Banner

«Avtoş»lar və İŞİD-çilər

Yazarlar 21 Aprel 2015 19:53 Oxunub 2674
«Avtoş»lar və İŞİD-çilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Birini şeytan yoldan çıxırdır, digərinin içinə cin girir…

Bir neçə gündür Bakıda Ağır Cinayətlər Məhkəməsində İŞİD terrorçularına qoşulub başkəsənlik edən bir neçə azərbaycanlının məhkəməsi başlayıb. Məhkəmədə ifadə verən İŞİD-çilərin bir neçəsi, eləcə də, onların yaxınları bildirirlər ki, bu adamların içinə cin girib, ona görə də Suriyada döyüşməyə gediblər. İŞİD-çilərdən birinin ailə üzvü məhkəmədə deyib ki, tutulan şəxsin içinə cin girdiyi üçün Türkiyəyə gedib, orada müalicəsi mümkün olmadığı üçün Suriyaya üz tutub və müalicə alıb. Azərbaycana qayıdanda isə həbs olunub. Əvvəla, adamı heç nədən həbs etmirlər. İkincisi də, Suriyaya heç normal vaxtlarda getmək olmurdu, sən bu qarmaqarışıqlıqda cin çıxartmağa yer tapmadın? Azərbaycanda o qədər cinçıxardan, şeytana papuc tikən varkən, Suriyada nə işin var? Yoxsa sən televiziyaya baxmırsan? Canlı efirdə qızın bədənindən cin çıxardılar. Sən də gedəydin, cini çıxardardılar. Daha o boyda əziyyət çəkib, pul xərcləyib Suriyaya niyə gedirdin? İçini cin girmiş adam dəlifason olur. Amma Suriyaya gedənlər o qədər ağıllı hərəkət edirlər ki, heç kimin xəbəri olmur. Ta ki, onlar Suriyadan ailələrinə zəng edib «mən Suriyadayam» deməyənə kimi heç kim onların yerini bilmir. Deməli, burada cinin günahı yoxdur. İçinə cin girmiş adam maşınlarını, obyektlərini, bağ-bağçasını satıb, 3 uşağını da zorla maşina mindirib Suriyaya gedərmi? İçinə cin girmişdisə, o var dövləti kəndçilərinə pulsuz verərdi. Niyə satıb, pulu da özü ilə Suriyaya aparır?

Nədənsə, bizimkilərin işi dara düşəndə günahı cinin, şeytanın boynuna atırlar. Əsəbləşəndə, cinə-şeytana dönürük. Qəmlonu xatırlayanlar var yəqin ki… O da cinə-şeytana dönüb qəddarlıq edirdi.

Bizim məmləkətdə cinə-şeytana aid maraqlı lətifələr də var. Gəlini ilə intim münasibətə girib şeytanı günahlandıran kişinin lətifəsi dillər əzbəridir.

Allahın buyruğunu yerinə yetirməyən insanlar cinin-şeytanın əsirinə çevriliblər. Allah Quranda buyurur ki, insanlara qarşı mehriban ol, heç kimin canını acıtma, faydalı işlərlə məşğul ol, ailəni, övladlarını qoru. Amma bu yaramaz adamlar İŞİD terrorçularına qoşulmaq üçün öz arvadlarını, uşaqlarını da götürüb Suriyaya gedirlər. Arvadlarını başqalarına halal edirlər. Allahın adı ilə qan töküb baş kəsənlər görəsən, nədən unudurlar ki, bir qadın yalnız bir kişinin halalı ola bilər. Allahın yaratdığı bəndələrin başını kəsib küçələri qan gölünə çevirən bu yaramazlar özlərini Allaha niyə tay tuturlar? Axı, canı ancaq Allah ala bilər. Çünki canı bizə O verib.

Bunlar gedib min oyunlardan çıxırlar, arvadlarını, analarını tanımadıqları adamların qucağına atırlar, sonra da işləri dara düşəndə, həbs olunanda cini-şeytanı günahlandırırlar. Sən namusunu qoruya bilmirsənsə, cin nə etsin? Şeytan belə sizin əməllərinzə çaş-baş qalıb.

Şeytandan söz düşmüşkən, bizim bəzi sürücülərin də işi dara düşəndə şeytanı günahlandırırlar. Qanunun pozulmasında, cinayət törədilməsində hər zaman digər iştirakçı olur. Bizim avtoxuliqanlıq edən bəzi sürücülər də həbs olunan kimi deyirlər, «şeytan yoldan çıxartdı, sürdüm». Mən özüm dəfələrlə Dövlət Yol Polisi ilə reydlərdə iştirak etmişəm. Avtoxuliqanlıq edərək həbs olunan şəxslərlə saxlanma məntəqəsində görüşmüşəm. Əksəriyyəti hadisəni olduğu kimi, bəzən də özünə sərf edən formada danışıb axırda bu sözü deyir; «şeytan elədi». Başa düşmək olmur, şeytan səni yoldan çıxardıbsa, maşını saxla, düş yerə, başını çırp divara, paltarını soyun lüt gəz, cibindəki pulları ehtiyacı olanlara ver. Hamı da görsün ki, sənin başın işləmir, şeytan yoldan çıxardıb. Amma sən maşın sürürsən və yol polisini görəndə darısqal küçələrdə o qədər dəqiqliklə hərəkət edirsən, elə yollardan keçirsən, maşını güllə kimi uçurdursan, tutulanda da, deyirsən, şeytan yoldan çıxartmışdı. Heyf ki, şeytanı görə bilmirik. Onu tapıb soruşsaq ki, bu avtoxuliqanla nə işin var? Cavab verəcək ki, sənin əməllərindən baş açmır. Bəlkə də, sən onun adını çəkəndə şeytan dəli olur, əsəbləşir. Çünki şüurlu insan ola-ola elə əməllər törədirsən, elə şeylər fikirləşib tapırsan ki, şeytanın heç onlardan xəbəri də yoxdur.

Hər şeydən əvvəl insan gərək öz insanlığını qoruyub saxlasın. Dara düşəndə qonşusunu satan adamlar kimi, cini-şeytanı bura qatmağa ehtiyac yoxdur. Hər kəs öz əməlinə görə cavabdehdir. Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Söhbət insanlardan gedirsə, insan cinin-şeytanın əsiri olmamalıdır. Əslində, ortada cin-şeytan da yoxdur. Sadəcə, tamahına, nəfsinə, ağlına sahib ola bilməyənlərin başqalarının toruna düşməsi var…

P.S. Avtoxuliqanlarla İŞİD terrorçularının müqayisəsi bəlkə də, çoxlarına qəribə görünə bilər. Ancaq dərindən düşünsək, ikisinin də mahiyyəti eynidir. Sonunda ikisi də terror törədir, adam öldürür, qan tökür, cəmiyyətə pis nümunə olur…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh