
Gecələr magistral yollarda işıqlar niyə söndürülür? - PROBLEM

Son vaxtlar Bakı ətrafındakı magistral yolların işıqlandırılması ilə bağlı problemlər yaranıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, sürücülər əsasən gecə saatlarında Dairəvi yolun və Ələtə gedən magistralın işıqlandırılmasında yaranan problemlərdən şikayət edirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yol polisi hərəkətin təhlükəsizliyinə cavabdehdir: “Əgər işıqlandırılmalı olan yolda hər hansı problem yaranarsa, ərazidə xidmət aparan yol polisi əməkdaşı bununla bağlı növbətçi hissəyə məlumat verir. Növbətçi hissə də rəhbərliyi məlumatlandırır və aidiyyatı quruma məsələni həll etməklə bağlı müraciət edilir. Lakin işıqlandırma sistemini quraşdırmaq, nəzarət və ya bərpa etmək kimi məsələlər polisin səlahiyyətində deyil”.
Azərbaycanda yolların işıqlandırılmasına Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC cavabdehdir. Bakının bəzi hissələrində isə bu iş hələ də Bakı şəhər İcra Hakimiyyətinin nəzarətində qalıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda Ələt-Bakı və Bakı Dairəvi yolunun işıqlandırılması ilə bağlı hər hansı ciddi problem yoxdur: “Ola bilsin ki, hər hansı bir ərazidə 5-10 işıq dirəyində işıq yanmır, bu istisna deyil. Və yaxud da müəyyən vaxtlarda kabellərdə problem yaranır. Amma bu problemlər dərhal aradan qaldırılır”.
Gecə yollarda işıqların söndürülməsinə gəlincə isə A.Nəcəfli qeyd etdi ki, saat 2-dən sonra işıqlandırma sistemi qənaət rejiminə keçir: “Bu o demək deyil ki, bütün dirəklərdə işıqlar söndürülür. Sadəcə, qənaət rejiminə keçilir. Qənaət rejimi zamanı 3-4 dirəkdən bir işıqlandırma söndürülür, yəni müəyyən hissələrdə söndürülür, müəyyən hissələrdə qalır, başdan başa söndürülmür. Bu mənzərəni şəhərin mərkəzi yollarında da gecə vaxtı müşahidə edə bilərsiniz”.
A.Nəcəfli əlavə edib ki, səhər açılanadək Bakı yollarında işıqlandırma qənaət rejimində olsa belə davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda rayon mərkəzləri istisna olmaqla bütün magistral, respublika və yerlə əhəmiyyətli yolların işıqlandırılması ilə “Azəryolservis” ASC məşğul olur. Hazırda Bakı-Qazax magistralının yalnız Ələtədək olan hissəsi, Bakı-Rusiya sərhədi magistralının isə Sumqayıtadək olan hissəsi işıqlandırılır.