Banner

Azərbaycan və Amerika yol polislərinin böyük fərqi – TƏƏSSÜF -VİDEO

Yazarlar 8 Yanvar 2015 01:02 Oxunub 2895
Azərbaycan və Amerika yol polislərinin böyük fərqi – TƏƏSSÜF -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amerikan polisi «əllər yuxarı, yerə uzan», bizim polislər isə «paqonumu cırma» deyir

Avtosfer.az saytı son günlər Azərbaycanda yol polisi əməkdaşlarına qarşı edilən cinayət xarakterli əməllərlə bağlı maraqlı video hazırlayıb. Videodan da görürük ki, bizim polislər əslində, humanistdirlər. Çox uzağa getməyək, qardaş Türkiyədə yol polisinə tabe olmayıb qaçan sürücünü ən yaxşı halda ayağından güllə ilə vurub tuturlar. Amerikada isə hətta güllələyib öldürə də bilirlər. Sürücünün kiçik bir yanlış hərəkəti kifayət edir ki, amerikalı polis onu güllələsin. Yəni, polis saxladığı sürücüyə nə əmr edirsə, o da yerinə yetirilməlidir. Amma videodan da görürük ki, bizdə mənzərə tamam başqa cürdür. Məsələn, polislərimiz arasında hüquqlarını bilməyən, kobudluq edən əməkdaşlar var. Əslində, qanunu tətbiq etməyə çalışırlar. Yəni, hansısa avtoxuliqanı tutub məsuliyyətə cəlb edirlər. Amma bunu elə kortəbii şəkildə, hay-küylə və bir qədər də biabırçı formada edirlər ki, bu da yaxşı qarşılanmır. Elə videodan da bunu görürük. Əslində, yol polisi əməkdaşı tabesizlik göstərən sürücüyə xəbərdarlıq etməli, yenə tabe olmazsa, Post-Patrul Xidməti çağırmalı idi. Lap elə özləri də qandalı həmin sürücünün qoluna vurub maşına mindirə bilərdilər. Amma belə etmirlər. 4-5 nəfər yol polisi bir sürücünü maşina mindirənədək papaqları yerə düşür, paqonları cırılır və kənardan baxanlar da bu mənzərəni sadəcə, ikrah hissi ilə izləyirlər.

Biz də təəssüf edirik ki, fiziki və psixoloji cəhətdən hazırlıqsız olan bu polislər özlərini bu vəziyyətə salmamalı idilər. Polisi papağı yerə düşmüş, paqonları cırılmış vəziyyətdə görmək şəxsən bizimçün xoş deyil. Polis öz davranışları, hərəkətləri, danışığı, fiziki hazırlığı ilə başqalarından seçilməlidir. Yoldan 3-4 nəfər sadə vətəndaş çağırsaydılar, bəlkə də onlar polislərdən daha səliqəli şəkildə həmin sürücünü «zərərsizləşdirib» maşına oturda bilərdilər. Yəni, bu hərəkətlər adi vətəndaşların edə biləcəyi davranışlardır. Polis isə fərqlənməlidir. Peşəkarlığı, cəsarəti, davranışı ilə seçilməlidir. İnsanlar polisdən çəkinməlidir. Polisin qanuni tələbini yerinə yetirmədiyi halda hansı vəziyyətlə üzləşəcəyini nəinki sürücü, hər bir vətəndaş bilməlidir. Bütün bunlar isə təbliğatla görüləsi işlərdir və təəssüflər olsun ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Və belə mənzərələrlə rastlaşdıqdan sonra başqalarının da polisə necə münasibət göstərəcəyini düşünməyə başlayırıq (üzülürük).

Bütün bunlar polislər üçün pis nümunədir. Doğrudanmı, 5 polis bir arıq-sıska sürücünü sakit şəkildə maşına mindirə bilmir? Hanı bu polislərin silahı, dəyənəyi, gözyaşardıcı qazı? Bunlar mütləq olmalıdır. Çünki yalnız bu xüsusi vasitələr tətbiq olunandan sonra insan başa düşəcək ki, polisə kəllə atanın axırı yaxşı olmayacaq. Yalnız bu vasitələri polisin üzərində görən sürücülər, vətəndaşlar sakitcə təslim olacaqlar. Heç kim istəməyəcək ki, ən yaxşı halda rezin dəyənək onun kürəyində eni 10 sm olan zolaq açsın. Bundan sonra heç bir polisin papağı yerə düşməyəcək, paqonları cırılmayacaq…

Digər videoda da mənzərə ürəkağrıdandır. Video çoxdan çəkilib. Hadisə Ucarda baş verib. Maşını arxa-arxaya sürən sürücü yol polisinə tabe olmur, dayanmır. Yol polisi isə səsgücləndirici vasitə ilə «qaçma, saxla, söz deyirəm» kimi ifadələrlə ətrafdakı insanlarda gülüş yaradır. Amma belə olmalı deyildi. Belə sürücünün olduğu maşını polis maşını ilə vurub yoldan çıxardırsan (dünyanın əksər dövlətlərində bu vasitədən geniş istifadə olunur), sonra da qoluna qandalı taxıb aparıb atırsan dəmir barmaqlıqların arasına. Bundan sonra çətin ki, o sürücü bir də maşını tərsinə sürüb yol polisinə naz edər. Yoxsa, Qəmlo demişkən, bunların nazı ilə çox oynayanda həm ayaqları yer alır, həm də polisin nüfuzuna mənfi təsir edir. Bir sözlə, yol polisi bütün mümkün xüsusi vasitələrlə təmin olunmalı və lazım olduqda bunlardan intizamsız, kobudluq edən sürücülərə qarşı tətbiq edilməlidir.

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh