«Azəryolservis»in sarı xətt sevgisi və avtobus zolağında çatışmazlıqlar - VİDEO

Son günlər Bakının bəzi küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar üçün xüsusi hərəkət zolaqlarının yaradılmasına başlanılıb. Bu işin necə həyata keçirildiyini müşahidə etmək üçün həmin zolağın yaradıldığı yerlərdən birinə - Bibiheybət qəsəbəsi ərazisinə - Salyan şossesinə baş çəkdik. Gördüklərimiz bizi sözün pis mənasında təəccübləndirdi.
Biz dəfələrlə yol hərəkətinin təşkilindəki çatışmazlıqlardan, nişanların və nişanlanma xətlərinin tətbiqindəki problemlərdən danışmışıq. Amma bu sahədə yenə də pionersayağı özfəaliyyət davam etməkdədir. Sanki hər kəs hərəkətin təşkili ilə bağlı işləri icra edərkən qanunvericiliyi yox, öz bədii təxəyyülünü əsas götürür.
Bizi təəccübləndirən həmin zolağı fərqləndirmək üçün tətbiq olunan sarı xətlər oldu. Bəli, yenə də sarı xətlər. Bu sarı xətt sevgisinin haradan qaynaqlandığını bilmirik, amma onu dəqiq bilirik ki, ölkəmizdə qüvvədə olan qanunvericiliyə əsasən, xüsusi avtobus zolağının sarı xətlə fərqləndirilməsi nəzərdə tutulmur. Şübhə edənlər “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsində və “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Tətbiqi qaydaları” adlanan 23457-86 saylı DÜST-ə baxsınlar.
Həmin normativ aktlara əsasən, belə xüsusi zolaq 1.1 bütöv ağ nişanlanma xətti ilə fərqləndirilməlidir. Bəzi yerlərində isə bu xətlər 1.5 qırıq-qırıq ağ nişanlanma xətti ilə, qısa məsafədə həmçinin 1.11 xətti ilə də əvəzlənə bilər. Həmin zolağın başlanğıcında və hər yolayrıcından sonrakı başlanğıcında, habelə bu zolaq boyu 200 metrdən bir ağ rəngdə “BUS” yazısından ibarət olan 1.23 nişanlanması da tətbiq edilməlidir. Bizim müşahidə etdiyimiz yolda isə həmin “BUS” yazısı, habelə bu xüsusi zolağı yolun digər zolaqlarından ayıran bütöv xətt sarı rəngdədir. Ən qəribəsi də odur ki, yolun müəyyən yerlərindəki yolayrıclarında və kəsişmə yerlərində də bu sarı bütöv xətt davam edir.
Ümumiyyətlə, bu işi görənlər qanunvericiliyi diqqətlə öyrənməlidirlər. Konkret yol şəraitinə uyğun olaraq onu elə icra etməlidirlər ki, heç kimdə anlaşılmazlıq, çaşqınlıq yaramasın. Bilmirik, bəlkə bu işi edənlər düşünürlər ki, elə sürücülərimiz də onlar kimi nəyin necə olduğunu bilmirlər. Amma belə deyil axı. Bu ölkədə yol hərəkəti qaydalarını normal şəkildə bilən on minlərlə sürücü var. Onlar sizin bu yaradıcılığınızı görəndə təəccüblənməyəcəklərmi?
Ümumiyyətlə, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolaq təkcə bütöv ağ xətlə (1.1nişanlanması ilə) fərqləndirilmir. Həmin zolaqda ümumi nəqliyyat axınına qarşı hərəkət olduqda, habelə bu zolaqda eyni istiqamətdə hərəkət olsa da həmin yerdə hər hansı təhlükə və ya avtobus üçün maneə ola bilərsə, 1.1 xətti tətbiq edilməlidir. Digər hallarda, yəni hər hansı problem olmayan yol sahəsində eyni istiqamətli avtobus zolağı digər hərəkət zolaqlarından 1.5 xətti ilə də ayrıla bilər. Nəzərə almaq lazımdır ki, avtobus zolağı digər zolaqlardan bütöv xətlə ayrılırsa, həmin zolağı kəsmək həm digər nəqliyyat vasitələrinə, həm də avtobusa qadağandır. Belə yerdə avtobus sürücüsü bütöv xətdən sola keçərsə, 40 manat cərimə olunmalıdır. Yolayrıclarında və yola çıxış yerlərində isə avtobus zolağını bildirən xətt ya olmamalıdır, ya da yoldakı hərəkət sxeminə uyğun olaraq 1.11 xəttinə çevrilməlidir. Konkret yol şəraitindən asılı olaraq xüsusi avtobus zolaqlarının fərqləndirilməsinin başqa özəllikləri də ola bilər. Amma hər bir halda bu zolağın işarələnməsi ilk növbədə qanunvericiliyə, daha sonra konkret yol şəraitinə və normal məntiqə uyğun olmalıdır. Belə işlər həyata keçirərkən yaradıcı təxəyyül, zövq, psixoloji yanaşma və başqa bu kimi fərdi əlamətlər kənara qoyulmalıdır.
Ərşad Hüseynov,
yol hərəkəti üzrə ekspert














