Reklam

Bunu bilsəniz avtomobiliniz evakuasiya olunmaz - FOTOLAR

Yazarlar 31 Mart 2016 23:00 Oxunub 15474
Bunu bilsəniz avtomobiliniz evakuasiya olunmaz - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti qaydalarına və bu yol nişanlarına diqqət etmək zəruridir

Son günlər Bakının bəzi küçələrində sol tərəfdə dayanan avtomobillərin evakuasiya edilməsi və sürücülərin dayanma və durma qaydalarını pozmağa görə cərimə edilməsi ilə bağlı məlumatlar artmaqdadır. Avtosfer.az-ın məlumatına görə, bununla əlaqədar bəzi sürücülər belə bir sual verirlər ki, axı biz haradan bilək ki, sol tərəfində dayanmaq istədiyimiz küçədə birtərəfli yox, ikitərəfli (qarşılıqlı) hərəkət var? Məsələnin aktuallığını nəzərə alaraq, sürücülərimiz üçün onu aydınlaşdırmaq qərarına gəldik.

Öncə nəzərə almaq lazımdır ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin 2-ci hissəsinə əsasən, tramvay xətti səbəbindən sağda dayanmanın mümkünsüzlüyü istisna olmaqla, ikitərəfli (qarşılıqlı) hərəkət olan yolun sol tərəfində dayanmaq birmənalı olaraq qadağandır. Bu qadağanı pozaraq avtomobili yolun solunda park etmiş sürücü avtomobilinin yanında deyilsə, İnzibati Xətalar Məcəlləsinin 97.1-ci və 346.1-ci maddələrinə əsasən həmin avtomobil evakuasiya edilməklə, sürücü cərimələnəcək. Görünür, indiyədək dayanma və durma qaydalarını pozmanın bu halına görə məsuliyyətə cəlb etmə nadir hallarda baş verdiyindən bəzi sürücülər buna təəccüblənirlər. Elə ona görə də “Bu yolda ikitərəfli (qarşılıqlı) hərəkət olduğunu haradan bilək?” sualı meydana çıxır. Həmin suala cavab vermək üçün yol hərəkəti qaydalarına və yol nişanlarına diqqət etmək zəruridir.

Ölkəmizdə və dünyanın hər yerində əksər yollarda qarşılıqlı (ikitərəfli) hərəkət var. Yəni ümumi vəziyyət belədir ki, yollarda, bir qayda olaraq, ikitərəfli (qarşılıqlı) hərəkət sxemi var. Bəzi yollarda isə yalnız birtərəfli hərəkət nəzərdə tutulmaqla əks istiqamətdə hərəkət qadağandır. Deməli, birtərəfli hərəkət rejimi ümumi vəziyyətdən istisna təşkil edən xüsusi hallardır. Ona görə də dünyanın demək olar ki, hər yerində, o cümlədən bizim ölkəmizdə ümumi vəziyyətin yox, ümumidən istisnanın xüsusi qaydada işarələnməsi nəzərdə tutulur. Başqa sözlə, hərəkət qaydalarında ikitərəfli hərəkət olan yolun deyil, yalnız birtərəfli yolun ayrıca nişanla fərqləndirilməsi nəzərdə tutulur. Sual yarana bilər ki, axı 1.19 “İkitərəfli hərəkət” xəbərdarlıq nişanı var, bəs o nə üçündür? Bu sualın cavabı da qanunvericilikdə çox aydındır: 1.19 xəbərdarlıq nişanı yalnız birtərəfli yolun davamı ikitərəfli yola keçdiyi halda tətbiq olunur. Hətta 1.19 nişanının tətbiqi qaydalarına əsasən, birtərəfli yol dairəvi hərəkət olan yolayrıcında və ya “T” şəkilli üç yol kəsişən yolayrıcında bitərsə, bu halda 1.19 nişanını qoymağa ehtiyac yoxdur.

Getdiyiniz yolun birtərəfli olduğu isə iki qaydada işarələnir:

1) həmin yolun başlanğıcında 5.5 “Birtərəfli yol” nişanının qoyulması ilə;

2) birtərəfli hərəkət olan yol yolayrıcında sağa və ya sola dönən yoldursa, həmin yolayrıcı qarşısında müvafiq olaraq 5.7.1 və ya 5.7.2 “Birtərəfli hərəkət yoluna çıxış” nişanının qoyulması ilə.

Beləliklə, yol hərəkəti qaydaları yolda ikitərəfli hərəkət olduğunu bildirmək üçün heç bir xüsusi nişanlanma nəzərdə tutumur, 1.19 nişanı isə yalnız başlanğıcında 5.5 “Birtərəfli yol” nişanı qoyulmuş və birtərəfli hərəkət olan yolun davamının ikitərəfli olacağını bildirmək üçündür. Ona görə də sürücü heç vaxt getdiyi yolun ikitərəfli yol olduğunu bildirən nişan axtarmamalıdır. Əgər hərəkət etdiyiniz yolun başlanğıcında 5.5 nişanı, getdiyiniz yolun kəsişməsində sağa və ya sola dönərkən kəsişmə yeri qarşısında 5.7.1 və ya 5.7.2 nişanı görməmisinizsə, deməli, həmin yol ikitərəfli hərəkət olan yoldur. Bunu nəzərə alın ki, ikitərəfli hərəkət olan yolda solda dayanaraq qaydaları pozmayasınız.

Yazıda qeyd olunan nişanlar əlavə olunur.

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh