Reklam

“Formula-1” üçün nə qədər pul xərclənəcək?

Yazarlar 23 İyul 2015 19:57 Oxunub 2295
“Formula-1” üçün nə qədər pul xərclənəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışların keçirilməsi üçün Bakıda 6 km uzunluğunda yol salınır

2016-cı il iyulun 17-də Hökumət binasının qarşısından saatda 207 km sürətlə yarış maşınları şütüyəcək. Bakı artıq “Formula-1” 67-ci Dünya Çempionatına hazırlaşır.  Bu yarışlar Azərbaycan büdcəsinə neçəyə başa gələcək? “Formula-1” özündən sonra hansı izləri qoyacaq? Bu və bu kimi digər suallara cavab axtarmağa çalışdıq. “Qafqazinfo” azadliq.org-a istinadən xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov deyib ki, artıq hazırlıq işlərinə başlanılıb. Asfalt örtüyü dəyişdiriləcək, Hökumət Evinin qarşısında ikimərtəbəli müvəqqəti bina quraşdırılacaq. Yarışların keçirilməsi üçün Bakıda 6 km uzunluğunda yol salınır. Maşınlar burada saat əqrəbinin əks istiqamətində hərəkət edəcək. Hələlik neçə ölkədən, nə qədər yarışçının gələcəyi dəqiqləşməyib. Amma “Formula 1” yarışlarının təşkilatçısı “Bakı Grand Prix” şirkətinin rəhbəri Arif Rəhimov mediaya müsahibəsində deyib ki, yarışları 19 min 500 nəfər izləyə biləcək:  “Qran Prinin keçirilməsi ölkəmizi dünyada reklam etmək üçün bir vasitədir, ona görə də biz xarici ölkələrdən də azarkeşlər gözləyirik. Biz Avropa və digər qitələrdən daha çox tamaşaçı toplaya bilmək üçün müxtəlif proqramlar hazırlamağı planlaşdırırıq.

Bizim bu yarışları keçirməyimizin bir neçə səbəbi var. Birincisi, bu yarış ölkənin yaxşı reklamıdır, çünki Formula 1-in çox böyük teleauditoriyası var. 

İkincisi, digər ölkələr kimi biz də dünyaya Azərbaycan haqqında danışmaq, ölkəmizə turistləri cəlb etmək istəyirik. Biz istəyirik insanlar bilsinlər ki, bizim ölkəmiz turizm üçün, turistlər üçün əla yerdir. Bu iki əsas səbəbə görə biz yarış keçirmək qərarına gəldik”.

 

UCUZLAŞAN NEFT YARIŞLARIN KEÇİRİLMƏSİNƏ TƏSİR ETMƏDİ...

 

Jurnalistlər Arif Rəhimovdan dünyada neftin ucuzlaşmasının Azərbaycana təsiri haqda da soruşublar. Arif Rəhimov deyib ki, ucuzlaşma Formula 1 yarışlarının təşkilinə təsir etməyəcək: “Yarışın təşkilində dövlətlə yanaşı fərdi fondlar, biznesmenlər konsorsiumu, turizm şirkətləri və banklar iştirak edirlər. Ucuzlaşmanın yarışlara təsiri olmayacaq”.

2016-cı il Dünya Çempionatı müxtəlif vaxtlarda azı 20 ölkədə olacaq. Çin, Bəhreyn, Rusiya, Monako, Kanada, Yaponiya, ABŞ kimi ölkələrin arasında Azərbaycan da var. 

Arif Rəhimov deyir ki, Azərbaycandakı traslar digərlərindən fərqli olacaq: “Bizim trasın bir neçə yerində kəskin hündürlük fərqi olacaq. Layihəyə əsasən tras əvvəlcə uzunluğu 1.5 km olan hündürlüyə qalxır, sonra isə qısa məsafədə aşağı düşür, ona görə də bizim tras heç də düzənlik təsiri bağışlamayacaq”.

 

FORMULA 1-dən SONRA...

 

Bakıda saatda azı 200 kilometr sürətlə maşınların hərəkəti ətrafa, özəlliklə, tarixi binalara zərər vura bilərmi? Layihənin memarı Hermann Tilke “SpeedWeek” jurnalına müsahibəsində bu haqda da danışıb. O bildirib ki, layihədə bütün risklər nəzərə alınıb: “Bütün tikinti işləri şəhər daxilində olduğu üçün birinci növbədə yol örtüyünü təmir etməliyik. Yəni əvvəlcə, biz bütün adi işləri görəcəyik və sonda Formula 1 yarışları üçün hazırlanan xüsusi asfalt qatını döşəyəcəyik.

Bildiyiniz kimi, tras tarixi mərkəzin ərazisindən keçir, bəzi sahələrdə yerə daş döşənib. Təəssüf ki, Formula 1-də belə bir örtükdən istifadə etmək olmaz, ona görə də biz onu örtməli olacağıq - bunu Qran Priyə az müddət qaldıqda edəcəyik.

Biz müvəqqəti örtükdən istifadə edəcəyik: daşın üzərini qumla örtəcəyik, onun da üzərindən yeni asfalt döşəyəcəyik. Yarışdan sonra isə bu örtüyü sökəcəyik. Bakıda tras 12-ci əsrdə ucaldılmış qala divarının düz yanından keçəcək - biz bu divarın toxunulmazlığını təmin etməliyik. Bu şəhərdə işləyərkən nadir təcrübə topladıq. Əminəm ki, tras həm sürücülərin, həm də tamaşaçıların xoşuna gələcək”.

 

HÖKUMƏT EVİ İLƏ BAĞLI ŞAYİƏLƏR DOLAŞIR...

 

Bokslar Hökumət Evinin qarşısında olacaq. Burada maşınlara texniki xidmət ediləcək, yanacaq, doldurulacaq. Belə bir şayiə gəzir ki, bu yarışlar zamanı hökumət evi sökülə bilər.

Hətta söküntü belə olmasa qarajların düz Hökumət Evinin yanında qurulması, ordan gəlib-gedən maşınların sayının daha çox olması deməkdir. Bu da binaya təsir edə bilər. Almaniyalı memar müsahibəsində Hökumət evindən də danışıb. Amma onun nə demək istədiyi dəqiq anlaşılmır: “Bu bina Hökumət Evi adlansa da, faktiki olaraq binada bir neçə nazirlik yerləşir.

Bu böyük monumental bina 1936-1952-ci illərdə inşa olunub, bir müddət tikintiyə hərbi əsirlər də cəlb olunublar. Mənə danışmışdılar ki, onlar hətta bir dəfə tətil ediblər ki, sementin keyfiyyəti lazımı səviyyədə deyil. Onlara başqa sement verildikdən sonra tikinti işləri davam edib. Düzdür, bilmirəm ki, o zaman hərbi əsirlər tətil edə bilərdilərmi, amma bu bir Bakı əfsanəsidir”.

Financial Times Azərbaycanda keçiriləcək Formula 1 yarışları ilə bağlı yazısında hökumətin ayırdığı vəsaiti öyrənməyə çalışıb. Gənclər və İdman naziri Azad Rəhimov nə qədər pul xərclənəcəyini açıqlamaqdan imtina edib.

Azərbaycanda Formula 1 yarışlarına biletlərin 2015-ci ilin sonlarından satışa çıxarılacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh