Reklam

Azərbaycanda bu qayda pozuntusuna görə hər gün 3500 protokol yazılır 

Yazarlar 15 Oktyabr 2015 11:01 Oxunub 2999
Azərbaycanda bu qayda pozuntusuna görə hər gün 3500 protokol yazılır 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaların vurulması ilə nəticələnən yol qəzalarının 90 faizinə sürət həddi səbəb olur

«Azərbaycanda ən çox pozulan qayda pozuntusu sürət həddinin aşılması ilə bağlıdır». Bu barədə Avtosfer.az-a DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, sürət həddinin aşılması ilə bağlı hər gün tətbiq olunan protokolların sayı təxminən 3500 civarında olur: «Bəzən, 3700-dən də artıq olur. Bu, hələ radarların qeydə aldığı rəqəmlərdir. Radar olmayan yerlərdə də çox güman ki, belə hallara yol verənlər var. Bu rəqəm bizi çox narahat edir. Çünki yol qəzalarının başvermə səbəblərinə nəzər saldıqda məlum olur ki, sürət həddinin aşılmasına görə baş vermiş hadisələr ümumi hadisələr arasında üçüncü yerdə dayanır. Birinci yerdə piyadaların vurulmasıdır. Təxminən, 36-38 faiz təhkil edir. Piyadavurma hadisələrin 90 faizinə sürət həddinin aşılması səbəb olur. Çünki sürücülər sürəti yol şəraitinə uyğun seçmirlər. İkinci yerdə ötmə-manevr, yəni, qarşı hərəkət zolağına çıxma nəticəsində baş verən qəzalar gəlir ki, bu da 31-32 faizdir. Sürət həddinin aşılmasına görə baş verənlər qəzalar isə 28-29 faiz təşkil edir. Ötməni, qarşı hərəkət zolağına keçməni aşkar etmək haradasa bir qədər çətindir. Amma sürət həddini avtomatik rejimdə işləyən xüsusi texniki vasitələr aşkar edir. Məsələn, bir gündə sürət həddi ilə bağlı 3761 fakt qeydə alınır, ötmə qaydalarının pozulması ilə bağlı isə ortalama 200 protokol tərtib olunub. Görün, nə qədər fərq var. Ötməni qeydə almaq üçün hər yerə kamera qoymaq olmur. Harasa kamera qoysaq, sürücü gəlib kameranın yanında ötməyəcək ki. Gedib başqa yerdə ötəcək ki, kamera çəkməsin. Amma ümumilikdə yollarımızdakı xüsusi texniki vasitələr yalnız sürət həddini qeydə almır. Yolun sağ hərəkət hissəsi boş ola-ola sol zolaqla hərəkət edənləri, qarşı hərəkət zolağına çıxanları kamera qeydə alır və elektron protokol tərtib olunur. Bu cür texniki vasitələr yalnız şəhərdə mövcuddur. Magistral yollarda qurulmayıb. Magistral yollarda demək olar ki, qarşılıqlı hərəkət yolu qalmayıb. Bu cür qurğuları orada qurmağa ehtiyac da yoxdur. Əksər yollarımız birtərəflidir».

Dayanma-durma qaydalarının pozulmasına görə gün ərzində tərtib olunan protokolların sayı 1200-1400 arası olur. Bunun da minə yaxını Bakının payına düşür. 

Kamran Əliyev bildirib ki, son günlər avtoxuliqanlıq edən və avtomobili sərxoş halda idarə edən sürücülərin sayında azalma var. Gün ərzində təxminən 40-45 sərxoş sürücü aşkar olunursa, avtoxuliqanlıq faktı 1 və ya 2-dir. Bəzən isə heç bir fakt qeydə alınmır. 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh