Banner

Avropa Oyunlarında «hər oyundan çıxmayan» sürücü axtarırıq - Avtosfer.az-da yenilik

Yazarlar 25 May 2015 01:00 Oxunub 3114
Avropa Oyunlarında «hər oyundan çıxmayan» sürücü axtarırıq - Avtosfer.az-da yenilik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Evimizə gələn qonaqlara yol mədəniyyəti göstərməliyik

Bakı-2015 İlk Avropa Oyunlarında Azərbaycanın hər bir vətəndaşı əlindən gələn dəstəyi, köməyi dövlətimizdən əsirgəməməlidir. Biz də «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi və Avtosfer.az saytı olaraq yol hərəkəti ilə bağlı təbliğat işlərinə daha geniş diqqət etməyə başlamışıq. Artıq mayın 10-dan etibarən start götürən bu kampanya Avropa Oyunlarına qədər qalan bir ay müddəti əhatə edir. Əslində, Avtosfer.az saytının başlıca məqsədi sırf təbliğatdır. Amma son günlər bu işi daha da gücləndirmişik. Bunun da başlıca səbəbləri var. Məsələn, sürücülər arasında sürücülük mədəniyyətinin yüksəldilməsi başlıca şərt olaraq təbliğ olunur. Dayanma-durma, yolun hərəkət hissəsini zəbt etmə, dönmə siqnallarından istifadə və sair bu kimi bir çox məsələlər var ki, əksər sürücülərimiz buna məhəl qoymur. Unutmaq olmaz ki, yol mədəniyyətdir. Bakıya gələcək qonaqlar ilk öncə yolumuzu görəcəklər, yollarımızdakı sürücüləri görəcəklər. Bu baxımdan, hesab edirik ki, sürücülər daha məsuliyyətli olmalıdır. Sürücü mədəniyyətini nümayiş etdirməliyik. Bir anlıq təsəvvür edək ki, evimizə qonaq gəlib. Qonağın qarşısında pis hərəkətlər edirikmi? Yox. Hamı çalışır ki, evə gələn qonağın qarşısında daha yaxşı görünsün, daha mədəni hərəkətlər etsin. Azərbaycan bizim Vətənimizdir. Bakı bizim paytaxtımızdır. Vətənimizdə Avropa Oyunları kimi mötəbər bir yarış keçirilir. Hər birimiz bu Vətənin bir daşıyıq və hər birimiz də çalışmalıyıq ki, bu yarış möhtəşəm keçsin. Xırda-para nöqsanlar da olmasın.

Düşünün ki, bir xarici qonaq küçədə bizim sürücülərin parkinq mədəniyyətinə diqqət edəcək. Gəlin görək, o əcnəbi qonaq nə görəcək? Görəcək ki, yolun kənarıdır. Dayanma-durmanı qadağan edən yol nişanı var. Amma bizim sürücülər o nişanın təsir zonasında maşın saxlayıblar. Görəcək ki, eyni parkinqdə biri maşını düz, biri çəp, biri arxası yola, biri qabağı yola və sair formalarda park edib. Əcnəbi görəcək ki, bizim sürücülər yolda maşın sürə-sürə sok içir və sokun qabını pəncərədən küçəyə atıb yolu zibilləyir. Daha sonra görəcək ki, bizdə təhlükəsizllik kəmərindən istifadə edən sürücülər azdır. Yəni, deməyimiz odur ki, yollarımızda çoxlu problemlər var. Bu problemlərin yarısı dövlət qurumları ilə bağlıdırsa, yarısı elə sürücülərin, vətəndaşların özündən asılıdır.

«Tarqovı»nın arxa küçələrindən keçin. Oradan keçən xarici qonaq görəcək ki, hər kəs evinin pəncərəsinin qarşısına iki dirək basdırıb, zəncirlə də sədd çəkib. Niyə? Çünki insanlar hesab edir ki, belə də olmalıdır. Maşın saxlamaq üçün hamı öz evinin qarşısını çəpərləyir, zəncirləyir. Qanun belə demir axı. Qanun deyir ki, yolun hərəkət hissəsində, piyada səkisində hər hansı qurğu, maneə quraşdırmaq olmaz. O zəncirlərin əlindən, səkilərdə dayanan maşınların ucbatından piyadalar yolun hərəkət hissəsi ilə getməli olur, maşınlar isə piyadalara və yol kənarında park edilmiş maşınlara sürtünə-sürtünə hərəkət edir. Ona görə ki, hər kəs öz məsuliyyətini dərk etmir. Bu baxımdan, hesab edirik ki, Avtosfer.az saytı olaraq bu sahədə daha geniş təbliğat işlərinə ehtiyac var və Avropa Oyunlarına qədər bu işlər intensiv şəkildə həyata keçiriləcək. Gəlin, qonaqlarımızı yaxşı qarşılayıb yaxşı yola salaq. Çünki qonaq hamımızın qonağıdır. Yol mədəniyyəti isə qonaqlarda daha dərin iz buraxılır.

Sürücülərə müraciət edərək bildiririk ki, yol hərəkətinə dair istənilən sualla bizə müraciət edə bilərsiniz. Rastlaşdığınız hər hansı nöqsanı da bizimlə yanaşı, Baş Dövlət Yol Polisi İdarəsinin 902 «qaynar xətti»nə zəng etməklə məlumat verin. Sualınıza cavab alın.

Bizimlə əlaqə çox asandır; 070 335 15 59 saylı telefon, [email protected], [email protected] elektron poçtumuz, habelə facebokkda https://www.facebook.com/avtosfer.az ünvanı hər an sizin xidmətinizdədir. Gəlin, bir olaq, birləşək və bu mötəbər yarışda əls sürücü mədəniyyəti nümayiş etdirək. Bildiklərimizi başqalarına da öyrədək!

Onu da qeyd edək ki, yollarımızdakı problemlərlə bağlı, o cümlədən də sürücülərimizin yol verdiyi xətalarla əlaqədar foto-video materiallar bu gündən başlayaraq Avtosfer.az saytında daha geniş yayılacaq. Nümunəvi sürücülərimizi, piyadalarımızı da təbliğ edəcəyik. Bununla bağlı hər hansı materialı – foto və videosu olan oxuculardan xahiş edirik ki, çəkdiklərini bizimlə də bölüşsünlər. Bunun üçün yuxarıda qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərsiniz. 

Gəlin, birlikdə Vətənimizə, dövlətimizə dəstək olaq. Bu günlərdə hər şeyi başqalarının, habelə yol polisinin üzərinə atmayaq. Hər şeyi əvvəlcə özümüzdən başlayaq. Mütləq nəsə alınacaq. Sadəcə, istəyin və cəhd edin!

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh