Badamdarın yollarını darmadağın etdilər – FOTOLAR
Səbail rayonu, Badamdar qəsəbəsində yollar bərbad hala salınıb. Qəsəbənin daxili yollarını bir neçə aydır təmir adıyla qazıblar və hazırda vəziyyət biabırçı həddədir. Yağıntılı günlərdə burada nəinki piyada, heç avtomobillə də normal hərəkət etmək mümkün deyil.
Avtosfer.az-ın əməkdaşı qəsəbəyə baş çəkərək vəziyyətlə tanış olub. Sakinlər bildirdilər ki, qəsəbənin Tofiq Məmmədov, Nurəddin Paşayev, Əziz Nəzərov, Rafiq İskəndərov, Göyüş Qaraşov, Seymur Məmmədov, Ələddin Atakişiyev küçələrində, habelə 1-ci yaşayış massivi, döngə 4-də vəziyyət daha dözülməzdir: «Su-kanalizasiya xətlərinin dəyişdirilməsi adı ilə yolları qazdılar. Bir neçə aydır iş gedir, amma hələ də yekunlaşmaq bilmir. Başa düşə bilmirik ki, qabaqdan payız-qış mövsümünün gəldiyini billə-bilə yolları yayın axırları niyə qazıb bu hala saldılar. Bir az hava tutqun olan kimi iş dayanır, Özü də bir küçəni qazıb təmir eləyib o birinə keçmirlər, bütün küçələri eyni vaxtda qazıblar. İnsanlar evlərinə rahat gedib-gələ bilmir».
Sakinlərin sözlərinə görə, son vaxtlar qəsəbədə qazılmış yollarda bir neçə yol qəzası baş verib. Çala-çökək yollarda batıb qalan və maddi ziyanla üzləşən avtomobillər də var. Avtomobilsiz hərəkət etmək isə daha ağırdır. Çünki yollar palçıqdır. Hətta, piyada səkilləri də hərəkət üçün yararlı deyil. Bəzi yerlərdə piyada səkilərinə borular yığaraq yolu kəsiblər.
Sakinlər bildirir ki, burada təmir işləri və su-kanalizasiya borularının dəyişdirilməsi planlı şəkildə aparılsaydı, vəziyyət bu həddə çatmazdı. Xeyli müddətdir qəsəbədə işə gedənlər, uşaqları məktəbə aparanlar məcbur qalıb palçıqlı yollarla hərəkət edirlər. Bundan əlavə, bərbad halda olan küçələrdə günün müxtəlif saatlarında tıxac yaranır.
Ərazidə təmir işləri aparan fəhlələr isə bildiriblər ki, son günlər iş prosesi ləng gedir. Buna səbəb isə işçilərin əməkhaqqının vaxtında verilməməsidir: «Pul verilmədiyi üçün iş bəzi günlər dayanır, bəzi günlər isə az-az davam edir»
Bu gedişlə bir ilə burada işləri başa çatdırmaq mümkün olmayacaq.
Elmin