Biznes, yoxsa tıxaca qarşı addım? – Bakı-Sumqayıt qatarı
İşgüzar səfərlərimlə bağlı Avropanın bir çox ölkələrində olmuşam. Hər zaman ictimai nəqliyyata üstünlük verdiyim üçün bizim ölkədə elektrik qatarlarının nədən olmaması məni hər zaman düşündürüb. Əslində, olsa da, yox kimi bir şeydir.
2013-cü ildə Fransanın paytaxtı Paris şəhərinə işgüzar səfərə getməli idim. Səfərlə bağlı gec xəbər tutduğum üçün ictimai nəqliyyatla əlaqəli məlumat toplaya bilmədim və hava limanından qaldığı otelə taksi xidmətindən istifadə etdim. Hava limanından taksi xidmətinə 90 avro ödəmişdim. Sonradan məlum oldu ki, eyni məsafəni elektrik qatarı ilə daha tez və cəmi 10 avroya getmək mümkündür. Bunu yazmaqda əsas məqsədim odur ki, Fransa dövlətinin insanların bu şəkildə ictimai nəqliyyata olan marağını artırmasını və ölkədə avtomobil sıxlığını azaltmaga hesablanan addımlar atmasını göstərim.
Bakı-Sumqayıt elektrik qatarının açılması ilə bağlı xəbəri eşidəndə bunun şəhərdə olan avtomobil sıxlığını azaltmağa hesablandığını düşündüm. Lakin gediş haqqının 80 qəpik olması, düzü, məni çox təəccübləndirdi. Ölkədə gediş haqqlarının hansı iqtisadi əsaslarla hesablandığı məni hər zaman düşündürüb. Məncə, indiki qiymət nəinki ictimai nəqliyyata marağı artırdı, əksinə, bir az da uzaqlaşdırdı.
Yazdıqlarımı real təcrübə ilə esaslandırmağa çalışacam. Gəlin təsəvvür edək ki, 5 nəfərdən ibarət bir ailə Sumqayıt şəhərinə getməyə hazırlaşır. Bir nöqtədən digər nöqtəyə qədər olan məsafə 100 km-dir. Elektrik qatarı ilə gediş-dönüş 8 manat və əlavə olaraq metroya 2 manat ödənilməlidir. Deməli, cəmi 10 manat edir. Orta həcmli mühərriki olan avtomobil eyni məsafəyə təqribən 10 litr yanacaq sərf edir. Deməli, 10x0.70 qəpik = 7 AZN. İndi təsəvvür edin, hansı ailə eyni məsafəni daha baha və eyni zamanda, ictimai nəqliyyatla gedər?
Ümid edirəm ki, bu yazıdan sonra Təarif Şurasında və eyni zamanda, digər qurumlarda olan əməkdaşlar qərar verməzdən əvvəl bu qədər sadə hesablamalar aparsalar daha məsələhətli olardı. Çünki bu qərardan sonra insanlar nəinki icmai nəqliyyata üstünlük verəcəklər, əksinə, avtomobil almağa tələsəcəklər. Çünki ucuz və rahatdır.
Ziya Fərzullayev