Banner

Hava limanından şəhərə gəlib-gedən avtobuslar olmalıdır

Yazarlar 23 Mart 2015 09:23 Oxunub 2489
Hava limanından şəhərə gəlib-gedən avtobuslar olmalıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çingiz Qənizadə: «Bütün ölkələrdə hava limanından şəhərə getmək üçün xüsusi avtobuslar var»

 

Ərşad Hüsuenov: «Normalda mərkəzdən hava limanına mütləq ictimai nəqliyyat olmalıdır»

 

Hər bir ölkə ilə bağlı ilkin təəssüratlar sərhəddən və hava limanından başlayır. İnsan sərhəddən ölkəyə daxil olarkən ona göstərilən davranış, sərhəd xidməti işçilərinin münasibəti əsasında necə bir ölkəyə gəldiyini düşünür. Ölkəmiz artıq son 5 ildə ikinci dəfə böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək. Birinci Avropa Oyunları ərəfəsində respublikamıza xeyli turistin gələcəyi gözlənilir. Bu, bir tərəfdən ölkəmizin təbliği üçün yaxşı imkan olsa da, həm də məsuliyyət tələb edir.

Turistlərin daha çox Heydər Əliyev Beynəlxalq Hava Limanından istifadə etməklə ölkəmizə gələcəyi gözlənilir. Hava limanının bu yaxınlarda Avropa standartlarına uyğun yeni terminalının tikilməsi ilk baxışdan hər şeyin qaydasında olacağını düşünməyə əsas verir. Amma sərhəd xidməti və hava limanı əməkdaşlarının davranışlarında hələ ki, bu münasibəti görmürük. Digər bir problem isə nəqliyyatla bağlıdır. Heydər Əliyev Beynəlxalq Hava Limanına ictimai nəqliyyat işləmir. Seçim imkanı olmayan insanlar hava limanınıdan şəhərə gəlmək üçün taksi xidmətindən istifadə etmək məcburiyyətindədir. Bunu nəzərə alan taksi sürücüləri isə insanlara yüksək qiymət diktə edir. Üstəlik, yolları yaxşı tanımayan qonaqlar başqa yollarla şəhərə gətirilərək onlardan əlavə pul alınır. Təbii ki, bir müddət sonra həmin qonaqlar aldadıldıqlarını başa düşürlər. Bu da ölkəmizin adı üçün o qədər də yaxşı hal deyil. Bu günlərdə parlamentdə bu məsələni qaldıran millət vəkili Çingiz Qənizadə də hava limanına ictimai nəqliyyatın işləməsinin vacibliyini vurğulayıb: «Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərə gəlmək üçün avtobuslar olmalıdır. Həmçinin, əks istiqamətdə də avtobuslar hərəkət etməlidir. Xarici ölkələrdən Azərbaycana gələn qonaqlarla yanaşı, yerli əhali də hava limanına gedib qayıtmaq üçün ictimai nəqliyyatın olmasını arzu edir. Çünki bütün ölkələrdə hava limanından şəhərə getmək üçün xüsusi avtobuslar var. Təkcə Azərbaycanda bunu etmirlər. Amma bu, çox vacib məsələdir. Turistlərin, xarici qonaqların rahatlığını təmin etmək, eyni zamanda, yeri əhaliyə yüksək xidmət göstərmək üçün şəhərin mərkəzinə işləyən avtobuslar olmalıdır. İctimai nəqliyyatın olmamasından istifadə edən taksi sürücüləri isə daha çox pul qazanmaq üçün müştəriləri aldadırlar. Məndə olan məlumata görə, taksi sürücüləri Azərbaycana gələn əcnəbiləri aldadıb daha çox pul alırlar. Məsələn, hava limanından şəhərə gəlmək üçün düz yolla yox, Maştağa, Buzovna qəsəbələrindən hərlənib yolu qəsdən uzadırlar ki, müştəridən çox pul alsınlar. Bu da düzgün deyil. Qarşıdan Avropa Yay Olimpiya Oyunları gəlir. Həmçinin, ölkəmizə gələn turistlərin də sayı çoxalır. Taksi sürücülərinin bu əməllərinə qarşı tədbir görülməlidir. Bunun üçün də avtobuslar ayrılmalıdır ki, insanları hava limanına aparıb gətirsin».

Ekspert Ərşad Hüsuenov isə burada qəribə bir şeyin olmadığını bildirdi: «Normalda paytaxtın mərkəzindən hava limanına mütləq ictimai nəqliyyat olmalıdır. Problemin həlli üçün müasir metodalardan da istifadə etmək olar. Hətta qrafik yaradıb, onun elekton versiyasını da təşkil etmək olar. Harasa təyyarə ilə uçmaq istəyən vətəndaş məlumat alıb, vaxtında hava imanına gəlib-getmək imkanına malik olar. Bunun üçün az sayda da avtobus yetərlidir və böyük avtobus parkı yaratmağa ehtiyac yoxdur. Amma elə bir cəmiyyətdə yaşayırıq ki, hər kəs bir-birini aldadır. Bunu təkcə taksi sürücüləri etmir. Cəmiyyətdə hər kəs başqalarını aldatmağa çalışır. Amma taksi sürücülərinin bu hərəkəti ona görə diqqət cəlb edir ki, onlar həm də ölkəyə gələn qonaqlarla təmasda olurlar. Ölkəyə gələn xarici vətəndaşlarda getdikləri ölkə ilə bağlı təəssüratlar hava limanından başlayır. Amma onsuz da şəhərə gələn xarici vətəndaş gördüyü mənzərələrdən vəziyyəti başa düşəcək. Biri də olsun taksi sürücülərinin fiırldağı. Sovet dönəmində hava limanına həm avtobus, həm troleybus xətti var idi. Odur ki, insanların seçim haqqı olmalıdır. Kim istəyirsə taksi ilə, kim istəyirsə ictimai nəqliyyatla hava limanına gedə bilməlidir. Özü də avtobuslar sovet dövründə olduğu kimi, hava limanının lap girəcəyinədək getməlidir». 

Bakı Avropa Oyunları ərəfəsində xarici qonaqların xüsusi yollarla şəhərin mərkəzinə gətirilməsi ilə bağlı taksi sürücülərinə tapşırıq verilməsinə münasibət bildirən Ərşad Hüseynov bunun rəsmi göstəriş olduğunua inanmadığını bildirdi: «Amma qeyri-rəsmi bu tapşırıq verilə bilər. Son dövrlər görülən işlər də belə bir tapşırığın olacağını göstərirdi. Çünki şəhərin bir sıra yollarında kosmetik işlər aparılıb. Elə Nəqliyyat Nazirliyinin yaxınlığında - Salamzadə küçəsində yolun kənarları xüsusi dəmirlərlə bağlanır ki, həyətlər görünməsin. Halbuki dünyanın heç bir ölkəsində belə şey yoxdur. Yolun kənarına hasar çəkilməsi ancaq Azərbaycandadır. Halbuki ona çəkilən xərclə həmin evlərin özlərini düzəltmək olardı. Bu zaman həm vətəndaşların evləri təmir olunardı, həm də daha məntiqli bir addım olardı. Amma indi hasar çəkib, üç aydan sonra sökəcəklər». 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanına ictimai nəqliyyatın işləməsi uzun illərdir müşkülə çevrilib. Halbuki dünyanın əksər ölkələrində hava limanlarından şəhərin müxtəlif istiqamətlərinə sərnişin avtobusları, elektrik qatarları və metro işləyir. Elə qonşu Türkiyə və Gürcüstanda da hava limanına ictimai nəqliyyat işləyir. 

 

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh