Nəqliyyat Nazirliyi ləğv olunur?
Dekabrın 21-də Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb. Agentliyə tapşırılıb ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görsün. Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilib. Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilib. Daxili İşlər Nazirliyinə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma zamanı sərnişin və baqaj daşınması qaydalarını pozan şəxslər barəsində tədbir görülməsində Agentliyə kömək göstərmək, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunmasına nəzarəti gücləndirmək, Bakı Şəhər İcra Hakimiyyətinə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün Agentlik tərəfindən dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi, habelə nəqliyyat qovşaqlarının yaradılması üçün müvafiq yerlərin ayrılmasını təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinə həmçinin prezidentin aktlarının fərmana uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlamaq, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 3 ay müddətində Prezidentə məlumat vermək, habelə Agentliyin fəaliyyətini təkrarlayan və paralel fəaliyyət göstərən qurumların işçilərinin sayının azaldılması ilə əlaqədar tədbirlər görmək, Agentliyi bina ilə təmin etmək, habelə onun fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
Yanvarın 13-də isə ölkə başçısının qərarı ilə Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin Baş direktoru təyin edilib. Kifayət qədər böyük səlahiyyətlər verilən Bakı Nəqliyyat Agentliyinin yaradılmasından sonra Nəqliyyat Nazirliyi hansı funksiyanı daşıyacaq? Nazirlik ləğv oluna bilərmi? Nəqliyyat eksperti Ərşad Hüseynov "Bizim Yol" qəzetinə şərhində bildirdi ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin effektini gələcək göstərəcək. "Hər halda mövcud problemdən çıxış yolu kimi buna əl atılıb və qarşıda da konkret vəzifələr qoyulub. Həmin agentliyin əsasnaməsi var və orada göstərilən fəaliyyətlə məşğul olmalıdırlar. Əsasən də Bakı şəhərində ictimai nəqliyyatın təşkilinə, avtobus dayanacaqlarından tutmuş, avtobus marşurutlarına, sistemlərinə qədər bu qurum müəyyən etməlidir. Qaldı ki, Nəqliyyat Nazirliyinin ləğvinə, bunu nəzərdən keçirmək istəməzdim ki, həmin qurumun yaradılması Nəqliyyat Nazirliyinin ləğvi deməkdir. Çünki həmin agentlik yalnız Bakı şəhəri üçün nəzərdə tutulub. Onun səlahiyyət dairəsi Bakı şəhərindən kənara çıxmır. Həm də yük daşımalarla bağlı fəaliyyət, ona nəzarət hələ də Nəqliyyat Nazirliyinə məxsusdur. Digər funksiyalar da nazirlikdədir. Ona görə hələ ki, Nəqliyyat Nazirliyinin ləğvindən söhbət getmir".
Nəqliyyat eksperti Azər Allahverənov isə bildirdi ki, Bakı Nəqliyyat Agentliyinin yaradılması Bakının nəqliyyat sektorunda bir çox problemlər yaşanmasına görə gündəmə gəldi. "İstər tıxacların olması, ictimai nəqliyyatda sərnişindaşıma ilə bağlı problemlərin yaşanması və bir çox başqa məsələlər vardı ki, onların həlli ayrı-ayrı strukturların səlahiyyətində idi. Məsələn, Nəqliyyat Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və s. Bu səbəbdən təkmilləşdirilmənin aparılması və effektiv idarə etmənin təşkil edilməsi üçün Bakı Nəqliyyat Agentliyinin yaradılması gündəmə gəldi".
A.Allahverənovun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi bilavasitə Bakı şəhərindəki məsələlərə cavabdehdir. Nəqliyyat Nazirliyinin işi isə bütün ölkəni əhatə edir: "Və bu sahədə dövlət siyasətinin həyata keçirilməsində bilavasitə cavabdeh olan qurumdur. Ancaq mövcud vəziyyətlə əlaqədar Bakı üzrə bilavasitə Bakı Nəqliyyat Agentliyi bu siyasəti həyata keçirəcək. Bu baxımdan inanıram ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti kifayət qədər uğurlu olacaqdır. Digər qurumlarla bunu müqayisə etmək istəmirəm. Çünki hər bir qurumun özünəməxsus səlahiyyətləri və funksiyaları var. Bakı Nəqliyyat Agentliyinin funksiyaları və səlahiyyətləri tamamilə yeni bir müstəvidir. Misal üçün, bəzi qurumlar var ki, əvvəldən bu sahədə siyasəti həyata keçirərkən hansısa qərarları aralarında razılaşdırmırdılar, əlaqələndirmirdilər. Ancaq bu gün Bakı şəhərində yol infrastrukturu ilə bağlı qərarlar qəbul olunmamışdan öncə Bakı Nəqliyyat Agentliyi tərəfindən koordinasiya olunacaq".
Ekspertin fikrincə, bu qurumun nə dərəcədə uğurlu işləyəcəyi, hansı məqsədlərə çatacağı, minimum və maksimum proqramlarının nə olacağını təbii ki, zaman göstərəcək: "Bu qurum yaradıldı və rəhbəri də təyin olundu. Həmçinin Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay ərzində normativ sənədlərin qurumun işinə uyğunlaşdırılması, strukturun təsdiq olunması, fəaliyyət planları və digər məsələlər öz həllini tapmalıdır. Bundan sonra isə həmin qurum bilavasitə öz gücü ilə işə başlayanda artıq o dəyişikliklərin nədən ibarət olduğunun şahidi olacağıq".
Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 5 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin yaradılması haqqında" fərmanına əsasən, müəyyən edilir ki, Nəqliyyat Nazirliyi ölkədə avtomobil, dəmir yolu, hava və su nəqliyyatının inkişafı, daxili və beynəlxalq yük daşımalarının tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.