Banner

Hər il yol qəzalarında ölənlərin sayı milyondan çox olur

Yazarlar 22 Noyabr 2015 00:46 Oxunub 2340
Hər il yol qəzalarında ölənlərin sayı milyondan çox olur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə Günüdür

22 noyabr 2015-ci il tarixdə dünyanın hər yerində Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə Günü qeyd olunacaq. Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü BMT Baş Məclisinin 26 oktyabr 2005-ci il tarixli, A/RES/60/5 saylı Qətnaməsi ilə təsis edilmişdir və hər il noyabrın üçüncü bazar günü qeyd edilir. Avtosfer.az-ın məlumatına görə, 2013-cü ildə noyabrın 17-nə təsadüf etmiş bu günü təsis etməkdə məqsəd həm yol-nəqliyyat hadisələri qurbanlarının ailə üzvlərinə və yaxınlarına dəstək olmaq, onlara təsəlli vermək, həm də dünya ictimaiyyətinin diqqətini bu bəlaya cəlb etməkdir. Bu gün dünyanın müxtəlif ölkələrində maraqlı kütləvi tədbirlər keçirilir, yol-nəqliyyat hadisələri qürbanlarının xatirəsi yad olunur.

Ümumdünya Səhiyyə Təşkilatının hələ 2010-cu ildə yaydığı məruzədə qeyd olunur ki, dünya üzrə yol-nəqliyyat hadisələrində il ərzində ölənlərin sayı təxminən 1,3 milyon nəfərdir, yaralananların sayı isə 20-50 milyon civarındadır.

Yol-nəqliyyat hadisələrində ölənlərin statistikasına nəzər yetirdikdə maraqlı mənzərə yaranır. Ümumdünya Səhiyyə Təşkilatının apardığı statistik təhlillərə əsasən, dünyada olan avtomobillərin 70 faizi inkişaf etmiş ölkələrin payına düşsə də, dünyanın yollarında ölən insanların 20 faizi bu ölkələrin hesabındadır. Deməli, əsas məsələ avtomobillərin sayı yox, yol hərəkəti mədəniyyətinin və yol hərəkəti təhlükəsizliyinin səviyyəsidir. Məsələn, avtomobilləşmə səviyyəsinə görə dünyada aşağı yerlərdən birini tutan Hindistan yol-nəqliyyat hadisələri qurbanlarının sayına görə liderdir: bu ölkə hər il yollarda orta hesabla 130 min insan itirir.

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinə görə ölkəmizdə də vəziyyət hələ ki qənaətbəxş deyil. Rəsmi statistikanı təhlil etdikdə belə məlum olur ki, ölkəmizdə hər 100 min nəfərə il ərzində yol-nəqliyyat hadisələrində ölənlərin sayı 12-13 nəfər olur. Amma inkişaf etmiş bəzi  ölkələrdə bu göstərici 3-4 dəfə azdır. Rəsmi statistikanı ümumiləşdirdikdə məlum olur ki,  dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizin yollarında ölən vətəndaşların sayı Qarabağ müharibəsindəki itkidən daha çoxdur. Ona görə də ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə diqqət daha da artırılmalı, bütün dövlət qurumları, müxtəlif təşkilatlar, ayrı-ayrı vətəndaşlar yollarımızın daha təhlükəsiz edilməsi üçün əlindən gələni etməlidir.

Yol-nəqliyyat hadisələrinin təhlilini aparan beynəlxalq qurumların qənaətinə görə, yollarda əsas risk amilləri bunlardır: sürücülər tərəfindən sürət rejimini pozma; nəqliyyat vasitələrində sürücü və sərnişinlər tərəfindən təhlükəsizlik kəmərlərindən, motosikletçilər tərəfindən motodəbilqədən istifadə etməmə; yollarda olan müxtəlif problemlər (yolun xarab olması, nişan çatışmazlığı, süni işıqlandırmanın olmaması və s.); sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə; tibbi təminatda, xüsusən də zərərçəkənlərə təcili tibbi yardım göstərilməsindəki qüsurlar və s.

Avtosfer.az saytı olaraq Azərbaycanda yol qəzalarının qurbanı olanlara Allahdan rəhmət, yaralananlara, ömürlük əlil olanlara isə şəfa diləyirik!

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh