Banner

Bu maşınların nömrəsində Azərbaycan bayrağı yoxdur – SİYAHI - FOTO

Yazarlar 24 May 2015 11:25 Oxunub 5395
Bu maşınların nömrəsində Azərbaycan bayrağı yoxdur – SİYAHI - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunları pozmamaqla yanaşı, Azərbaycanın dövlət rəmzlərinə də sayğı ilə yanaşmaq lazımdır

Bir neçə gün əvvəl Avtosfer.az saytında avtomobilin dövlət nömrə nişanından Azərbaycanın dövlət bayrağını silənlər və ya silinməsinə göz yumanlarla bağlı oxuculara müraciət etmişdik. Müraciətlə bağlı bizə irad tutanlar da oldu, «ağıl dərsi» keçməyə çalışanlar da, özlərini hamıdan ağıllı sayanlar da və ən dəhşətlisi də, bayrağı nömrədən silənlərə haqq qazandıranlar da oldu. Guya dünya ağılsızdır, bunlar ağıllı. İddia edirlər ki, bayraq müqəddəsdir, nömrənin üstünə vurulanda toz basır. Ona görə də, nömrənin üstünə bayraq vurulmasın. Amma beynəlxalq qaydalar göstərir ki, nömrənin üstündə bayraq olmalıdır və bu, fərqlənmə nişanıdır. Yəni, siz Azərbaycanda idarə etdiyiniz avtomobillə başqa ölkəyə getdikdə nömrənin üzərindəki bayraq və «AZ» yazısı sizin Azərbaycandan olduğunuzu təsdiq edən bir vasitədir.

O ki qaldı bayrağın nömrə nişanının üzərindən qəsdən və ya təbii yola silinməsinə, bir neçə gün ərzində sosial şəbəkələrdə gedən müzakirələrdən məlum oldu ki, bəzi sürücülər nömrənin üstündəki bayrağın keyfiyyətsiz materialdan hazırlandığı qənaətindədirlər. Onların fikrincə, Dövlət Yol Polisi İdarəsində verilən nömrələrin əksəriyyətində bayraq keyfiyyətsiz vurulur. Maşın bir neçə dəfə avtoyuma məntəqəsinə verildikdən sonra güclü su təzyiqi bayrağı qopardır. Maraqlısı budur ki, həmin o güclü su təzyiqi niyə məhz bayrağı qopardır? Sual yaranır; nömrə keyfiyyətsizdirsə, nömrənin ağ üzlüyü də qopardı. Necə olur, ağ üzlük sağ-salamatdır, amma bayraq yoxdur?

Əldə etdiyimiz məlumata görə, bəzi dardüşüncəli sürücülər nömrənin üzərindəki bayrağı və «AZ» yazısını qəsdən silirlər. Və ya, ağardıcı ilə ağardırlar. Onların düşüncəsinə görə, guya bayrağı və «AZ» yazısını siləndə maşın radara düşmür, kamera çəkmir.

Bildiririk ki, bu, kökündən yalnış düşüncədir. Dövlət qeydiyyat nişanının seriya və nömrəsi görünürsə, avtomobili kamera da çəkir, radara da düşür. Odur ki, çürük təfəkkürlü insanların sözlərinə inanıb dövlət bayrağına qarşı hörmətsizlik etməyin.

Son bir həftə ərzində oxucular tərəfindən Avtosfer.az-a nömrə lövhəsində bayraq olmayan 6 avtomobilin fotoları göndərilib. Həmin avtomobillərin nömrələrini təqdim edirik:

 

10 KZ 090

10 RE 210

10 SH 234

10 FX 038

10 JS 080.

90 DM 628

Sonuncu qeyd olunan 10 JS 080 nömrəli avtomobillə bağlı Avtosfer.az-da ayrıca xəbər hazırlandıqdan sonra həmin avtomobilin sürücüsü DYP-yə gedərək nömrəni dəyişdirib. Bəri başdan, həmin sürücüyə göstərdiyi diqqətə görə təşəkkür edirik. Ümid edirik ki, siyahıdakı digər avtomobillərin sahibləri də bu problemi qısa müddətə həll edəcəklər.

Siyahını təqdim etməkdə məqsəd həm də ondan ibarətdir ki, Dövlət Yol Polisi İdarəsi bu nəqliyyat vasitələrinin sürücüləri barəsində müvafiq ölçü götürsünlər. Çünki faktiki olaraq, onlar nəqliyyat vasitəsini standartdan kənar nömrə ilə idarə edirlər. Bu da, qanunla qadağandır.

Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, ölkəmizdə yol hərəkətində iştiraka buraxılan bütün mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyat nişanı, yəni nömrəsi olmalıdır. Dövlət qeydiyyat nişanına dair tələblər AZS 005-96 standartı ilə müəyyən edilib. Bu standartda ölkəmizdə tətbiq olunan dövlət qeydiyyat nişanlarının ölçüləri, tərtibatı, onların üzərindəki yazıların və digər qeydlərin ölçüləri, rəngi, yerləşmə qaydası və başqa detallar təsbit edilib. Avtomobillərin daimi dövlət qeydiyyatına alındığını bildirən qeydiyyat nişanlarında məlum 5 rəqəmdən və latın əlifbasının 2 böyük hərfindən başqa, Azərbaycanın dövlət bayrağının rəngli təsviri, habelə “AZ” qeydi də olmalıdır. Göstərilənlərdən hər hansı birinin, o cümlədən dövlət bayrağının təsvirinin və ya “AZ” qeydinin olmaması həmin qeydiyyat nişanının standarta uyğun olmadığı deməkdir. Standarta uyğun olmayan qeydiyyat nişanı ilə avtomobillərin yollarda hərəkəti isə qadağandır. Bu qadağanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsində 60 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur. Özü də belə standartdan kənar qeydiyyat nişanı ilə yolda saxlanılan avtomobil mühafizə olunan duracağa, yəni cərimə meydançasına aparılmalıdır. Onun sahibi standarta uyğun olmayan qeydiyyat nişanlarının DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində yeni standarta uyğun qeydiyyat nişanlarına dəyişdirərək öz avtomobilinin üzərinə bağlamayana qədər həmin avtomobil cərimə meydançasından buraxılmamalıdır: «Sürücülərin diqqətinə çatdırıram ki, AZS 005-96 standartı avtomobillərə verilən qeydiyyat nişanlarına 3 il zəmanət nəzərdə tutur, yəni kənar təsir (məsələn, qəza) və ya qəsdən müdaxilə olmasa, qeydiyyat nişanları ən azı 3 il müddətində özünün rəng tərtibatını və digər elementlərini saxlamalıdır. Təcrübədən məlumdur ki, qeydiyyat nişanları hətta 10 il də yararlı vəziyyətdə qala bilir. Lakin müxtəlif səbəblərdən standartdan kənara çıxan nömrələr yenilənməlidir. Nömrəni yeniləmək üçün avtomobili DYP-yə təqdim etmək lazım deyil. Bunun üçün onun sahibi DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yaxınlaşmalı, qeydiyyat şəhadətnaməsini təqdim etməklə köhnə nömrə lövhələrini təhvil verməli və cəmi 22 manat ödəməklə yeni nömrə lövhələri almalıdır. Buna görə avtomobilə texniki baxış da keçirilmir və bunu heç kəs tələb edə bilməz».

Hər bir halda sürücülər diqqətli olmalı, qanunları pozmamaqla yanaşı, Azərbaycanın dövlət rəmzlərinə də sayğı ilə yanaşmalıdırlar.

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh