Banner

Ağac arxasında görünməz olan yol nişanları qəza təhlükəsi yaradır

Yazarlar 29 May 2015 02:19 Oxunub 2866
Ağac arxasında görünməz olan yol nişanları qəza təhlükəsi yaradır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Yol nişanları ilə bağlı problemlər qəzalara səbəb ola bilər»

 

Yol nişanlarının üzərini örtən ağaclar BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən kəsilməlidir

 

Yaz aylarında paytaxtımızda yaşıllıq artır. Yolların kənarında olan ağacların yaşıllaşaraq böyüməsi ilk baxışdan müsbət olsa da, özü ilə problemlər də yaradır. Belə ki, böyüyən ağaclar həm də yol nişanlarının üstünü tutur. Nəticədə görünməz olan işıqforlar, yol nişanları digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradır. Halbuki vaxtaşırı olaraq küçələrdəki ağaclarda budama işləri aparılmalı, yol nişanlarını gizlədən ağaclar təmizlənməlidir. Əgər bu yolla da yol nişanı görünməzsə, o halda yol nişanının yerini dəyişmək lazımdır. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirirlər ki, yol nişanlarında problem yaşanırsa, bununla bağlı dərhal aidiyyatı qurumlara məlumat verilir. Ağacların budaqlarının artması nəticəsində yol nişanları, isşıqforların görünməz hala düşdüyü aşkarlanarsa, Respublika Yol Polisinin Siqnal İdarəsi rəhbərliyinin imzası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı departamentinə müraciət edilir. bundan sonra aidiyyəti qurumlar bu ağacları budamalı və nişanları görünən hala gətirməlidir. 

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, Dövlət Yol Polisi bu işə nəzarət etməlidir: «Yol-Patrul Xidməti Haqqında Təlimat»a görə, hər bir polis əməkdaşı xidmət etdiyi sahədə nişanların vəziyyətinə, yolun vəziyyətinə, ümumiyyətlə, texniki tənzimləmə vasitələrinə, yəni, işıqfora, yolda çəkilən xətlərə, bütün bunların hamısına nəzarət etməlidir. Bunlarla bağlı hər hansı problem aşkarladıqda bu haqda məlumat verməlidir. Həmin məlumat əsasında Dövlət Yol Polisinin Siqnal Xidməti bu işlərlə məşğul olmalı, problemləri aradan qaldırmalıdır. Əgər ağac nişanın qarşısını kəsibsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan yaşıllaşdırma işinə baxan quruma məlumat verməlidirlər ki, ağacın budağının kəssinlər və ya nişanın yerini dəyişsinlər». 

Ekspertin sözlərinə görə, yol nişanları həmişə qanuna uyğun, ideal şəkildə olmalı və yolun hərəkət istiqamətində yerləşdirilməlidir: «Yol nişanları ilə bağlı problemlər qəzalara səbəb ola bilər. Bu səbəbdən yol nişanlarının görünməsi üçün tədbirlər görülməlidir».

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, nazirliyə daxil olan hər bir müraciət dərhal araşdırılır. Əgər hansısa yerdə ağacların yol nişanlarının üzərini bağlaması ilə bağlı müraciət olursa, həmin əraziyə baxış keçirilir. Vəziyyət yerində araşdırılaraq rəy verilir. Həmin rəyin bir sürəti müraciət edən quruma, digəri isə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndərilir. Sonrakı işləri həmin qurum aparmalıdır. 

Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə də əlaqə saxladıq. Amma qurumun rəhbəri Vaqif Novruzov ərazidə olduğu üçün onunla danışa bilmədik. Qurumdan suallarımıza cavab almaq üçün verilən telefon nömrəsindən isə zənglərimizə cavab verilmədi.  Avtosfer.az-ın əldə etdiyi məlumata görə isə ötən il Bakı şəhərində 130-dan çox nöqtədə yol nişanları, svetoforlar və digər yol qurğularının ağacların budaqları arxasında görünməz olduğu müəyyən edilib. DYP bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsə də, hələ də bu nöqsanlara Bakının hər yerində rast gəlmək mümkündür. 

 

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh