Reklam

Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı necə icra olunub? - ARAŞDIRMA

Öyrənək 30 Avqust 2024 11:31 Oxunub 244
Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı necə icra olunub? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol hərəkəti təhlükəsizliyi hər bir ölkədə ictimai təhlükəsizliyin ən önəmli hissələrindən biridir. Bəşər tarixində avtomobillərin peyda olduğu, avtomobilləşmənin səviyyəsinin artdığı ilk illərdən başlayaraq yollarda təhlükəsiz hərəkət məsələsinin aktuallığı getdikcə daha ciddi hiss olunmuşdur. 20 əsrin 50-60-ci illərində isə inkişaf etmiş ölkələrdə yol hərəkəti təhlükəsizliyinin müxtəlif tərəfləri böyük müzakirələrə səbəb olmuşdur.

İkinci Dünya müharibəsindən sonra avtomobil sənayəsinin sürətli inkişafı, əhali mobilliyinin təmin olunması və logistikada avtomobillərdən istifadənin artması küçələrdə və yollarda qəzaların artmasına, nəticədə insanların sağlamlığına ciddi ziyan dəyməsinə, çoxlu sayda insanın ölümünə, böyük məbləğlərdə maddi ziyana gətirib çıxarıb. Ona görə dünyanın müxtəlif ölkələri artıq 70-ci illərdən başlayaraq həyəcan təbili çalırdılar ki, dövlətlər səviyyəsində bu məsələlərin qarşısını almağa ciddi ehtiyac var.

Bu yöndə aparılan araşdırmalar 1990-cı illərdə daha intensiv xarakter alıb. Həmin dövrdə artıq xüsusi dövlət proqramları ortaya çıxıb. İlk layihələrdən biri İsveçdə həyata keçirilən “Vizion Zero” olub. Bu proqram yol hərəkəti təhlükəsizliyinə dövlətin yanaşmasının tamamilə yeni forması idi. Hətta o dövrdə bu layihə o qədər maraqlı olub ki, BMT bu proqramı əsas götürərək özünün rəsmi sənədlərində digər ölkələr üçün önəmli çağırışlar edib, bir necə direktiv və qətnamə qəbul edib.

Ölkəmizdə də yol hərəkəti təhlükəsizliyi daim aktuallıqda qalan məsələlərdən biridir. Xüsusən də dövlət müstəqilliyi bərpa edildikdən sonra 90-ci illərin sonu, 2000-ci illərin əvvəllərində iqtisadi dirçəliş zəminində avtomobillərin sayının artması ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə yeni yanaşmanın zəruriliyini diqtə edib. Lakin əvvəllər bu məsələlərə o qədər də geniş yer ayrılmırdı. Yalnız 2018-ci il dekabrın 27-də Azərbaycan Respublikası Prezidentinin 852 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edildi.

Proqram ölkəmizdə yol-hərəkəti təhlükəsizliyinə dair ciddi dəyişiklikləri hədəfləmişdi (məsələn, yol-nəqliyyat hadisələrində ölüm sayının, sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının və yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz azaldılması).

Lakin ötən 5 il ərzində həyata keçirilən tədbirlərə və Proqramın icrası gedişinə nəzər yetirdikdə, ortaya maraqlı mənzərə çıxır.

“Müstəqil Nəqliyyatçılar” İctimai Birliyi olaraq “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icra səviyyəsini və qarşıda duran problemləri araşdırmaq üçün belə bir layihə hazırladıq. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində Dövlət Proqramının icrası ilə bağlı vəziyyətin ictimai müzakirəsini keçirdik. Layihənin icrası çərçivəsində Dövlət Proqramının icra müddətinə də nəzər saldıq.

“Araz FM”in “Düzgün hərəkət” verilişinin efirində Milli Məclis deputatlarının, ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə aparılan təhlillər, efirdə geniş ictimai müzakirələr zamanı məlum oldu ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrasına heç də nəzərdə tutulduğu qədər diqqət ayrılmayıb. Proqramın icrasının yekunda əldə olunan və cəmiyyətin açıq-aşkar görə biləcəyi, mobilliyə, yol-hərəkəti təhlükəsizliyinə müsbət təsir edən nəticələr çox azdır. Düzdür, bu illər ərzində əhalinin mobilliyinin yaxşılaşdırılması istiqamətində bəzi addımlar atılıb. Məsələn, ictimai nəqliyyatın prioritetliyi gündəmə gətirilib və bu istiqamətdə işlər görülüb, uşaqların yollarda təhlükəsizliyi ilə bağlı çağırışlar artıb, bəzi məktəblərin ətrafında hərəkət təhlükəsizliyini artırmaq üçün dəyişikliklər olunub və s. Bundan başqa, Dövlət Proqramı çərçivəsində müəyyən yollarda təhlükəsiz sürət rejiminin tətbiqi ilə bağlı işlər görülüb, Nazirlər Kabinetinin şəhərlərdə mobillik planlarının hazırlanmasını ehtiva edən bir sıra qərarları qəbul olunub. Lakin həm aparılan müzkirələrdən, həm də ictimaiyyətin fikrindən bütövlükdə belə məlum olur ki, Dövlət Proqramı lazımınca icra edilməyib. Ona görə də qarşıda qoyulan məqsədə çatılmayıb. Hətta Proqramın icrasının son ilində, rəsmi statistikaya əsasən, yol-nəqliyyat hadisələrində ölənlərın sayı artıb (təssüf ki, 2022-ci ildə yol-nəqliyyat hadisələrində ölənlərin sayı 834 nəfər olsa da,  2023-cü ildə bu göstərici 862 nəfər olub). Bu isə onu göstərir ki, ölkəmizdə bu tipli proqram xarakterli tədbirlərə çox ciddi ehtiyac qalmaqdadır.

Beləliklə, layihə çərçivəsində apardığımız araşdırma və müzakirələrin nəticələrinə istinad edərək deyə bilərik ki, “Yol-hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı” bir qədər təkmilləşdirilməklə, ölkəmiz üçün real, praktiki hədəflər qarşıya qoyulmaqla yeni məzmunda və yeni dövr üçün təkrar təsdiq edilməlidir. Bu dəfə əsas hədəf proqramın real icrası, buna məsul qurumların diqqətini bu istiqamətə yönəldərək daha təsirli nəticələrin əldə edilməsi olmalıdır. Növbəti proqramın gözlənilən nəticələrə gətirib çıxarması üçün aydın maliyyə mexanizmi, qarşılıqlı əlaqə qurulmalı, cəmiyyətlə birlikdə ardıcıl iş görülməlidir. Dünya təcrübəsi göstərir ki, belə proqramlar olmadan və onların real icrasına nail olunmadan ölkədə yol hərəkəti təhlükəsizliyinin təminində ciddi irəliləyişlərə nail olmaq mümkün deyil.

Ərşad Hüseynov, hüquqşünas

Qeyd: Yazı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyi olaraq “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icra səviyyəsini və qarşıda duran problemlər" layihəsi çərçivəsində hazırlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh