Banner

Bakıda yol pulu niyə şişir? - ARAŞDIRMA

Yazarlar 24 Aprel 2015 11:30 Oxunub 2234
Bakıda yol pulu niyə şişir? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxt yollarındakı hazırkı vəziyyət araşdırılıb

Bir neçə aydır ki, Bakının Badamdar qəsəbəsinin sakinləri şəhərin mərkəz hissəsinə getməkdə çətinlik çəkirlər, çünki qəsəbə mərkəzini Qurd qapısı ilə birləşdirilən Badamdar şossesi təmir olunur. Buna görə yolda tıxaclar yaranır, əvvələr Badamdardan keçmiş Əzizbəyov heykəlinə 6 dəqiqəyə gedən avtomobillər ind bəzən eyni yola 30-45 dəqiqə sərf etməli olurlar. 

Qəsəbə sakinləri narazılıqlarını gizlətmirlər. “Məncə, bu əziyyətə və xərcə dəyməz. İndi çəkirlər, bir il keçməyəcək ki, darmadağın olacaq”, - deyə orta yaşlı qəsəbə sakini şikayətlənib. O, misal kimi qəsəbənin avtobuslar işləyən Əziz Nəzərov küçəsindəki vəziyyəti göstərir: “İki il qabaq asfalt örtüyü dəyişdirilmişdi, indi gedin, görün, nə vəziyyətdədir?” Təmirdən bir-iki il keçməmiş küçənin asfalt örtüyü şaxtadan, yağış sularından və ya avtomobillərin hərəkəti nəticəsində darmadağın olub. 

Anspress-in araşdırmasına görə, bu cür hallara Azərbaycanın əksər şəhərlərində rast gəlmək olar. Ölkədə yol təmiri üzrə bağlanan müqavilələrdə zəmanət müddəti nəzərdə tutulmadığına görə tikinti şirkətləri gördükləri keyfiyyətsiz işə görə heç bir məsuliyyət daşımırlar. “Tikinti şirkətləri yolu dövlət komissiyasına təhvil verdikdən sonra işləri bitmiş sayılır. Halbuki, dünyanın əksər ölkələrində istifadəyə verilən yollara zəmanət müddəti müəyyən edilir. Mərkəzi Avropada yolun üst layı üçün zəmanət müddəti 5 il müəyyən edilir. Şimal qonşumuz Rusiyada da şirkətlər yola 4 il zəmanət müddəti müəyyən edirlər. Yalnız bundan sonra yolu təmir edə bilərlər”, - deyə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. İqtisadçı alim Azərbaycanda yolların istismarı üçün ilkin dövrlərdə ən azı 3 il zəmanət müddəti müəyyən etməyi məqbul sayır. 

Azərbaycanda tikilən yollar başqa ölkələrə nisbətən baha başa gəlsə də, keyfiyyətcə xeyli geri qalır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) araşdırmasına görə, Azərbaycanda orta hesabla 1 kilometr yolun çəkilişinə 18 milyon dollar xərclənir. Rusiyada bu rəqəm 17,6 milyon dollara, ABŞ-da 5,9 milyon dollara, Avropa Birliyində isə 6,9 milyon dollara başa gəlir.

Göründüyü kimi, bahalığına görə, Azərbaycan yolları yalnız Rusiya yolları ilə müqayisə edilə bilər. Amma bu məbləğin qarşılığında Rusiyada tikinti şirkətləri yolun torpaq zolağı üçün 10 il müddətinə zəmanət verirlər. Yolun bünövrə layı üçün 7 il, aşağı layı üçün 5 il zəmanət verilir. 4 illik zəmanət yolun yalnız üst asfalt örtüyü üçün nəzərdə tutulur. Rus şirkətləri inşa etdikləri körpülərə isə 8 il zəmanət verirlər. Müqaviləyə görə, hər hansı xəta aşkar edilərsə, zəmanət müddəti nöqsanın düzəldildiyi andan yenidən müəyyən edilir. Göründüyü kimi, yetərincə ağır şərtlərdir və bunu yerinə yetirən şirkətlərin seçilməsi üçün ciddi seçim aparılır.

Satınalmalar üzrə ekspert Hafiz Babalı Azərbaycanda yol çəkən şirkətlərin yarıtmaz işini tikinti müqavilələrinin tendersiz bağlanması ilə izah edir. "Yalnız beynəlxalq qurumların donorluğu ilə aparılan tikinti işləri zamanı tender keçirilir. Dövlət vəsaitlərin ilə gerçəkləşdirilən layihələrdə isə birbaşa müqavilələr bağlanır. Buna görə də təmirdən sonra yolların asfalt örtüyü tez-tez dağılır və qüsurları düzəltmək üçün yenidən dövlət büdcəsindən vəsait ayrılır", - deyə Hafiz Babalı bildirib. 

Göründüyü kimi, ekspertlər beynəlxalq təcrübəyə əsaslanaraq yolların çəkilməsi zamanı inşaat şirkətlərindən zəmanət tələb edilməsini vacib sayırlar. Bunu bacaran şirkətlərin seçimi isə məhz tender yolu ilə mümkündür. Əgər hökumət bunu həyata keçirməzsə, hələ çox yollarımız təmirdən 1 il sonra xarabalığa çevriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh