Deputatdan təklif: «Bəzi cərimələr ləğv edilməlidir»
Milli Məclisin deputatı Tahir Kərimli yol hərəkəti qaydaları əleyhinə olan bəzi cərimələrin artırılmasını və hazırda mövcud olan bir neçə cərimə növünün dəyişdirilməsini təklif edir. Millət vəkili Avtosfer.az-a açıqlamasında bildirib ki, əhalinin bəzi təbəqələri cərimələrin çoxluğundan çəkinir və qaydalara əməl edir: «Amma bir çox təbəqələrdən olan insanlar var ki, cərimələrin çoxluğu və ya azlığı onlara təsir etmir. Xüsusən də, imkanları təbəqələri qeyd etmək istəyirəm. Onlar cəmiyyətdə belə bir obraz yaradılarlar ki, cərimənin artmasının və ya azalmasının heç bir faydası yoxdur».
Deputat əlavə edib ki, artıq Milli Məclis yeni İnzibati Xətalar Məcəlləsini qəbul edib və burada yol hərəkəti qaydaları da tənzimlənir. Lakin ümumilikdə, Tahir Kərimli hesab edir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati cərimələrin yuxarı həddini azaltmaq lazımdır: «Çünki xalqımız maddi cəhətdən çətinlik çəkir, xüsusən də devalivasiyadan sonra vəziyyət o qədər də ürəkaçan deyil. Bu və digər amilləri nəzərə alaraq düşünürəm ki, cərimələrin artırılması çıxış yolu deyil. Ən optimal «qızıl orta» tapılmalıdır və digər səpkidə tədbirlər görülməlidir. Məsələn, elektron protokolların tətbiqi ilə bağlı müəyyən təkmilləşdirmə işi aparılmalıdır. Müəyyən xəbərdarlıq sistemini artırmaq lazımdır».
Deputat təklif edir ki, bəzi inzibati xətalara görə cərimə yox, inzibati tənbeh tədbiri də tətbiq etmək mümkündür: «Məsələn, avtomobilin qadağan olunmuş yerdə saxlanılması ilə bağlı bu addımı atmaq olar. Elə vətəndaş var ki, gəlib 1-2 dəqiqəlik dayanır, evinə, mağazaya girib-çıxır, yəni, saatlarla maşını qoyub getmir. Belə insanları inzibati tənbehlə yola salmaq olar. Onları 20 manat cərimə ilə yükləmək lazım deyil. Başqa bu kimi xətalar da var ki, onları da tənbehlə əvəz etmək olar».
Tahir Kərimli bildirib ki, yeni qanunvericilikdə bəzi cərimələrin yuxarı və aşağı həddi ilə bağlı məsələlər dəqiqləşib. Yəni, burada ya dəqiqləşmə aparılıb, ya da məhdudlaşma: «Amma ümumilikdə Cinayət Məcəlləsində olduğu kimi, İnzibati Xətalar Məcəlləsi və digər qanunlarda da vətəndaşın şəxsiyyəti, ailə vəziyyəti nəzərə alınır. Bu gün qanunlarda belə bir məsələ əksini tapmalıdır ki, cərimə tətbiq olunarkən vətəndaşın ailə vəziyyəti, cəmiyyətdə tutduğu mövqe, cəmiyyətə faydası, ziyanı, gördüyü işlər və başqa məsələlər nəzərə alınsın. Məsələn, bir alim ömründə bir dəfə tələsib piyada keçidində piyadaya yol verməyə bilər, qırmızı işıqdan keçə bilər. Və yaxud da, cəmiyyət üçün heç bir faydası olmayan bir insan bir il ərzində 3 dəfə piyadaya yol vermədiyi, 2 dəfə qırmızı işıqdan keçdiyi üçün cərimələnib. Əlbəttə, bütün bu məlumatlar Dövlət Yol Polisinin elektron sistemində əksini tapır. Odur ki, cərimə tətbiqi zamanı qərar çıxarılarkən bu məqamlara diqqətlə yanaşılmalıdır. Biri həmişə qayda pozur, biri də ömründə bir dəfə. Amma cərimə məbləği və yanaşma tərzi hər ikisinə qarşı eynidir. Hesab edirəm ki, bunları ayırmaq lazımdır. 10 dəfə eyni qaydanı pozanla ilk dəfə təsadüfən qayda pozan vətəndaş eyni qaydada cərimə oluna bilməz».
Elməddin