“Maşının boğazına ipi salıb gətirirlər...” - USTA HƏYATI - FOTOLAR
Mühərrik düzəltmək Sahil Ağabəylinin ata sənətidir. Məktəbi bitirər-bitirməz bu işə başlayıb. 20 ilə yaxındır “motorist” işləyir. Bu günə qədər düzəltdiyi maşınların sayı - hesabı yoxdu. Deyir, Naxçıvanda yaxşı ustanın sahəsi olmaz: “Bir adı var, o da ustadı. Maşının boğazına ipi salıb gətirirlər. Nəyi xarab olursa-olsun, usta düzəltməlidir”.
İlk işi “boğazına ip salınıb gətirilən” “Jiquli”nin mühərriki olub. Deyir, yaxşı “motorist” olmaq üçün bu sənəti sevmək, işlədikcə həzz almaq və ən əsası, səbirli olmaq lazımdır. Hətta elə olub ki, maşındakı problemi tapa bilməyəndə gecə səhərə qədər ustanın gözünə yuxu getməyib. Ta o maşının dərdini tapana qədər. “Maşının ən çətin hissəsi elektron avadanlıqlardır. Demək olar, problemin 30-40 faizini həll edə bilirəm. İndi diaqnostika sistemi var, bütün maşınlar kompüterdən keçir. Qalanını da kompüter tapır. Yanıma əsasən alman və yapon avtomobillərini gətirirlər. İndiki sürücüləri yarı yolda qoyan əsas iki səbəb olur: benzin nasosu və dirsəkli valın (kolenval) sensoru. Kolenvalın sensoru sıradan çıxdısa, getdiyin yerdə maşın sönəcək. Ta maşın soyumayınca mühərrik işə düşən deyil. Benzin nasosunu da keyfiyyətsiz benzinlər sıradan çıxarır.
Bu vaxt fotoqrafımız Ramil dillənir:
- İki ildi dəyişmirəm.
- Nəyi? Benzinin filtrini?
- Hə.
Ustanın gözü kəlləsinə çıxır:
- Vay dədə!
- Mini filtri dəyişmişəm.
- Motorxanadakını?
- Hə.
- Bə altdakını kim dəyişəcək? Gör indi içi nə gündədi?!
Bununla da bitmir. Ramil ustanı təəccübləndirməyə davam edir:
- Desəm inanmayacaqsız, amma bir ildi yağını da dəyişmirəm.
Usta qəhqəhə çəkir:
- Amma üstünə “dabavka” edirəm.
- Nə qədər?
- 10 gündən bir 1 litr.
- Onda düz edirsən, dəyişməyə ehtiyac yoxdu da. Daim yenilənir. Amma yağın filtri mütləq dəyişməlisən.
- Yağın işığı yansa, iki litr əlavə edirəm.
Usta gülür.
- Nə vaxt yağın işığı yansa, bir litr tök, bəs edər.
Anlaşırlar ki, Ramil maşını Sahil ustanın yanına gətirəcək. Sonra usta müştərilərdən birinin başına gəlmiş hadisəni danışır.
- Naxçıvanda bir nəfər su yerinə yağ tökmüşdü. Baxıb ki, su yeri boşdu, yağ töküb həmin yerə. Sonra gəldi yanıma, bütün sistemi yuduq, təmizlədik, getdi.
Söhbətin bu yerində təmirxanaya ... maşın yaxınlaşır.
Usta qollarını çırmalayıb işə başlayır. Yanacaqla problemi varmış. Yanacaq nasosu sökülməlidir. Adətən bu işi usta köməkçilərinə həvalə edir. İstisna hal kimi bu dəfə özü sökür. Usta işə başlayır, biz söhbətə. Usta internetdə yayılmış videosundan danışır.
Sən demə, oğluyla maşında gedərkən yolda yanan maşına rast gəliblər. Sahil usta öz həyatını riskə ataraq müdaxilə edib:
- Adətən maşınlarda yanğına kondisioner səbəb olur. Hamı qorxurdu ki, maşın partlayacaq. Kənardan izləyirdilər. Maşının sahibi isə başını əllərinin arasına alıb bardurun üstündə oturub çarəsizlikdən hönkür-hönkür ağlayırdı. Maşınımda neçə kiloluq desəniz yanğınsöndürən balon var. Beş kiloluqla ancaq söndürə bildim. Benzin şlanqı partlamışdı. 200-300 manatlıq ziyan dəymişdi. Söndürməsəydim, 15 minlik maşın yanıb kül olacaqdı. Hər iki əlim yanmışdı.
Ustayla müştərisi qiymətdə razılaşa bilmirlər. Sahil ustanın dediyi qiymət şəkili müştəriyə çox gəlir və sadəcə “salnik”lərin dəyişilməsini istəyir. Usta gülür və:
- Bu şəkili bir də yanıma gələcək.
Yanındakı müxtəlif alətlərə baxır.
- O vaxt belə müasir alətlər hardaydı?! Cəmi 3 alətimiz vardı: çəkic, kəlbətin, yivaçan. Vəssalam! Bu gün nələr yoxdu?!
İkinci maşın gəlir. Həm də evakuatorun belində. Yanacağı bitib, yolda qalıb. Sürücü elə bilib maşın xarab olub, birbaşa üz tutub Sahil ustaya.
- Gəlmişkən yanacaq filtrini dəyişdik. Havasını çıxartdıq, benzin tökdük, işə düşdü. Bir neçə dəqiqədən sonra yenə sönəcək. Tam olaraq nə olduğu bilmək üçün gərək çəni tam doldura.
Danışır ki, bir dəfə mühərrikin içindən pişik çıxıb.
- Sürücü gəldi ki, mühərrikdən qəribə səs gəlir. Özüm oturdum maşına sürdüm. Həqiqətən də səs gəlirdi. Sən demə, qaz verdikcə motor pişiyi dəmirə sıxırmış. O da miyoldayırmış. Mühərriki sökdük ki, nə? İçində diri pişik!
- Qadın müştərilər, yoxsa kişi?
- Qadın! Problemi deyəndə deyirlər, usta, sən nə bilirsən, odu! Amma kişi sürücülər?! Bayaqkı şəkili kimi. Şəkililər tərsdilər. Naxçıvanlı olduğum üçün demirəm ha, oranın müştəriləri bir başqadı! Naxçıvanlı deyəcək ki, usta, nə lazımdırsa, elə. Gəlib pulunu verəcəm. Bəlkə də imkanlıdılar, ondandı (gülür).
- Deyirlər, ustalar yalançı olur...
- Gülür. Elə deyirlər. Amma mən elə deyiləm. Bu günə söz vermişəmsə, bu gün də düzəldəcəm. Çox ustalar elədi. Özüm də onlardan narazıyam. İki saata söz vermişəmsə, uzaq başı üç saat çəkər. Amma söz verdiyimi həmin günü edirəm. Onlar 10 gün deyirlər, işi 1 aya təhvil verirlər.
- Maşınınız evakuatora minib?
- (Gülür). Yooo. İndiyə qədər 1 milyondan çox maşın təmir etmiş olaram. Demək olar, bütün Bakı məni tanıyır. Məni də, maşınımı da. Nola, bir dəqiqəlik namünasib yerdə maşını saxlayam. Dərhal şəklini çəkib atırlar özümə.
- Harasa gedirsiniz. Yolda xarab olmuş maşın var. Gözünüzü yumub yanından ötürsünüz, yoxsa?
- Heç vaxt! Maşınımın arxasında təmir üçün nə desəniz var. Yolda qalanlara təmənnasız kömək edirəm.
Ustanın başını söhbətə qatmışıq, maşın təmirxanada ard-arda düzülüb. Sahil usta başını qaldırıb, baxır.
- Baaa, bura dolub ki?!
- Hər gün belə olur?
- Yox e, ara verdim axı... Bir-bir yola salsaydım, burda heç kim olmazdı.
Başımı qaldırıram ki, ustanın şagirdləri və müştərilər biz tərəfə baxırlar. Usta bizimlə sağollaşıb mazutlu əlcəklərini təkrar əlinə geyinir...