyasını bir göz qırpımında keçir və aşır. Bunu görən stansiya rəisi növbəti Sen Mişel de Moryen stansiyasından bütün hərəkəti dayandırmağı tələb edir.
Hadisənin nəticələrinin aradan qaldırılması 1 həftə çəkir.
İşə baxan hərbi məhkəmə təqsirləndirilən bütün dəmiryolçulara bəraət verdi. Görünür bu yolla həm də çox söz-söhbət yaranmasının qarşısını almaq istəyirdilər.
O vaxt hadisə barədə heç bir xəbər verilmədi. Hərbi senzura bütün məlumatların yayılmasını qadağan etmişdi. Lakin şayiələr dolaşmağa davam edir. Bəziləri qəzada 700, bəziləri isə 1200 nəfərin öldüyünü iddia edirdi.
Nəhayət, 2007-ci ildə, 90 il sonra hərbi sənədlərin üzərindən məxfilik qrifi götürüldükdə real mənzərə məlum oldu. Qəzada 435 nəfərin öldüyü təsdiqini tapdı. Sen Mişel de Moryen qəzası adı verilən hadisə Fransa tarixində ən ağır dəmir yol qəzası kimi qaldı.
Vüqar