Bu küçədə diqqətli olun – Zibilə düşə bilərsiz – VİDEO - FOTO

Yazarlar 20 Avqust 2015 15:27 Oxunub 3168
Bu küçədə diqqətli olun – Zibilə düşə bilərsiz – VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
28 May küçəsində yolun hərəkət hissəsinə zibil qutuları qoyulub; hər an qəza baş verə bilər

Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ən mühüm elementlərdən biri yolların vəziyyətidir. Avtosfer.az-ın xəbərinə görə, normal təhlükəsizlik üçün yolların, küçələrin, prospektlərin örtüyü standartlara və normativlərə uyğun gəlməli, yolun bütün elementləri yerində olmalı, eləcə də yolda hər hansı kənar maneə olmamalıdır. Amma təəssüf ki,  həmişə belə olmur...

Yollarımızda bəzən real qəza təhlükəsi yaradan elə maneələrlə rastlaşırıq ki, onların mövcudluğunu normal məntiqə sığışdırmaq da çətin olur. Belə məntiqsiz, amma kifayət qədər ciddi təhlükələrdən biri Bakı şəhərinin xeyli küçə və prospektlərində yolun hərəkət hissəsinə qoyulmuş zibil qutularıdır. Yazıya əlavə etdiyimiz fotolardan aydınca görünür ki, 28 May küçəsi boyunca zibil qutularını yolun hərəkət hissəsinə elə qoyublar ki, sanki yol elə bunun üçün tikilib. Axı bu çox ciddi təhlükədir: nisbətən sürətlə hərəkət edən avtomobil həmin ağır metal qutularla toqquşsa, sürücü və sərnişinlərin həyatını itirməsi də qaçılmazdır. Digər tərəfdən, bu qutular yolun hərəkət zolaqlarından birini zəbt etməklə həmin yerdə tıxac və sıxlıq da yarada bilir. 

Görünür, şəhərdə məişət tullantılarının yığılması ilə məşğul olan təşkilat və onun əməkdaşları öz işlərini asanlaşdırmaq üçün belə edirlər. Axı bu ağır qutuları yoldan kənarda qoysalar onu zibil maşınınadək gətirmək bir az zəhmət tələb edəcək. Ona görə də bu işlə məşğul olanlar kəsə yol tapıblar: qutunu yolun hərəkət hissəsinə qoyurlar ki, zibil maşınını düz onun yanına sürərək qutunu asanca boşaltsınlar. Amma bu qurumlar və onların əməkdaşları bilməlidirlər ki,  həm “Yol hərəkəti haqqında” Qanun, həm də “Avtomobil yolları haqqında” Qanun belə hərəkətləri birmənalı olaraq qadağan edir. Özü də bu sadəcə qadağa deyil, onun arxasında ciddi məsuliyyət də var: İnzibati Xətalar Məcəlləsinin 163.0.2-ci maddəsinə əsasən bu əmələ yol vermiş fiziki şəxs 30 manatdan 50 manatadək miqdarda, vəzifəli şəxslər 150 manatdan 200 manatadək miqdarda, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək miqdarda cərimə oluna bilər.

Şəhərimizin xeyli küçələrində belə mənzərənin illərdir mövcud olması o deməkdir ki, həmin əmələ yol verən təşkilatlar və onların məsul vəzifəli şəxsləri heç vaxt bu xətaya görə məsuliyyətə cəlb edilməyiblər. Bu, həm də o deməkdir ki, yollardakı həmin anormallığa nəzarət edərək onlara sadəcə irad bildirən də yoxdur. Xatırladırıq ki, yolun hərəkət hissəsində belə təhlükəli maneələrin olmasına nəzarəti həm DYP, həm də yolun sahibi (“Azəryolservis” ASC və ya Bakı şəhər İcra hakimiyyəti) həyata keçirir.

Bu yazını və əlavə olunan fotoları yaymaqda məqsədimiz müvafiq qurumları həmin təhlükə barədə bir daha məlumatlandırmaqdır. Unutmayaq ki, bu, təhlükəli olmaqla yanaşı, həm də ciddi antisanitariya vəziyyəti deməkdir. 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh