Banner

Azərbaycanda ən çox oğurlanan avtomobillər

Yazarlar 2 Fevral 2015 14:50 Oxunub 3942
Azərbaycanda ən çox oğurlanan avtomobillər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınları qəsdən zərər vurmaq üçün qaçırırlar

Azərbaycanda maşın oğurluğu və qaçırılma halları daha çox sovet istehsalı olan avtomobillərlə bağlıdır. Bunu avtomobillərin oğurluq və qaçırılma hallarından əziyət çəkən sığorta şirkətləri bildirir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, təkcə ötən il paytaxtda nəqliyyat vasitələrinin oğurlanması və ya qaçırılması ilə bağlı 131 hadisə olub. 91 avtomobil tapılsa da, digər 40 avtomobili hələ də axtarırlar.

 

Daha çox  «07»lər oğurlanır

 

Azərbaycanda qaçırılma və oğurlanma halları daha çox “VAZ-2107”  markalı avtomobillərlə bağlı olur. “Buta sığorta” şirkətinin sığorta hadisələri departamentinin rəhbəri Fuad Nəbiyev verdiyi məlumata görə, iş təcrübəsi ərzində 3-4  avtomobillərin oğurlanma və qaçırılma halı ilə bağlı sığorta hadisəsi ilə qarşılaşıb. F.Nəbiyev adətən oğurlanma və qaçırılma obyektinin “VAZ-2107” avtomobilləri olduğunu bildirib: “Bəzən avtomobili qaçırılır. Bəzən isə ehtiyat hissələrini oğurlayıb aradan çıxırlar. Belə hallarda avtomobilə 1500-3000 manat arasında ziyan dəyir. Bəzi hallarda isə tamamilə məhv edilmə halları baş verir”. Daha asan başa gəldiyi üçün “Vaz 2107”avtomobilinin baqajından təkər oğurlama hadisələri də olur.

Avtomobilin ehtiyat hissələrinin oğurlanması halı “Xalq sığorta” şirkətində də baş verib. Şirkətdən verilən məlumata görə, 2012-ci ildə Xətai rayonunda “VAZ-21041” markalı  avtomobil  qaçırılıb. Daha sonra avtomobilin ehtiyat hissələrini sökülərək satılıb. Nəticədə dəymiş ziyanla bağlı maşının sahibinə 1000 manat sığorta ödənişi verilib.

 

“Rus maşınlarının qoruma sistemi zəifdir”

 

Sığorta ekspertləri hesab edirlər ki, rus istehsalı olan avtomobillərin  daha çox oğurlanmasına səbəb həmin avtomobillərin qapılarının sadə vasitələrlə daha asan açılması, siqnalizasiya və  qoruma sisteminin zəif olmasıdır.Rus maşınlarının, xüsusilə də “VAZ 2107” avtomobillərinin  bu səbəbdən daha çox oğurlandığını “Alfa sığorta” şirkətinin sığorta hadisələri departamentinin rəhbəri Feyruz Novruzov da təsdiq edir: “Rus maşınlarının qoruma sistemi çox zəifdir. Bu avtomobilləri daha tez oğurlayıb və hissələrini daha tez satmaq mümkündür”.

“Buta sığorta” şirkətinin sığorta hadisələri departamentinin rəhbəri Fuad Nəbiyev rus istehsalı olan avtomobillərdən başqa digər maşınların oğurluq və qaçırılma halı ilə qarşılaşmadığını bildirib. F.Nəbiyev hesab edir ki, buna səbəb digər xarici ölkə istehsalı olan avtomobillərin müasir siqnal və qorunma sistemi ilə təhciz edilməsidir.

 

Maşınları qəsdən zərər vurmaq üçün qaçırırlar

 

Avtomobilləri heç də həmişə gəlir əldə etmək üçün qaçırmırlar. Bəzən maşın qəsdən, sahibinə zərər vurmaq üçün qərəzli olaraq qaçırılır və qəza törədilir. Məsələn, avtomobili hasara çırpıb  yararsız hala salırlar. Hətta avtomobili oğurlayıb yandıranlar da olur. Fuad Nəbiyev 2013-cü ildə belə bir hadisə ilə qarşılaşdığını deyib: “2013-cü ildə Bakı kəndlərinin birində  “ Vaz 2107 ” avtomobilini qaçırıb yandırmışdılar”.

 

"Onun həbsdən çıxmağını gözləyirik"

 

Sığorta şirkətləri oğurluq və qaçırılma zamanı  avtomobil  sahiblərinə dəyən zərəri təmin etsələr də, ziyan vuran şəxslərdən dəyən zərəri geri ala bilmirlər. Belə ki,  zərərvuran şəxslərə cinayət işi açıldığından və ya həmin şəxs həbsdə olduğundan reqres hüququ təmin edilmir.

Məsələn, «Xalq sığorta» şirkətindən bildirilib ki, 2012-ci ildə  sığortalı avtomobili oğurlamaqla bağlı  2 nəfər 5 il müddətində həbs edilsələr də, sığorta şirkətinə dəymiş zərər təmin edilməyib. “Alfa sığorta” şirkətinin sığorta hadisələri departamentinin rəhbəri Feyruz Novruzov isə  2013-cü ildə avtomobili qaçırıb qəza törədən şəxsin hələ də vurduğu ziyanı sığorta şirkətinə ödəmədiyini deyib: “2013-cü ildə Bakıda sığortalı “Toyota Prado” avtomobilini qaçırıb qəza törətmişdilər. Yaxın tanışı avtomobili elektrik dirəyinə vurmuşdu.  Dəymiş zərərlə bağlı avtomobilin sahibinə 4000 manat  sığorta ödənişi verildi. Daha sonra zərərvurana qarşı məhkəmə iddiası qaldırdıq. Hələ də sığorta şirkətinə dəymiş zərər ödənilməyib”.

Buna görə də, belə halla üzləşən sığorta şirkətləri günahkarların həbs müddətinin bitməsini gözləməli olurlar. Başqa sözlə, belə şəxslərin həbsdən çıxmasını yaxınları ilə yanaşı, sığorta şirkətləri də səbirsizliklə gözləyirlər.

 

 

fins.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh