Banner

Dünyanı dəyişən "avtoş"un HƏYAT HEKAYƏSİ

Yazarlar 29 İyun 2015 12:18 Oxunub 2677
Dünyanı dəyişən "avtoş"un HƏYAT HEKAYƏSİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bill Geyts bu gün dünyaya dünyanın ona lazım olduğundan daha çox lazımdır 

O, dünyanın ən varlı adamlarından biridir. “Forbes” jurnalının hesablamalarına görə, 1996, 1997, 2007 və 2015-ci ildə zənginlərin zəngini seçilib. Bu gün onun varidatı 79,2 milyard dollara çatıb. Hətta bu nəticələrinə görə 20 dəfə ABŞ-ın, 16 dəfə dünyanın ən zəngin şəxslərinin siyahısında yer alıb. Deyilənə görə, dəqiqəsinə 6 659 dollar qazanır. Amma bununla belə, xeyriyyəçilik etməyi də unutmur. 1994-cü ildən 2015-ci ilə qədər dünyanın ən varlı adamları arasında xeyriyyəçiliyə ən çox vəsait - 28 milyard dollar xərcləmiş adamdır. İKT.lent.az İKT sahəsində böyük uğura nail olmuş insan, “Microsoft” korporasiyasının qurucusu Bill Geytsin həyat və yaradıcılığına nəzər salacaq.

 

13 yaşında ilk kompüter proqramı

 

B.Geyts 1955-ci il oktyabrın 28-də ABŞ-ın Sietl şəhərində anadan olub. Əqrəb bürcündəndir. Atası olduqca zəngin, tanınmış vəkil idi. Bu səbəbdən Bill Sietlin ən prestijli və dəbdəbəli orta məktəbində təhsil alıb. O, məhz bu təhsil ocağında olan minikompüterlərin hesabına proqramlaşdırma təcrübəsini öyrənə və gələcəkdə genişləndirə bilib. Bunun nəticəsində Geyts 13 yaşında “Basic” proqramlaşdırma dilində özünün ilk proqramını yaradıb.

Məktəbdə o qədər də yaxşı oxumurdu. Hətta qrammatika və vətəndaşşünaslıq kimi bəzi dərslərdən geri qalırdı. O, bu fənləri mənasız sayır, əvəzində riyaziyyatdan olduqca savadlı idi və ən yüksək qiymətlər alırdı. Bir sıra fənlərdən pis qiymət alması valideynlərini çox narahat edirdi. Bu səbəbdən də onu psixoloq yanına aparırdılar. Bədən tərbiyəsi dərsinə girmirdi və bu fənnin əvəzinə gününü kompüter dərslərində keçirirdi. Bəzən kompüter sinfində gecəyə qədər qalır, hətta bazar günləri də bu fənlə məşğul olub nəyisə proqramlaşdırırdı. 15-16 yaşlarında vəziyyət o yerə çatmışdı ki, sinif yoldaşı və dostu Pol Alenlə “Computer Center Corporation” (CCC) şirkətinin parollarını qırıb, sistemi sındırmışdılar. Nəticədə valideynləri onu bütün yayı kompütersiz qoydular, kompüterə yaxın gedə bilmədi.

 

İlk qazancı

 

Ancaq buna baxmayaraq, CCC şirkəti şagirdlərə sistemindəki boşluqları araşdırıb tapmağa və onları öz kompüterlərində rəsmən işləməyə icazə verir. Bu icazədən sonra Geyts və dostları “Fortram”, LISP proqramlarını təkmilləşdirməyə imkan tapır. Bu şirkətlə əməkdaşlıq 1970-ci ilə, şirkətin müflis olmasına qədər davam edir. Məktəbi bitirdikdən sonra valideynləri ailənin iki qızdan sonra tək oğlu olan Billi atası kimi vəkil görmək istəyirdilər. Amma Bill dostları Pol Allen və Pol Gilbert ilə “Traf-O-Data” adlı bir kiçik şirkət qururlar. Şirkətin məqsədi yol trafikinin və yol mühəndisliyinin hesablanması sayğaclarının hazırlanması idi. 1972-ci ildən 1982-ci ilə qədər fəaliyyət göstərən “Traf-O-Data” şirkəti sonradan satıldı. Bu zaman şirkətin hesabında 784,31 min dollar vardı.

Məktəbin 10-cu sinfində Bill artıq kompüter fənnindən öz oxuduğu məktəbdə dərs deyirdi. 11-ci sinifdə onun enerjinin paylanması istiqamətində yaratdığı kompüter proqramın 30 min dollara satması, valideynlərinin onun kompüterə olan aludəçiliyi və asılılığı ilə bağlı yaranan təhlükələrinə son qoydu. Onlar anladılar ki, övladlarının gələcəyi məhz bu sənətlə bağlıdır və oğullarına xeyir-dua verdilər. Bu xeyir-duadan sonra Geytsin ağlına proqram təminatı şirkətini yaratmaq ideyası gəlir və o, dostlarına bu barədə danışmağa başlayır.

 

“Microsoft” necə yarandı?

 

1973-cü ildə o, atasının istəyini yerinə yetirmək üçün Harvard Universitetinə daxil olur. Özü bununla bağlı hər zaman deyir ki, o, cismani olaraq bu təhsil ocağında idi. Ruhən isə yenə də özünü riyaziyyatçı, proqramçı hesab edirdi. Billin uşaqlıq dostu P.Allen isə Bostonda yerləşən “Hanivel” şirkətində işə düzəlir və onlar gecələr proqram təminatı ilə bağlı işlərini davam etdirirdilər. Bu təhsil ocağında cəmi 2 il oxudu və təhsilini yarımçıq qoydu. 1975-ci ildə Allen jurnalda “Micro Instrumentation and Telemetry Systems” (MİTS) şirkəti tərəfindən yaradılmış “Altair 8800” kompüteri ilə barədə məqalə oxuyur. Bu zaman Geyts cəsarət tapıb kompüterin qurucusu olan şirkətin rəsmilərinə “Basic” proqramlaşma dilində yazılmış kompüterini təklif edir. Bu təklif şirkətin menecerlərini qane edir və kompüterlərinin satışının artdığı görən şirkət nümayəndələri gənc və perspektivli insanları işə dəvət edib, proqramlaşdırılma dillərinin yazılmasına icazə verir.

Bununla belə, dostlar öz şirkətlərini qurmaq arzusunda idilər və yeni yaradacaqları şirkəti “Allen və Geyts” adlandırmaq istəyirdilər. Amma bu ad onların ürəyincə deyildi və bir növ bu adın hüquqi kontor üçün yaradığını düşünürdülər. Onda Pol Bill Geytsə “Microsoft” adını təklif etdi. Bu ad isə “microprocessors” və “software” sözlərinin birləşməsindən yaranıb.

MİTS-də bir il işlədikdən sonra Pol Allen və Bill Geyts anidən itirlər və 1976-cı ilin noyabrın 26-da Nyu-Meksikoda yeni “Microsoft” şirkəti qeydiyyata alınır. Şirkət yaradılan zaman Pol 36 faiz, Bill isə 64 faiz səhmə sahib olurlar. Bu, B.Geytsin yeni yaradılan şirkətə daha çox yatırım etməsindən irəli gəlir.

 

Böyük biznesdə ilk addımlar

 

Birgə qurduqları şirkətdə P.Allen texniki ideya və perspektivli işləmələrlə məşğul olurdu. B.Geyts isə danışıqlar aparır, müqavilələr bağlayır və digər işgüzar görüşlər keçirirdi. Bütün əsas məsələləri dostlar birgə həll edirdilər. Bəzənsə bütün bunlar mübahisələrlə yekunlaşırdı. Bu mübahisələr hətta 6-7 saat davam edirdi.

Mübahisələrə baxmayaraq, 1980-ci illərin əvvəllərində özünün "İBM PC" kompüteri üçün əməliyyat sistemi axtaran İBM şirkəti B.Geytsin sahib olduğu şirkətlə müqavilə bağlayır. “Microsoft”un İBM-lə əməkdaşlığa başlaması onların qazana biləcəkləri ən böyük uğur idi. Sonrakı illərdə “Microsoft” “İntel 8086” prosessorları üçün özünün OC-nə sahib olmadığı üçün “Seattle Computer Products” şirkətindən 86-DOS (QDOS) sisteminin lisenziyasını alır. İşlərin yaxşı getdiyini görən şirkət rəsmiləri bu sistemə tam sahib olurlar və üzərində xeyli işlər apararaq bu sistemi İBM kompüterinə adaptasiya edirlər. Bununla da “Microsoft”  50 000 dollar qazanc əldə edib, İBM-lə əməkdaşlığa başlayır.

Daha sonra “Microsoft” “Xerox” və “Apple” şirkətləri üçün tamamilə yeni əməliyyat sistemi üzərində işləyir. 1985-ci ilin noyabrın 20-də isə tam yeni “Microsoft Windows” əməliyyat sistemi yaradılır. Bununla da “Windows” erası başlayır. Məhz bu əməliyyat sistemi də B.Geytsi dünyanın ən tanınmış və ən zəngin adamı edir.

 

İKT sahəsində ilk yeniliklər

 

Şirkəti yeni qurarkən ikisinin yatırdıqları vəsaitlər kifayət etmirdi. Şirkətin daha səmərəli fəaliyyət göstərməsi üçün yaxşı menecerə ehtiyac vardı. Bu zaman Geytsə anası yardımçı olur. Onun anası şirkətə maddi köməklik edir və mühasibatı bildiyi üçün həm də şirkətin meneceri kimi çalışmağa başlayır.

Şirkətin fəaliyyətinin ilk illərində onların sifarişçisi olan ilk 5 şirkət müflisləşir. Ancaq gənclər ruhdan düşmür, işlərini davam etdirirlər. 1970-ci ildə Geytsi dərsə getmədiyi üçün oxuduğu universitetdən xaric edirlər. Ancaq bu, onu heç də kövrəltmir. Uğurlu fəaliyyəti nəticəsində 1981-ci ildə “Microsoft” korporasiya olur və onun idarə edilməsi B.Geyts və P.Allen arasında bölünür. Həmin il şirkət özünün MS-DOS əməliyyat sistemli 16 bit stolüstü kompüterini təqdim edir. Bu, o zaman üçün ən yüksək nailiyyət idi.

Sonradan inkişaf davam etdirilir. Korporasiya özünün Avropa və Böyük Britaniyada nümayəndəliklərini açır. 1982-ci ildən “Microsoft” MS-DOS əməliyyat sistemlərini lisenziya ilə başqa kompüter istehsalçısı olan şirkətlərə də satmağa başlayır və bununla da o zaman bazarda öz əməliyyat sistemi ilə inhisarçı mövqeyi tutan “Apple” şirkətinin rəqiblərini artırır.

1983-cü ildə “Microsoft” qrafik interfeysini yeniləyərək, bu interfeysi daha rahat idarə etmək üçün mousu icad edir. Bu da o zaman üçün İKT sahəsində ən böyük uğurlardan biri idi.

Həmin il korporasiya MS-DOS əməliyyat sistemi üçün mətni redaktə etmək üçün proqram yaradır.

İKT bazarında uğurlar davam etdikcə, 1986-cı ildə “Microsoft”un səhmləri açıq bazara çıxarılır və onun 22 dollara olan bir ədəd səhmi bir gün ərzində 28 dollara qədər bahalaşır. 1990-cı ildə şirkət səhmlərindən gələn dividentləri hesablayır və şirkətin hər bir səhmdarı hədiyyə olaraq daha bir səhmə sahib olur.

1993-cü ildə artıq “Microsoft Windows”un qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 25 milyon nəfərə çatır. Bununla “Windows” dünyanın ən tanınmış əməliyyat sisteminə çevrilir. Amma korporasiyanın uğurları bununla da bitmir. Korporasiya stansiya və serverlər üçün nəzərdə tutulmuş “Windows NT” əməliyyat sistemini yaradır. İki ildən sonra isə “Windows 95” əməliyyat sistemi qurulur. Hətta vəziyyət o yerə çatır ki, “Windows 95” əməliyyat sistemini almaq üçün kompüteri olmayan insanlar belə növbəyə dururlar. 1996-cı ilin yanvar ayında 25 milyon nüsxə “Windows 95” satılır.

1998-cı ildə “Windows 98” əməliyyat sistemi işıq üzü görür və bu sistem “Windows 95”i də geridə qoyur. Sonra 2000-ci ildə “Windows 2000” proqramı yaradılır və bu əməliyyat sistemi bir çoxlarının fikrincə, dünyanın ən etibarlı və ən çox istifadə olunan sisteminə çevrilir.

 

“Microsoft”dan gediş və xeyriyyəçilik fəaliyyəti

 

2007-ci ildə Harvard Universitetinə daxil olmasından 34 il sonra B.Geyts bu ali təhsil ocağını bitirməsi haqqında diplomu alır. Dünyanın ən prestijli universitetinin rəhbərliyi 1975-ci ildə təhsilini dayandırmış keçmiş tələbəsinə xüsusi istedadına görə diplom verir.

2008-ci ildə B.Geyts “Microsoft” korporasiyasını tərk edəcəyini bildirir. O, iyul ayında şirkətdən gedir və həyat yoldaşı ilə birgə 2000-ci ildə təsis etdikləri “Bill & Melinda Gates Foundation” xeyriyyə təşkilatında xeyriyyəçiliklə məşğul olacağını elan edir. Bu fondun əsas məqsədi təhsil və səhiyyə ilə bağlı layihələri maliyyələşdirməkdir. Fond inkişaf etməkdə olan ölkələrə təhsil, səhiyyə proqramları hazırlayır, aclıq və səfalət içində olan ölkələrin əhalisinə maddi yardımlar edir. Fondun vəsaitinin böyük hissəsi təhsil və elmi ixtiralara və QİCS-ə qarşı vaksinlərin hazırlanması ilə bağlı layihələrə sərf edilir. Həmçinin B.Geytsin fondu bir sıra ölkələrin məktəbləri üçün kompüterlərin alınması ilə məşğuldur. Bir çox tənqidçilər isə deyir ki, bu məktəblərə alınan kompüterlər “Windows” və “Office” proqramları ilə təchiz edilib. Bu isə o deməkdir ki, “Bill & Melinda Gates Foundation”un xeyriyyə adı ilə xərclədiyi pullar yenidən özünün böyük paya sahib olduğu “Microsoft” korporasiyasına qayıdır.

B.Geytsin “Microsoft”un İdarə Heyətindən ayrılmasından sonra şirkəti Stiv Balmer idarə edir.

 

Ailəsi və dini baxışları

 

 

B.Geytsin dini baxışları bir çoxları üçün mübahisə predmetidir. Bir çoxları onun inanclı insan olduğunu və etdiyi xeyriyyəçilik işlərinin dindən, imandan irəli gəldiyini bildirirlər.

Amma bir gün “The Times” nəşrinin müxbiri ona Allaha inanıb-inanmaması ilə bağlı sual verib. Buna cavab olaraq B.Geyts “Mənim Allahın mövcudluğunu təsdiqləyən faktlarım yoxdur” deyə cavab verib. Bu da bir çoxları üçün onun ateist olduğu haqqında fikir söyləməyə əsas verir.

 

B.Geyts olduqca ailəcanlı bir insandır. 1994-cü ildə o, Melinda Frenç adlı bir xanımla ailə qurur ki, sonradan o, Melinda Geyts olur. 1996-cı ildə onların Cenifer Katarin adlı qızları, 1999-cu ildə oğlu Rori Con, 202-ci ildə qızı Fibi Adel anadan olur.

Bill Melinda ilə 1987-ci ildə “Microsoft”un Nyu-Yorkda təşkil olunan mətbuat brifinqlərinin birində tanış olub. Sonradan məlum olub ki, Melinda xeyli vaxt idi ki, onun rəhbərlik etdiyi şirkətdə çalışırmış və müdirinin evlilik təklifindən sonra işdən çıxıb.

Hazırda onlar Sietl yaxınlığında yerləşən və dəyəri 125 milyon dollar olan mülkdə yaşayırlar. Bu ərazilərdə torpaq vergisinin illik dəyəri bir milyon dollara yaxın təşkil edir. Geytsin qonaqları onun evini “gələcəyin evi” adlandırır. Əvvəla, evin hər yeri müxtəlif elektrik texnikası ilə doludur. Qonaqların əyləncəsi üçün nəzərdə tutulmuş pavilyonda bütün divar boyu 30-dan artıq plazma monitor quraşdırılıb. “Gələcəyin evi”nə səyahət edən qonaqlar bu ekranlarda film, televiziya şouları, musiqi və şəkillər izləyə bilirlər. “Ağıllı” sistem qonağın istəyini və zövqünü tapıb ekrana verir və qonağın evdə olduğu anları yaddaqalan edir.

 

Avtomobil və sürət sevdalısı

 

Bill Geyts böyük avtomobil həvəskarıdır. Bütün proqramçılar kimi, o da sürəti sevir. Hətta avtomobili sürətlə idarə etməsi onu nəinki böyük məbləğlərdə cərimələr ödəməyə, hətta həbsxanalara qədər aparıb. Çox vaxt da sürət həddini aşdıqda, onu oradan dostu Pol Allen çıxarıb.

Bu gün onun qarajında 30-dan artıq maşın var. Hələ yeniyetmə olarkən özünə aldığı “Mustang” avtomobilini muzey eksponatı kimi qoruyur. Bu maşın onun 40 min kvadrat fut ərazisi olan və gölün kənarında yerləşən Vaşinqtondakı evinin əsas bəzəklərindən biridir.

“Porsche-911” maşını ilə Nyu-Meksikonun səhralarında çox şütüyüb. Geytsin ikinci maşını “Raket” adlandırdığı “Porsche-930 Turbo” olub. Bu gün onun “maşın hərəmxanası”nı “Mercedes”, “Jaguar Huve”, “Porsche Carrera Cabriolette-964” və 380 min dollar verdiyi “Porsche Carrera Cabriolette-959” maşını bəzəyir. Məhz “Porsche Carrera Cabriolette-959” maşını ABŞ-ın ekoloji standartlarına cavab vermədiyi üçün ölkəyə buraxılmayıb.

Boş vaxt tapan kimi Bill sürət təşnəsini “Ferrari-348” ilə öldürür ki, bu yaxınlarda da bu avtomobili səhranın qumluqlarında xarab edib. Sürət həvəskarı olsa da, o, heç vaxt təhlükəsizlik kəmərindən istifadə etməyib.

Geyts həm də Leonardo da Vinçinin böyük pərəstişkarıdır. 1994-cü ildə rəssamın tam yaradıcılıq toplusu olan “Codex Leicester”i əldə edib və əsər 2003-cü ildən Sietl İncəsənət Muzeyində sərgilənir. Bundan başqa, Bill çoxlu oxuyur, böyük kitabxanaya malikdir. Axşamlar isə qolf və bric oynamağı çox sevir.

B.Geyts haqqında filmlər də çəkilib. Belə filmlərdən  biri olan “Bill Geyts: Dünyanı dəyişən insan” adlandırılıb. Filmdə onun uşaqlığı, biznes sahəsində atdığı addımlar və əbədi olaraq tarixə düşəcək həyat və yaradıcılığından geniş bəhs edilib.

Doğrudan da Bill Geyts İKT sahəsində atdığı addımlarla bəşəriyyətdə böyük dəyişikliklərə nail olan və dünyanı dəyişə bilən insandır. Bəlkə də o, bu dünyaya dünyanın ona lazım olduğundan çox lazımdır.

 

 

İKT.lent.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh