Banner

Maşınları səkiyə dırmaşdıran sürücülər və mədəniyyət problemi - FOTOLAR

Yazarlar 12 Aprel 2015 21:50 Oxunub 2874
Maşınları səkiyə dırmaşdıran sürücülər və mədəniyyət problemi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Yolun sol tərəfində parkomat var, sürücülər isə yolun sağındakı səkiləri zəbt edirlər

 

«Bu sürücülərin ucbatından küçədə rahat hərəkət edə bilmirik, belələrinə ən ağır cəza verilməlidir» 

 

Bakıda piyada olmaq üçün gərək əsəblərinə hakim olmağı da bacarasan. Çünki küçələrdə piyadalar üçün nəzərdə tutulmuş səkilərdə yerimək üçün xüsusi bacarıq tələb olunur. Avtomobil sürücülərinin “insaflı” davranaraq, piyadalar üçün saxladıqları 10 santimetrlik yerdən keçməyi bacarmaq lazımdır. 

Bakıda təmir getməyən gün yoxdur. Yollar yenilənir, piyadalar üçün nəzərdə tutulmuş səkilər təmir edilir, yeni daş örtüklər düzülür. Bu təmir proseslərində səhvlər də az deyil. Amma bizim bu gün toxunacağımız problem səkilərlə, daha doğrusu, səkilərin avtomobillər tərəfindən zəbt edilməsi ilə bağlıdır. 

Avtomobillərin səkilərdə saxlanması Bakının ciddi problemidir. Piyada yeriməkdən qurtulmaq üçün kreditlə, borcla və ya nağd şəkildə alınan maşınlar, digər piyadaların hərəkətinə mane olur. Maraqlısı da budur. Vaxtı ilə piyada olub, eyni problemləri yaşayanlar, avtomobil alıb, digərlərinə eyni problemi yaşadırlar. Bəzi sürücülər avtomobillərini səkilərdə saxlamaqla heç bir qeyri-qanuni hərəkətə yol vermədiklərini düşünürlər. Hesab edirlər ki, piyadalar üçün olan səkilər, həm də sürücülərin dayanacaq yeridir. Pulsuz, rahat bir dayanacaq...

Şəhərin demək olar ki, bütün küçələrində eyni vəziyyət yaşanır. Sürücülər dayanacaqlara pul verməmək üçün bu yola əl atırlar. Milyonlar xərclənərək yollar təmir edilir, dayanacaqlar tikilir. Amma bəzi sürücülər bu xırda mədəniyyətə sahib deyillər. 

Sürücülər sadəcə, piyada yolunu deyil, avtomobil yolunu da qapadırlar. Dayanmağın qadağan edildiyi, sadəcə hərəkət üçün nəzərdə tutulmuş ensiz küçələr bəzi sürücülər üçün pulsuz dayanacağa çevrilib. Buna görə də, normalda iki avtomobilin rahat şəkildə keçə biləcəyi yollar, tək yola çevrilir və tıxaclar əmələ gəlir. Bu tipli sürücülərlə mübarizə apara bilmədiyi üçün ötən ilin may ayından etibarən Bakının demək olar ki, əksər küçələrinə, hətta ara məhəllələrə belə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən parkomatlar quraşdırılıb. Bir zamanlar kimlərinsə cibinə gedən dayanacaq pulları, indi BŞİH-nə gedir. Bəli, Avropa ölkələrinə nisbətən yüksək tariflər müəyyən edilib. Amma bu, bəhanə deyil. 

Dövlət büdcəsi hesabına tikilən avtodayanacaqlar da bir işə yaramır. Hansı ki, bu dayanacaqların bəzilərində qiymətlər elə də yüksək deyil. Sürücülər gedəcəyi yerə yaxın, rahat olsun deyə, maşınlarını harada gəldi, saxlamaqda davam edirlər. 

Bəzən sürücülər paytaxt Bakıda yetərincə avtomobil dayanacağının olmadığını deyirlər. 

Bu gün sizlərə bu kimi bəhanələrin keçərli olmadığı ərazilərdəki dayanacaq problemlərini göstərəcəyik. Misal üçün Səbail rayonu, Lev Tolstoy küçəsi... Adını çəkdiyimiz küçədə, parkomat var. Həmin küçəyə yaxın ərazidə 3 avtomobil dayanacağı mövcuddur. Amma yenə də səkilərə dırmaşmış avtomobillər, piyadaların yolunu kəsir.  Yolun sol tərəfində parkomat var. Amma sürücülər yolun sağındakı səkiləri tərcih ediblər. 

Dayanacaqda olan nəzarətçi bunun ona heç bir aidiyyatı olmadığını dedi: "Mən icazəli hissəyə baxıram. Parkomat da var. Gördüyünüz kimi, normal şəkildədir. Səkidə maşın saxlayan sürücüyə nəsə demək, mənim işim deyil". 

Bəli, onun işi deyil. Buna dövlətin yol polisləri nəzarət etməlidirlər. Yəqin bu küçələrdə uzun müddətdir ki, davam edən özbaşınalıq onların gözündən yayınıb. Ümid edirik ki, bu yazımızdan sonra hansısa tədbir görüləcək. 

Keçək növbəti küçəyə... Səbail rayonu, Əjdər İbrahimov küçəsində də vəziyyət eynidir. Burada avtomobillərin tez-tez səkiləri zəbt etməsi açıq-aşkar hiss edilir. Çünki yenicə təmir edilmiş, bahalı daşlar ilə döşənmiş səkilər məhv edilmişdi. Bu daşlar təbii ki, bu qədər çəkiyə malik maşınları öz üzərində saxlaya bilməz. Onlar yerə döşənən zaman səkilərə dırmaşan sürücüləri nəzərə almayıblar. Eyni rayon ərazisində daha bir küçə, Qoqol küçəsi... Bu küçədə də vəziyyət eynidir. Dəyişən bir şey yoxdur. 

Çəkiliş zamanı qarşımıza çıxan bir neçə şəhər sakini ilə söhbətləşdik. Tamara Əliyeva deyir ki, belə sürücüləri ağır şəkildə cəzalandırmaq lazımdır: "Oğlum, mən yaşlı qadınam. Bu sürücülərə görə küçədə rahat hərəkət edə bilmirik. Yolun sağını da, solunu da zəbt ediblər. Maşını saxlayırlar, səkinin düz üstündə... Məcbursan ki, avtomobil yolu ilə gedəsən. Onda da digər sürücülər siqnal verirlər, yol istəyirlər. Hətta burada belə vəziyyətə görə piyadanı maşın da vurub. Bu kimi tərbiyəsiz sürücülərə ən ağır cəzanı vermək lazımdır. Bu da pul və maşınını bir müddətlik də olsa, əlindən almaq cəzası olmalıdır. Piyada gəzər, görər ki, insanlar necə əziyyət çəkirlər". 

Vasif Qədirov da belə sürücülərdən narazıdır: "Yerlərimiz dəyişib. Piyadalar maşın yolu, avtomobillər isə piyada yolu ilə hərəkət edirlər. Belə şey olar? Küçədə yerimək olmur. Onsuz da Bakıda maşın çoxdur. Kasıbın da varıdır, varlının da... Bizim bəzi insanlarımız çox mədəniyyətsizdirlər. Həm də həddindən artıq dərəcədə... Özü illərlə piyada gəzir. Görür ki, səkilərin zəbt edilməsi, piyadalara yol verilməməsi bizim üçün böyük problemdir. Bundan qurtulmaq üçün kreditlə maşın alır. Sonra da eyni mədəniyyətsizli özü də edir".

Ümid edirik ki, bu yazımızın bir nəticəsi olacaq. Həm belə sürücülər cəzalanacaq, həm də digərləri bir az anlayışlı olacaqlar. Yeraltı dayanacaqda maşınlarını saxlayıb, 50 metr piyada gedərək, həm yollarda sıxlıq yaratmazlar, həm də özləri üçün bir idman etmiş olarlar. 

 

Müsavat.com

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh