Banner

Hər yoldan keçənə «avtoş» demək olmaz - HÜQUQŞÜNAS

Yazarlar 2 May 2015 23:17 Oxunub 5953
Hər yoldan keçənə «avtoş» demək olmaz - HÜQUQŞÜNAS
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtoxuliqanlığa görə hansı sürücülər məsuliyyətə cəlb edilməlidir?

Son zamanların müşahidəsi göstərir ki, bəzən dövlət yol polisi (DYP) əməkdaşları tərəfindən avtoxuliqanlıqla bağlı sürücülərin qayda pozuntularının düzgün qiymətləndirilməməsi sürücülərin haqlı narazılığına səbəb olub. Qanuna görə, bu işlər üzrə yekun qərarı qəbul etmək səlahiyyəti məhkəməyə aiddir. Ona görə də bəzi hallarda DYP rəsmiləri narazı qalan sürücülərə öz narazılıqlarını məhkəmədə hakimə bildirmələrini məsləhət görürlər. Lakin nəzərə almaq lazımdır ki, işin məhkəmə perspektivinin olması o demək deyil ki, DYP əməkdaşı sürücünün barəsində protokol tərtib edərkən qanunvericiliyin tələblərini nəzərə almasın və hüquqi cəhətdən savadlı, düzgün protokolun tərtib edilməsini təmin etməsin. Məsələnin aktuallığı avtoxuliqanlıq hərəkətlərinin hüquqi aspektlərinin nəzərdən keçirilməsini zəruriyyətə çevirib.

“Avtoxuliqanlıq” adlı inzibati xəta 6 noyabr 2007-ci il tarixli qanunla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə daxil edilib və Məcəllənin 296-1-ci maddəsində nəzərdə tutulub. Qanunda avtoxuliqanlığa nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsüllarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkət kimi anlayış verilib.

Gördüyümüz kimi, qanunda avtoxuliqanlıq hərəkətinin bir neçə hüquqi əlaməti ifadə olunub: Onlara aiddir: 

1) nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması;

2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi;

3) yol hərəkəti qaydalırının müxtəlif üsullarla davamlı olaraq pozulması.

Nəzərə alınması vacibdir ki, göstərilən əlamətlər biri-digərinə münasibətdə alternativ deyil, yəni sürücünü avtoxuliqanlıqla məsuliyyətə cəlb etmək üçün sadalanan əlamətlərin hamısı məcmu şəkildə sürücünün hərəkətlərində görünməlidir və bu hərəkətlər sürücü tərəfindən qərəzli olaraq törədilməlidir. Bu əlamətlərdən birinin olmaması avtoxuliqanlığa görə məsuliyyəti istisna edir.

Bununla belə bəzən sürücünün eyni vaxtda bir neçə yol hərəkəti qaydasını pozması DYP əməkdaşı tərəfindən onun barəsində avtoxuliqanlıqla bağlı protokolun tərtib edilməsi ilə nəticələnir və sürücünün barəsində kifayət qədər ciddi inzibati tənbeh tədbiri (ən azından 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla 500 manatdan 700 manatadək cərimə və ya 15 gündən 1 ayadək müddətə inzibati həbs) görülür.

Təbbi ki, bu cür təcrübənin formalaşdırılması qanunun məqsədlərinə uyğun deyil və istinad olunan maddədən də göründüyü kimi sürücü tərəfindən eyni vaxtda bir neçə yol hərəkəti qaydasının pozulması hələ özlüyündə avtoxuliqanlıqdan xəbər vermir. Lazımdır ki, yuxarıda sadalanan zəruri hüquqi əlamətlər məcmu halda sürücünün hərəkətlərində özünü büruzə versin.

Fikrimizi bir misalla aydınlaşdıraq. Məsələn, sürücü səhər tezdən  iş yerində rəhbərliyin keçirəcəyi iclasa az bir vaxt qaldığını görüb  tələsir və bu səbəbdən avtomobilini yüksək sürətlə idarə edərək iş yerinə yola düşür. Yolda DYP əməkdaşı sürücüyə “saxla” işarəsi versə də, sürücü onun tələbinə məhəl qoymayıb yalnız iclasa vaxtında çatmaq haqqında düşünərək həmin yüksək sürətlə də hərəkətini davam etdirir, yolda qanunsuz ötmə əməliyyatını həyata keçirir və eyni zamanda yolda olan svetoforun qırmızı işığında yol ayrıcını keçir. Bu cür vəziyyətdə DYP əməkdaşı sürücünün barəsində avtoxuliqanlıqla protokol tərtib etməkdə haqlıdırmı?

Çəkdiyimiz misalda sürücünün davamlı olaraq bir neçə yol hərəkəti qaydasını kobud formada pozması göz qabağındadır. Lakin burada söhbət ondan gedir ki, sürücü  tərəfindən yol hərəkəti qaydalarının bir neçə dəfə davamlı olaraq pozulması əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına yönəlməmişdir. Eyni zamanda sürücünün bu hərəkətləri onun qərəzindən deyil, şəxsi niyyətindən irəli gəlmişdir. Ona görə də bu halda sürücü avtoxuliqanlığa görə deyil, yalnız konkret olaraq törətdiyi inzibati xətalara – yolda müəyyən olunmuş hərəkət sürətini aşma,  polisin qanuni tələblərinə qəsdən tabe olmama və svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməyə görə inzibati məsuliyyətə cəlb edilməlidir. 

Digər tərəfdən nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsində (maddə 35) eyni vaxtda bir neçə inzibati xəta törədən şəxsin cəzalandırılmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Qanuna görə belə hallarda törədilən inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs törətdiyi inzibati xətalardan daha ciddi olan xətaya görə cəzalandırılır.

Deməli qanun eyni şəxsin eyni vaxtda bir neçə inzibati xətanı törətməsini mümkün hesab edir və bu cür vəziyyətlərdə təqsirkar sürücünün cəzalandırılmasının xüsusi qaydasını nəzərdə tutur.  Qanunun bu mövqeyi eyni şəxs tərəfindən eyni vaxtda törədilmiş bir neçə yol hərəkəti qaydasının pozuntusunun birmənalı olaraq avtoxuliqanlıq kimi qiymətləndirilməsini bir daha təkzib edir.  Əks halda bir neçə inzibati xətanın törədilməsinə görə inzibati tənbehin tətbiq edilməsi barədə qaydanın Məcəllədə nəzərdə tutulmasına heç ehtiyac da olmazdı, yaxud da bu qaydanın yol hərəkəti əleyhinə olan inzibati xətalara aid olmaması barədə xüsusi qeyd nəzərdə tutulardı. 

Bəs avtoxuliqanlığa görə hansı sürücülər məsuliyyətə cəlb edilməlidir?

Sadə dillə desək “avtoxuliqanlıq” maddəsi şəhər sakinlərinin “avtoş” adlandırdıqları xüsusi qrup sürücülərin maddəsidir. O sürücülərin ki, məhz onlar qadağan olunmuş yerlərdə qanunsuz və təhlükəli avtomobil yarışlarını təşkil edərək hərəkətin digər iştirakçılarının əmlakına, həyat və sağlamılığına potensial təhlükə yaradır,  avtomobil hərəkətinin ümumiyyətlə qadağan olunduğu yerlərdə avtomobillərini nümayişkaranə formada idarə edir, qadağan olunmuş səsucaldıcı vasitələrdən, siqnallardan istifadə edərək, bayağı və əxlaqsız audio yazıları ucadan səsləndirərək və suni avtomobil nəriltisi yaradaraq və s. bu kimi hərəkətləri ilə ətarfadakılara açıqdan-açığa hörmətsizlik bəsləyir və əhalinin dincliyini pozurlar.

 Bu cür sürücülər nəinki yol hərəkəti qaydalarına, eləcə də cəmiyyətdə hakim olan elementar etik qaydalara belə etinasızlıq göstərir,  hətta onlar ətrafdakılar üçün yaratdıqları narahatçılıqdan və mənəvi gərginlikdən həzz alır və buna özlərinin əyləncəsi, hobbisi kimi baxırlar.  

Ona görə də hər hansı bir sürücünün qayda pozuntusu qiymətləndirilərkən qayda pozuntularının zahirən oxşar cəhətlərinə deyil, onların fərqləndirici cəhətlərinə diqqət yetirilməli və qayda pozan hər bir sürücünün barəsində ədalətli inzibati tənbehin tətbiq edilməsi təmin edilməlidir.

 

 

Sadiq Əfəndiyev,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh