Banner

“Gəlin maşınları” bəyləri nə qədər xərcə salır? – FOTO

Yazarlar 15 Fevral 2015 14:49 Oxunub 5012
“Gəlin maşınları” bəyləri nə qədər xərcə salır? – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir günlük sifarişin qiyməti 200-400 manatdır

Toy günü insan həyatının ən gözəl günlərindəndir. İnsanlar öz toylarının digər toylardan fərqli, daha çox yaddaqalan, daha görkəmli olması üçün aylarla hazırlıq görürlər. Avtosfer.az-ın musavat.com-a istinadən məlumatına görə, bəziləri hətta borc-xərc edir, banklardan kredit götürür ki, təki toy istədiyi kimi keçsin. Çünki bu, bir çox insanın həyatında cəmisi bir dəfə yaşanan və illər keçsə belə, hər zaman xatırlanan bir gündür. Əlbəttə ki, hər şeyin yaxşısını istəmək olar. Amma hər şeyin yaxşısı heç də ucuz başa gəlmir. Ona görə də, gəlin biz toy gününü bir kənara oyub, toya qədər olan xərclərdən danışaq. Gəlin və bəyin geyimləri, gəlinin bəzədilməsi, bəyin saçının düzəldilməsi kimi önəmli xərclər var. Bir də toyun ən vacib elementlərindən hesab olunan gəlin maşınını da buraya əlavə etmək lazımdır.

Çünki nə qədər adi görünsə də, əslində, ona çəkilən xərc heç də digərlərindən geridə qalmır. Bəziləri gəlini öz maşını ilə gətirsə də, maşını olmayanlar da məcbur olub, avtomobil icarəyə götürürlər. Bəzən isə maşınları olsa da, valideynlərin istəyi ilə kirayəyə ən son model avtomobil götürülür. Çünki oğul anaları adətən, belə bir söz işlətməyi sevirlər "Təki oğlumun toyu olsun, gəlinimi bahalı maşında gətirəcəyəm". Bəzən isə bunu “qonşudan qalma geri” məsələsi üçün də edirlər. Və külli miqdarda maliyyə vəsaiti belə şeylər üçün xərclənir. 

Bəzən isə gəlinlər yeni evinə ayaq basmadan, öz istəklərini irəli sürürlər "Mən ikiqapılı maşında gəlin getmək istəyirəm. Rəfiqələrimin yanında başıaşağı ola bilmərəm". Belə olanda da bəy onun sözünü yerə sala bilmir və razılaşır.

Biz də musavat.com olaraq, paytaxtın bəzi yerlərində kirayə gəlin maşınlarının qiyməti ilə maraqlandıq. Görək, bir neçə saata kirayələnən bu maşınlara və onların bəzəklərinə nə qədər pul xərclənir? İlk olaraq onu deyək ki, şəhərdə cəmi bir neçə yerdə bu cür maşınları kirayələmək mümkündür. Bu yerlər əsasən, bəzi metrostansiyaların çıxışlarındadır. Biz də "Gənclik" metrostansiyasının yaxınlığında maşınların kirayə qiyməti ilə maraqlandıq.

Maşınların kirayəsi ilə məşğul Rafiq deyir ki, qiymətlər avtomobillərin markası, kirayələnmə saatı ilə fərqlənir: “Gəlin maşınları avtomobilin markasından və saatından asılı olaraq, 200-400 manat civarında kirayə verilir. Bütün bəzədilmə işləri elə müştərinin gözü qabağında aparılır. Süni gülləri və bəzəkləri istəməyənlər isə xüsusi salonlara müraciət edirlər. Salonlarda maşınlar qeyri-adi dizaynla və təbii güllərlə bəzədilir. Hər şey müştərinin istəyindən asılıdır.

Qiymətlərin fərqli olmasında maşınların markalarından çox, götürülmə müddəti rol oynayır. Hazırda bizdə olan avtomobillər “Ford Mustang”, “Porsche panamera”, “Porsche Panamera Turbo by Mansory C On”, “Mercedes CL-Class” və “Bentley Continental GT V8 S revealed”dir. Bir günlük sifarişin qiyməti 400 manatdır. Əgər bəy iki nəfərlik maşınlardan seçərsə, bu zaman qiymət daha da ucuz olur. Çünki özü idarə edir. Yox, əgər sadəcə, gəlini evdən götürərək saraya qədər aparacaq və geri qaytaracaqsa, qiymət 200 manat olur. 

Kirayə şərtləri isə çox sadədir. Əgər sürücünü biz veririksə, heç bir sənədə ehtiyac duyulmur. Əgər bəy özü maşını idarə edəcəksə, sürücülük və şəxsiyyət vəsiqəsinin surətini bizə verməlidir. Məsələ bu qədər sadədir. Maşının bəzənməsi də qiymətə daxildir. Ən gözəl şəkildə bəzəyirik. Hazır şəkildə təhvil veririk. Əgər istəməsələr, bayaq dediyim kimi, bunun üçün xüsusi salonlara müraciət edə bilərlər”.

Bununla da məlum oldu ki, bir neçə saatlıq avtomobil gəzintisi üçün xərclənən məbləğ heç də az deyil.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh