Bunu ancaq bizdə edə bilərdilər - Yol hərəkətində BİABIÇILIQ - FOTO
Bakının Parlament prospektində yol hərəkətinin təşkili ilə bağlı biabırçı mənzərə yaranıb. İncəsənət Gimnaziya ilə əvvələr Əzizbəyov heykəlinin olduğu parkın arasında qoyulan piyada keçidinin – zebranın üstünə avtobus dayanacağı işarəsi çəkilib. Dayanacaq işarəsini dünən Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin əməkdaşları çəkib. Avtosfer.az-ın əməkdaşı zebranın üstünə dayanacaq işarəsinin nə üçün çəkildiyi ilə maraqlansa da, işçilər heç bir cavab verməyiblər.
«Azəryolservis» ASC-nin Mətbuat katibliyinin rəhbəri Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, həmin ərazidə birmənalı olaraq avtobus dayanacağının qarşısıdır və Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən bütün avtobus dayanacaqlarının önü xüsusi ziqzaqvari zolaqlarla işarələnib: «O piyada zolağının orada olması düzgün deyil. O keçidi ora «Azəryolservis» çəkməyib. Bilmirəm, kim çəıkib, ancaq düzgün çəkilməyib. Bir çox yerdə bu cür hallara rast gəlinirdi. Gedib bəzilərini qaşıyıb təmizləyiblər. Artıq bəzi yerlərdə həmin zolaqlar, avtobus dayanacağına girən zolaqlar silinib. Amma bu dediyiniz məsələ ilə bağlı da aidiyyatı üzrə məlumat verərəm. Qeyd olunan məsələ bizim səlahiyyətimiz daxilində deyil. Ancaq bu çatışmazlıqların aradan qaldırılması üşün işlər aparılır».
Qeyd elək ki, Azərbaycanda hərəkətin təşkili və təhlükəsizliyi ilə birbaşa Daxili İşlər Nazirliyi, yəni, nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi məşğuldur. Lakin asfalt üzərində gördüyünüz piyada zolağı – zebranı həmin əraziyə Bakı şəhər İcra Hakimiyyəti çəkib. Avtobus dayanacağı nişanlanma xəttini isə «Azəryolservis»in əməkdaşları dünən çəkiblər. Ümümiyyətlə, «Azəryolservis»in yanaşması normaldır. Çünki həmin ərazidə avtobus dayanacağı var və piyada zolağının dayanacağın içinə çəkilməsi normal hal deyil. Amma vaxtilə Bakı şəhər İcra Hakimiyyəti bunu çəkib. İndii isə yaxşı olardı ki, avtobus dayanacağına xətt çəkilərkən əvvəlcə zebranı ləğv edərdilər. Çünki göründüyü kimi, zebranın qarşısında orada piyada keçidi olduğunu bildirən yol nişanları var. Bu nişanlar da qanunun tələbinə görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə qoyulur. Necə ola bilər ki, bu komissiya eyni yerə həm piyada keçidinin çəkilməsi və nişan qoyulması, həm də avtobus dayanacağının xətlənməsi barədə qərar versin. Axı bunların ikisi də bir-birinə ziddir. Bəli, orada dayanacaq olmalıdır. Keçid də olmalıdır. Amma keçid dayanacağın içində olmalmaıdır.
Hər bir halda Bakı şəhər Dövlət Yol Polisi bu qarışıq vəziyyətə müdaxilə edib məsələnin həllinə nail olmalıdır. Daha yaxşı olardı ki, yol hərəkətinin təşkili ilə bağlı bütün məsələlər DYP-nin əlində cəmlənsin və ya DYP ilə məsləhətləşsinlər. Yoxsa, bu cür gülməli mənzərələri hələ çox görəcəyik…
Elməddin Muradlı