Bakı küçələri gecələr zülmətə dönür
Yazarlar
3 Dekabr 2015 09:39
Oxunub 4197
Yolların əksəriyyətində işıqlandırma yoxdur, bu da faciəli qəzalara səbəb olur
"Bizim Yol" qəzetinə sürücülər tərəfindən paytaxtdakı yollarda işıqların söndürülməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub. Əsasən Bakı-Sumqayıt magistralından istifadə edənlər qaranlıqda hərəkət etməyin təhlükə yaratdığını bildirirlər. Sürücülərin sözlərinə görə, havanın tez qaralıb, gec işıqlandığı bu fəsildə qəzaların artmasının bir səbəbi də ya işıqlanmanın olmaması, ya da çox zəif olmasıdır. Yaşayış sahəsini iki hissəyə bölən şossedə istənilən an qəza və ya piyada vurulma halı baş verə bilər.
Sürücü Tural Ağayev deyir ki, sürət həddinin 90 kilometr olduğu yolda dəfələrlə işıqların yanmadığının şahidi olub. Bu, xüsusi ilə yağışlı və dumanlı hava şəraitində qəzaya səbəb ola bilər: "Sonra polis gəlib bizim boğazımızdan yapışacaq ki, niyə piyadanı vurmusan. Ancaq işıqlanmanın olmamasını heç kim nəzərə almır. Sürücünü bir kənara qoyuram. Piyada üçün də bu yolda getmək mümkünsüzdü. Qaranlıqda göz-gözü görmür".
Son aylarda mətbuatda bu problemlə bağlı çoxsaylı yazılar dərc olunub. Həmin yazıların birində Xocasən-Lökbatan yolunda işıqlanmanın ümumiyyətlə olmadığı qeyd olunur. İki qəsəbəni birləşdirən bu şosedə istər sürücü, istər də piyada hərəkət etməkdə çətinlik çəkir. Maştağa - Bilgəh yolu geniş zolağa və yeni asfalt örtüyə malik olsa da, bu yolda da işığa həsrət qalan dirəklər var. Amma onlar da elektrik enerjisinin nə olduğundan xəbərsizdir. Yolla hərəkət edən istənilən sürücü bəlkə də, mənzil başına çatana qədər dua edir. Çünki ərazi o qədər zülmətə qərq olub ki, yolu ancaq avtomobilin ön işıqları sayəsində görmək mümkündür.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, saat 2-dən sonra işıqlandırma sistemi qənaət rejiminə keçir: "Bu o demək deyil ki, bütün dirəklərdə işıqlar söndürülür. Qənaət rejimi zamanı 3-4 dirəkdən bir işıqlandırma söndürülür. Bu mənzərəni şəhərin mərkəzi yollarında da gecə vaxtı müşahidə edə bilərsiniz".
"Səhər açılanadək Bakı yollarında işıqlandırma qənaət rejimində olsa belə davam etdirilir"- deyə A.Nəcəfli lent.aza bildirib.
Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov "Bizim Yol" qəzetinə açıqlamasında bildirdi ki, problem həqiqətən də aktualdır: "Biz məsələni dəfələrlə reportajlar, sujetlər şəklində qaldırmışıq. Həqiqətən də Bakı küçələrində elə yerlər var ki, hardaki orada nəqliyyat vasitələrinin sıxlığı intensivdir, amma orada işıqlanma zəifdir. Bu nəinki, sürücülərin hərəkətinə maneçilik törədir, bu həm də piyadaları bilavasitə təhlükə altına atmaq, qəza şəraitinin yaranması üçün bilavasitə səbəb olan məsələdir. Düşünürəm ki, istənilən halda müvafiq qurumlar həmin əraziləri müəyyənləşdirməli və işıqlandırmanı həyata keçirməlidirlər. Bəzən şahidi oluruq ki, heç ehtiyac olmayan yerdə güclü işıqlandırma var. Amma Nizami, Xətai rayonunda elə küçələr var ki, orada nəqliyyat vasitələrinin intensivliyi yüksəkdir, ancaq işıqlandırma yox səviyyəsindədir". "Azərişıq" və "Azəryolservis" işıqlandırmaya cavabdehdir. Ancaq bəzən çaşqınlıq yaranır. Çünki yol sahiblərinə görə də bölünür. Misal üçün bələdiyyə yolları. İşıqlandırma çox zaman bu qurumlar arasında razılaşdırılmış şəkildə həyata keçirilir"- deyə A.Allahverənov bildirib.
Nəqliyyat problemləri üzrə eksper Ərşad Hüseynov da deyir ki, yollarla bağlı Nazirlər kabinetinin təsdiq etdiyi standartlara əsasən yollar işıqlandırılmalıdır: "Hətta kənd küçələri də işıqlanmalıdır. Bunun olmaması təhlükəlidir. Piyadalar və sürücülərin hərəkəti çətinləşir və qəza şəraiti yaranır. Yəni qanunda hər şey tənzimlənib, sadəcə olaraq onu icra etmək qalır".
Qeyd edək ki, xarici ölkələrdə küçələrin işıqlanmasına xüsusi diqqət yetirilir. Havanın dumanlı, yağışlı, qarlı olduğu dönəmlərdə işıqlanma gücləndirilmiş rejimdə olur. Hazırda ABŞ-ın San-Diyeqo və Ceksonvill şəhərlərində nəqliyyatın hərəkəti, boş parklama yerləri və hava şəraitinin monitorinqi barədə informasiya verən "ağıllı" küçə işıqlandırma sistemi işə salınıb. Küçə fənərlərinin növbəti funksiyası küçə cinayətləri haqqında məlumatın verilməsi olmaqla ümumi şəhər səs-küyündə odlu silahdan açılan atəş səslərinin müəyyənləşdirilməsi olacaq. İntellektual sistem yalnız atəş səslərinə reaksiya verməklə onları fişəng və avtomobil səslərindən seçəcək.
Statistik məlumatlara görə, ABŞ-da 911 xidmətinə küçədə baş verən 10 atışma hadisəsinin yalnız biri barədə məlumat verilir. Yeni texnologiya bunu daha operativ və diqqətlə etməyə imkan verəcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR