Banner

Bu avtomobil şirkətləri Azərbaycanda qanunları pozur - FOTO

Yazarlar 8 Aprel 2015 23:01 Oxunub 3285
Bu avtomobil şirkətləri Azərbaycanda qanunları pozur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunda reklam lövhələrinin yol nişanları ilə eyni olması qadağan edildiyi halda «Mitsubishi», «Mazda», «Honda» və «Subaru» bu qanuna əməl etmir 

Avtomobil yollarında zəruri təhlükəsizlik səviyyəsinin yaradılması üçün hər bir xırda problem aradan qaldırılmalıdır. Problemlərin bəzilərinin aradan qaldırılması xeyli vəsait və vaxt tələb edir. Lakin yollarımızda qanunvericiliyin elementar tələblərinə riayət edilməməsi səbəbindən yaranan problemlər də var. Belə problemlərdən biri yol kənarında reklam yerləşdirilməsi ilə bağlıdır.

Avtosfer.az-ın məlumatına görə, “Reklam haqqında” Qanunun 15-ci maddəsinin 1-ci hissəsində deyilir ki, küçə reklamı yol hərəkət nişanları ilə oxşar olmamalı, yollarda görmə zonalarını və təhlükəsizliyi azaltmamalıdır. Yol kənarında reklam lövhələri yerləşdirilməsinin daha təfərrüatlı qaydaları isə Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunub. Həmin qaydaların 2.5-ci və 3.3-cü bəndləri belə reklamın daşıyıcısının yerləşdirilməsi şərtlərindən biri kimi onların yol nişanları ilə oxşar olmamasını, yollarda görmə zonalarını və təhlükəsizliyi azaltmamasını, yol nişanlarının görümlülüyünü məhdudlaşdırmamasını, işıqları ilə nəqliyyat vasitələrini idarə edənlərin gözlərini qamaşdırmamasını təsbit edir. Qaydalarda daha sonra qeyd olunur ki, yol şəraitinin real qiymətləndirilməsini çətinləşdirən və yol nişanlarına oxşar, yolda nəqliyyat vasitələri, piyada və heyvan olması təəssüratını yaradan reklamların qurulmasına yol verilmir.

Avtomobil markalarının şəkilləri sizə təqdim olunan reklamına diqqətlə baxdıqda yuxarıda istinad etdiyimiz qaydaların pozulduğu aşkarca görünür. Bu reklam Bakı-Sumqayıt yolunun kənarındadır. Qanun pozuntusunun daha aydın olması üçün yazıya 5.27 “Məsafələr göstəricisi” yol nişanının şəklini də əlavə edirik. Bu avtomobil reklamı həmin yol nişanından heç nə ilə fərqlənmir ki, bu da yuxarıda istinad etdiyimiz qaydaların kobud və aşkar pozulması deməkdir. Həmin reklam lövhələrinin həndəsi ölçülərini, yoldan onlara qədər olan məsafəni, yerləşdiyi yeri və başqa məqamları diqqətlə nəzərdən keçirsək, yəqin ki, başqa qüsurlar da aşkar etmək olar. Amma hər kəsin aydınca görə biləcəyi bu oxşarlıq yetərlidir ki, həmin reklam lövhələri oradan yığışdırılsın. Yəqin ki, ölkəmizə səyahət edən hər hansı şəxs bu reklam lövhəsini görəndə düşünür ki, Azərbaycanda həmin avtomobil markaları ilə eyni adlı yaşayış məntəqələri var. 

Göründüyü kimi, qanunda reklam lövhələrinin yol nişanları ilə eyni olması qadağan edildiyi halda «Mitsubishi», «Mazda», «Honda» və «Subaru» bu qanuna əməl etmir. Özü də bütün bu proseslər aidiyyatı dövlət qurumlarının gözü qarşısında baş verir.

Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 164.0.5-ci maddəsinə əsasən, avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin, həmçinin qanunla müəyyən olunmuş qaydalar pozulmaqla reklamın yerləşdirilməsinə görə fiziki şəxslər 80-100 manat miqdarda, vəzifəli şəxslər 400-500 manat miqdarda, hüquqi şəxslər 3000-4000 manat miqdarda cərimə edilir. Cərimədən başqa, müvafiq qaydalar pozulmaqla qoyulmuş reklam lövhələri yol kənarından dərhal yığışdırılmalıdır.

 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh