Bank kartlarına tətbiq edilən yeni qaydaların mahiyyəti açıqlandı

Bank kartları ilə bağlı son dövrlərdə tətbiq edilən limitlər və yeni yanaşmalar cəmiyyətdə müxtəlif suallar doğurub. Xüsusilə kartlara mədaxil, məxaric və köçürmə limitləri ilə yanaşı, bir şəxsin neçə bank kartına sahib ola biləcəyi məsələsi də gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, “hər müştəriyə yalnız bir bank kartı veriləcək” kimi yanaşmalar mövcud mexanizmin mahiyyətini dəqiq əks etdirmir:
"Bank kartlarının sayı və əməliyyatlara tətbiq olunan yeni yanaşmalar ətrafında son dövrdə formalaşan informasiya fonunda bir sıra anlayışların bir-birinə qarışdırıldığı müşahidə olunur. Hazırkı yanaşmanın əsas məqsədi vətəndaşların bank xidmətlərinə çıxışını məhdudlaşdırmaq deyil, eyni kart məhsulundan çoxsaylı istifadənin yaratdığı riskləri idarə etmək və ödəniş sistemində şəffaflığı artırmaqdır."
R.Muradov qeyd edib ki, tətbiq olunan baza prinsipinə əsasən, əməkhaqqı, pensiya və digər sosial ödəniş kartları, habelə sahibkarlıq və depozit hesablarına bağlı kartlar istisna olmaqla, hər bankın hər bir ayrıca kart məhsulu üzrə müştəriyə milli valyutada bir kart, hər bir xarici valyutada isə ayrıca bir kart təqdim edilməsi nəzərdə tutulur:
"Bu yanaşma bir şəxsin həmin bankda yalnız bir karta sahib ola bilməsi anlamına gəlmir. Bank müxtəlif debet, kredit və digər kart məhsulları təqdim edirsə, müştərinin həmin məhsulların hər biri üzrə ayrıca kart əldə etməsi mümkündür. Müəyyən edilmiş baza sayı sərt və dəyişməz hədd deyil. Müştərinin əlavə karta ehtiyacı iqtisadi və əməliyyat baxımından əsaslandırıldıqda, bank onun maliyyə davranışını və risk profilini qiymətləndirərək əlavə kart verə bilər. Mövcud kartların avtomatik ləğv edilməsi də nəzərdə tutulmur.
Bu baxımdan bir şəxsin eyni bankda 6–7 və ya daha çox karta sahib olması praktik olaraq mümkündür. Eyni zamanda müxtəlif banklardan fərqli kart məhsullarının əldə edilməsi hüququ saxlanılır."*
Əməliyyat limitlərinə də toxunan deputat terminoloji dəqiqliyin vacibliyini vurğulayıb:
"Gündəlik 5 əməliyyat həddi kartdan-karta pul göndərilməsinə deyil, ödəniş alətinə daxil olan mədaxil əməliyyatlarına aiddir. Aylıq 50 min manat göstəricisi də eyni şəkildə mədaxil üzrə baza həddidir.
Mövcud siyasətin iqtisadi mahiyyəti kartların sayını mexaniki şəkildə azaltmaqdan ibarət deyil. Əsas hədəf çoxsaylı kartlardan sui-istifadə, qeyri-şəffaf pul dövriyyəsi və maliyyə fırıldaqçılığı risklərini azaltmaq, eyni zamanda leqal bank fəaliyyətini həyata keçirən vətəndaşların maliyyə imkanlarını qorumaqdır. Bu səbəbdən ictimai müzakirələrdə 'kart sayı', 'kart məhsulu', 'mədaxil' və 'köçürmə' anlayışlarının dəqiq fərqləndirilməsi xüsusi əhəmiyyət daşıyır."
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












