Banner

Piyadanın yolu keçməsi üçün 5 mühüm vəziyyət

Yazarlar 4 Fevral 2015 22:26 Oxunub 12569
Piyadanın yolu keçməsi üçün 5 mühüm vəziyyət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadalar sağ qalmaq və cərimə olunmamaq üçün bu qızıl qaydalara mütləq əməl etməlidirlər

Ötən dəfəki yazımda piyadanın yolboyu necə hərəkət etməli olmasını təhlil etmişdim. Piyadalar üçün yol hərəkətində iştirakın ikinci qaydası yolun bir tərəfindən o biri tərəfinə necə keçmək məsələsidir. Bu məsələ ilə bağlı 5 vəziyyət ola bilər: 

1. Əgər yolda piyadanın gördüyü məsafədə yeraltı və ya yerüstü piyada keçidi varsa, piyada yolun bir tərəfindən o biri tərəfinə yalnız keçidlə keçməlidir. Bunun edilməməsi, yəni piyadanın yolun hərəkət hissəsi ilə bu tərəfdən o biri tərəfə keçməsi istisnasız olaraq (avtomobillərin olub-olmamasından asılı olmayaraq) qayda pozuntusudur. Bu səbəblə baş vermiş qəzada piyada da hər bir halda təqsirkardır.

2. Piyadanın gördüyü məsafədə svetoforla və ya nizamlayıcı polis əməkdaşı tərəfindən tənzimlənən, yol nişanı və nişanlanma xətti (zebr kimi tanıdığımız xətlər) ilə işarələnmiş piyada keçidi varsa, piyada yolu həmin keçidlə, özü də yalnız svetoforun və ya nizamlayıcının siqnalına uyğun olaraq keçməlidir. Əgər avtomobillər üçün yaşıl işıq, piyada üçün qırmızı və ya sarı işıq yanırsa, yolda avtomobilin olub-olmamasından asılı olmayaraq piyada dayanıb gözləməlidir. 

3. Piyadanın gördüyü məsafədə svetoforla tənzimlənməyən piyada keçidi varsa, piyada yolu həmin keçiddən keçməlidir. Belə keçid də yol nişanları və nişanlanma xətti (zebr) ilə işarələnmiş olmalıdır. Piyadalar yadda saxlamalıdırlar ki, belə keçiddə də nəqliyyat vasitəsi hərəkət üstünlüyünə malikdir. Hərəkət qaydalarında aydınca şəkildə yazılıb ki, piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Düzdür, hərəkət qaydalarında belə piyada keçidləri ilə bağlı sürücülərin də üzərinə xüsusi bir vəzifə qoyulur. Qaydalarda deyilir ki, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Bu iki normanını birgə təhlil etdikdə aydın olur ki, piyada nizamlanmayan (yəni svetoforsuz) piyada keçidində nəqliyyat vasitələrinə mane olmamaq və öz təhlükəsizliyini qorumaq şərti ilə yolu keçə bilər. Sürücü isə nizamlanmayan piyada keçidinə yaxınlaşdıqda diqqətli olmalı, piyada varsa, sürəti azaltmalı, hətta lazımdırsa, dayanmalıdır ki, piyada rahat keçib getsin. 

4. Əgər piyadanın görmə məsafəsində hər hansı piyada keçidi yoxdursa, onda piyada yolun bir tərəfindən o biri tərəfinə yolayrıcında da keçə bilər. Amma nəzərə almaq lazımdır ki, belə yerdə də yolun hərəkət hissəsinə piyadanın çıxması həm nəqliyyat vasitələrinə mane olmamaq, həm də öz təhlükəsizliyini qorumaq şərti ilə mümkündür.  Yolayrıcında piyada yolu ən qısa trayektoriya ilə, səki və ya yol çiyni xətti üzrə keçməlidir. Yolayrıcını diaqonal boyu keçmək piyada üçün ən təhlükəli vəziyyətdir. Çünki belə olanda piyada eyni vaxtda bir neçə istiqamətdən nəqliyyat axınının qarşısına çıxır, həm də yolayrıcında olma müddəti daha böyük olur. Qeyd olunan şərtləri pozmaqla yolu keçən piyada qəzaya düşərsə, bu qəzada onun özü də təqsirkar olacaq. 

5. Heç bir yolayrıcının və piyada keçidinin olmadığı yerlərdə piyadaların yolu keçməsi daha təhlükəlidir. Ona görə də buna müstəsna hallarda yol verilməlidir. Qaydalara əsasən, ortasında ayırıcı zolaq və ya sədd olan yolun bir tərəfindən o biri tərəfinə keçmək qəti qadağandır. Digər hallarda isə piyada yolu elə keçməlidir ki, onun keçdiyi yer hər iki istiqamətdən kifayət qədər məsafədən görünsün. Deməli, döngələrdə, yaşıllıqların arxasında, müxtəlif tikililərin arxasında yolu keçməyə heç bir halda yol verilməməlidir. Gecə vaxtı xüsusilə diqqətli olmaq lazımdır. Qaydalara əsasən, yolun işıqlandırılmayan sahəsində piyada keçidi olmayan yerdə görünmə sahəsində yaxınlaşmaqda olan nəqliyyat vasitəsi varsa, piyada heç bir halda yolu keçməməlidir. 

Piyadaların hərəkət qaydalarını yolu keçərkən pozması daha çox yayılmışdır. Piyada vurulma hallarının mütləq əksəriyyəti məhz belə şəraitdə baş verir. Piyada bilməlidirlər ki, “mənə bura lazımdır” deyə yolun bir tərəfindən o biri tərəfinə keçmək son dərəcə təhlükəlidir və ona həyatı bahasına başa gələ bilər. Ona görə də yolu yalnız qaydalarda göstərilən üsullara və şərtlərə riayət etməklə keçmək olar.

Sürücülər isə nəzərə almalıdırlar ki, yolda hərəkət qaydasını pozmuş piyada maneə sayılır. Yol hərəkəti qaydaları isə maneəni görmüş sürücünün qəzanın qarşısını almaq üçün sürəti azaltmalı, hətta lazımdırsa dayanmalı olduğunu təsbit edir. Ona görə də piyada vurma halları araşdırılarkən sürücünün intizamsız piyadanı vurmamaq üçün tədbir görmək imkanına malik olmadığı aydın olarsa, həmin sürücü məsuliyyətə cəlb edilməyəcəkdir. Bu isə kifayət qədər incə, dəqiq, ədalətli və obyektiv araşdırma nəticəsində mümkündür. Ona görə də sürücülərə tövsiyə edirəm ki, intizamsız piyadalardan uzaq olsunlar. Yolun hərəkət hissəsində piyada gördükdə onunla potensial təhlükə kimi davransınlar və belə piyadanın hərəkət hissəsindən çıxıb getməsinə şərait yaratsınlar. İntensiv hərəkət olan çoxzolaqlı yollarda daha diqqətli olmaq lazımdır. Çünki özünü itirmiş və ya hərəkət şəraitinə nəzarəti unutmuş piyadanın yanaşı avtomobilin qarşısından sizin qarşınıza qəflətən çıxması labüd qəza deməkdir. Belə halda sürücü təqsirsiz olsa da, bunun təsdiqinə nail olması çox çətin və üzücü bir proses deməkdir. 

Təsadüfi deyil ki, dünyanın hərəkət mədəniyyəti yüksək olan ölkələrində yolun hərəkət hissəsində piyada göründükdə bütün nəqliyyat axını dayanır ki, həmin məsuliyyətsiz piyada yoldan kənara çıxsın.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Nailə 2 Sentyabr 2019 18:35
Avtobus bus işarəsi yoxdursa, piyada keçidində dura bilərmi