Banner

İki dostu düşmənə çevirən yol qəzası... – Təfərrüfatlar

Yazarlar 26 Aprel 2015 00:12 Oxunub 4741
İki dostu düşmənə çevirən yol qəzası... – Təfərrüfatlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəkil icra başçısının və «McDonalds»ın müdürünün oğlanlarının düşdüyü qəza ilə bağlı maraqlı açıqlamalar verib

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində medianın diqqətində olan bir proses davam edir. Tərəflər ictimaiyyətdə tanınan şəxslərdir. Ötən il baş verən yol qəzasında hər iki tərəf itki verib. Onlar Səbail rayon icra başçısı Asif Əsgərov və “Mc Donalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevdir. Həmin qəzada A.Əsgərovun oğlu İlham Əsgərli, sürücüsü Pərvin Fətullayev və M.Mirzəyevin oğlu Sənan Mirzəyev ağır yaralanıb. Onların hər üçü xəstəxanaya yerləşdirilib. Lakin S.Mirzəyev orada vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu iş üzrə hazırda davam edən məhkəmə prosesində M.Mirzəyev qəzada digər zərərçəkən tərəfi ittiham edir və hesab edir ki, olayın baş verməsində, oğlunun həyatını itirməsində İlham Əsgərli günahkardır.

Aprelin 23-də keçirilən məhkəmə prosesində ifadə verən şahidlər isə qəzaya digər iştirakçının – yük maşınının sürücüsünün səbəbkar olduğunu bildiriblər. Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı qəza yerindən ilk olaraq Sənan Mirzəyevi ambulansa götürdüklərini, İlham Əsgərlini isə qəbul etmədiklərini bildirib. İ.Əsgərli ən sonda ambulans olmadığı üçün mülki maşınla aparılıb. Hadisə yerinə gələn polis əməkdaşları Ələmşah İsayev və İlkin Lətifov isə yük maşının sol ikinci zolaqdan qəfil sağ zolağa keçərək torpaq yola çıxmaq istədiyi üçün qəzaya səbəb olduğunu deyib.

Təhqiqatçı müstəntiq qəzada “Mercedes”in sürət həddi barədə qərar verə bilmədiyi üçün ekspertizaya iki variantda cavab təqdim edib. Bu halın özü də işdə şübhəli məqamlar ortaya çıxarıb. Buna görə də aprelin 24-də əlavə ekspertiza təyin edilib. Həmin vaxta kimi məhkəməyə fasilə verilib. Amma zərərçəkən Maqsud Mirzəyev mətbuata açıqlamalarında və məhkəmə çıxışlarında İlham Əsgərlini və onun atası Asif Əsgərovu ittiham etməkdə davam edir.

Qarşı tərəf isə həm öz arqumentləri, həm də şahid ifadələrinə əsaslanaraq cavab verirlər ki, bu qəzadır və orada hər üç gənc ağır yaralanıb. Və məlumdur ki, onların üçü də, yaxud da Sənanın yerinə İlham də ölə bilərdi. Çox yaxın dost olan gənclərin təsadüf nəticəsində birinin sağ qalması heç də onun günahı və ya ittiham edilməsi kimi qəbul olunmamalıdır. Axı hər ki dost bu qəzadan sağ çıxmaya bilərdi. Və bu qəzada qəsd necə ola bilər? İnsan necə öz oturdugu avtomobildə başqasına qarşı qəsd edə bilər? Bu iddia nə qədər məntiqlidir? 

 

İlhamla Sənan sinif yoldaşı və uşaqlıq dostu olublar. Həmin gün də “Paintball” oynamaq üçün gedirmişlər. Təbii ki, bu yaşananlar hər iki ailə və ümumiyyətlə, cəmiyyət üçün xoş deyil. Lakin Maqsud Mirzəyevin qəzaya səbəb olan yük maşının sürücüsünü deyil, İlham Əsgərlini ittiham etməsi isə müdafiə tərəfinin vəkilini də təəccübləndirib.

 

Vəkil Bəylər Məmişov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İlhamla Sənan əvvəldən dost olduqları üçün bundan öncə də bir neçə dəfə maşınla bir yerə gediblər: “Elə hal olub ki, İlhamın sürücüsü olmayanda Sənanın maşını ilə gedib. Daim onların aralarında yaxın dostluq münasibətləri olub, heç vaxt problemləri olmayıb. Mərhumun atasının ittihamları isə ona dəlalət edir ki, sanki İlhamın Sənana qarşı düşmənçilik münasibəti olub. Əksinə, onlar daim dost olublar. Həmin gün də Şüvəlana “Paintball” oynamğa gediblər. Yolda İlhamın sürücüsü özünü pis hiss edib, maşını idarə etmək üçün İlhama verib. Sürücünün tək səhvi bu olub. Amma maraqlı fakt var ki, İlhamın maşını idarə etdiyi yol tamamilə radarlarla təchiz edilib. Dövlət Yol Polisinin verdiyi rəsmi rəydə də göstərilib ki, həmin müddətdə avtomobil idarə olunarkən sürət həddi aşılması və ya digər yol hərəkəti qaydası pozuntusu baş verməyib. Qəzaya səbab olan yük avtomobilinin sürücüsü Əhliman Süleymanovun yol hərəkətini pozması haqda isə hələ iş məhkəmə gəlməmişdən rəy verilib. Bu məktublar iş materiallarına daxil edilib. Təəssüflər olsun ki, istintaq orqanı yalnız Əhliman Süleymanovun ifadəsi əsasında qeyd edib ki, İlham Əsgərli guya 200 km/saat sürətlə hərəkət edib. Bu qənaətə yük avtomobilinin sürücüsünün ifadəsi əsasında gəldiklərini də qeyd ediblər. Həmin vaxt İlham Əsgərli ağır yaralı olduğu üçün dindirilməsi mümkün olmadığından yalnız Əhliman Süleymanovun ifadəsi əsasında istintaq bu qənatətə gəlib. Birincisi, Əhliman Süleymanov bu olayda təqsirləndirilən şəxsdir və maraqlı tərəfdir ki, yanlış məlumat verməklə işi öz xeyrinə dəyişsin. Onun ifadəsinin də qərəzli olması gözləniləndir. İkincisi, avtomobilin sürət həddini ölçmək üçün xüsusi cihazlar var. Əhliman Süleymanov İlham Əsgərlinin idarə etdiyi maşından öncə hərəkət edib. O yalnız yan güzgüdən “Mercedes”i görə bilərdi. Yan güzgüdən baxmaqla da maşının sürəti haqda fikir yürütmək olmaz. Bu Əhliman Süleymanovun yox, ekspertlərin işidir. DYP də rəsmən cavab verir ki, “Mercedes” heç bir sürət həddini aşmayıb. Amma dediyim kimi, Əhliman Süleymanovun yol hərəkətini pozması haqda öncədən rəy verilib”.

Vəkil hadisə baş verəndən sonra yaralıların xəstəxanaya çatdırılması haqda Maqsud Mirzəyevin ittihamlarına da rəsmi məktublar əsasında cavab verib: “Hadisə saat 18 radələrində baş verib. Sənan Mirzəyev isə saat 18:25-də 3 saylı xəstəxanaya çatdırılıb. Ondan sonra Pərvin Süleymanov da həmin xəstəxanaya aparılıb. İlham Əsgərli isə yalnız dostları tərəfindən saat 20:30-da Kliniki Tibii Mərkəzə yerləşdirilib. Sənan Mirzəyevi hadisə yerindən peşəkar həkimlər aparıb və daimi onların nəzarətində olub. İlham Əsgərli isə tibbi sahədən bilikləri olmayan dostları tərəfindən 2 saat sonra xəstəxanaya çatdırılıb. Sənan Mirzəyevə peşəkar həkimlər diaqnoz qoyub və dərhal lazımi xəstəxanaya yerləşdirilib. İlham Əsgərlini isə dostları öncə Neyrocərrahiyyə Xəstəxanasına aparıblar, orada onu qəbul etməyiblər. Həkimlər İlhamın dostlarına onu Kliniki Tibbi Mərkəzə aparmağı məsləhət biliblər. Sonra belə də olub. Sənan Mirzəyev hadisən 25 dəqiqə sonra, İlham Əsgərli isə 2 saat 30 dəqiqə sonra xəstəxanaya çatdırılıb. Təəssüf ki, Sənan Mirzəyev saat 19:10-da vəfat edib. Bütün bunlar məhkəməyə təqdim edilən tibbi sənədlərlə göstərilib”.

Maqsud Mirzəyev iddia edib ki, Asif Əsgərov oğlunu qəza yerindən birbaşa Türkiyəyə aparıb. B.Məmişov bildirib ki, bununla bağlı elə M.Mirzəyevin vəkilinin sorğusuna cavab olaraq bildirilib ki, İlham Əsgərli qəzadan sonra 3 gün, yəni sentyabrın 30-u təxminən saat 18 radələrinə kimi Kliniki Tibbi Mərkəzdə saxlanılıb: “Mən qəzadan sonra maşına baxdım. Sürücü tərəf elə bir vəziyyətdə idi ki, oradan sağ çıxmaq möcüzədir. İndi bu Allahın işidir də, İlham da ölə bilərdi”.

Onu da əlavə edək ki, icra başçısı Asif Əsgərov qəza baş verən gün Bakıda yox, xaricdə olub. O, yalnız hadisədən sonra Azərbaycana qayıdıb.

Bəylər Məmişov məhkəmənin əlavə ekspertiza qərarından sonra Maqsud Mirzəyevin “Asif Əsgərov 1 milyon pul verib” ittihamına da cavab verib: “Bu gün hələ ki, məhkəmə araşdırması davam edir. Ekspertizanın təyin edilməsi sübutların araşdırılmasının bir növüdür. Bu da onu göstərir ki, məhkəmə işin tam ədalətli formada araşdırılmasına çalışır. Nə Əhliman Süleymanov, nə də İlham Əsgərli haqda yekun qərar verilib. Belə olan halda Maqsud Mirzəyevin bu ittihamı məhkəməyə təzyiqdir. Bu hətta şantaj vasitəsidir. Onun fikirləri ədalət mühakiməsinə təsir vasitəsidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh