İstədilər yaxşı olsun, pis və baha oldu – "Baku Bus"un yaratdığı AVTOBUS PROBLEMİ

Bir müddət əvvəl həm "BakuBus" avtobuslarının xəttə daxil edilməsi, həm də əvvəlki avtobusların marşrut xətlərində yenilənmələrin olması bəzi avtobusların yolunu tamamilə dəyişdi. Bu dəyişiklik isə bəzi sərnişinlərin işini çətinləşdirib, xərcini çoxaldıb.
Belə ki, əvvəllər Binəqədi qəsəbəsi, "kənd Binəqədi" adlanan yerdən "Neftçilər" metrosu yaxınlığına gedən 125 nömrəli marşrut avtobus artıq xətdən çıxarılıb. Sonuncu dayanacağı "Neftçilər" metrostansiyası olan bu avtobusun marşrut xəttinə "Azadlıq", "Koroğlu", "Qara Qarayev" metroları da daxil idi.
Artıq həmin avtobusun xətdən çıxarılması adıçəkilən ərazidə yaşayan və "Neftçilər" metrosu yaxınlığında işləyənlərin yol xərcini ikiqat artırıb. Belə ki, onlar artıq həmin metrolardan birinə getmək üçün ya iki avtobus dəyişməli, ya da mütləq metrodan istifadə etməlidirlər. Bu da həm əlavə vaxt itkisinə, həm də yol xərcinin iki dəfə artmasına gətirib çıxarır.
Avtosfer.az bildirir ki, Binəqədi kənd sakini Əhməd Cəfərov virtualaz.org saytına açıqlamasında deyib ki, onun iş yeri "Neftçilər" metrosu yaxınlığındadır və hər gün istifadə etdiyi marşrut avtobusunun xətdən çıxarılması yolunu xeyli uzadıb: "Onsuz da çox maaş almırıq, qazandığımızın yarısı da yol puluna gedir. Mənim yaşadığım yerdən birbaşa iş yerimə getmək üçün ən azı 2 avtobus dəyişmək lazımdır. Marşrut xətləri dəyişdiriləndə bu hallar niyə nəzərə alınmır?"
Oxşar hal "28 may" metrosu yaxınlığında da yaşanır. Belə ki, əvvəllər adıçəkilən metro yaxınlığından birbaşa "Neftçilər" metrosuna 30 və 49 saylı avtobuslar gedirdisə, indi onların hər iki xətdən çıxarılıb. Artıq həmin avtobuslar yalnız "Xətai" metrosundan "Neftçilər"ə gedir. Bu avtobuslara minmək üçün isə sərnişinlər ya metro ilə, ya da "28 may" yaxınlığındakı avtobuslardan biri ilə "Xətai"yə getməlidir. Bu da yenidən ikiqat yolxərcidir.
Təbii ki, sərnişinlər "28 may" stansiyasından "Neftçilər"ə metro ilə də gedə bilər. Amma onların sözlərinə görə, elə adam var ki, evi həmin avtobusun keçdiyi yolun üstündədir, metroya yaxın deyil. Yəni sərnişin "Neftçilər" metrosuna qədər metro ilə getsə belə oradan evinə getmək üçün yenə avtobusa minməlidir.
Ekspert Azər Allahverənovun fikrincə isə əhalinin sıx məskunlaşdığı massivlərdə yaşayan sakinlər bəzi avtobusların bərpası üçün müraciətlər etməlidir: "İstənilən halda xəttə yeni "BakuBus" avtobusların buraxılması müsbət haldır ki, bu da sərnişinlərə daha rahat və yüksək xidmət göstərilməsi üçün vacibdir. Bəzi avtobusların xətdən çıxarılması və sərnişinlərin yolunun uzanması da aktual məsələdir. Elə massivlər var ki, orada əhali kifayət qədər sıx yaşayır. Həmin insanlar əvvəllər şəhərə bir avtobusla gələ bilirdisə, indi bundan məhrum olublar. Ona görə də onlar qrup halında müraciətlər etməlidir ki, müvafiq qurumlar da problemin vacibliyini anlasın. Müvafiq tədbirlər görsün".














